3 il sonra açılan oğurluq

3 il sonra açılan oğurluq

2 Dekabr 2013 15:06
Bəyəndim (0) Bəyənmədim (0)

Kürdəmirdə avtomobil qaçıran və 5322 manat pul oğurlayan iki nəfər şəxs saxlanılıb. Əvvəlcə cinayət törədənlərdən biri ələ keçib və sonra digəri də müəyyən edilib. Belə ki, Fariz Abdullayev rayonun Muradxan kəndində qonaqlıqda olduğu zaman Bakıdan ora gəldiyi taksi xidməti göstərən "Hyundai" markalı minik avtomobilini qaçırıb. Lakin Fariz Abdullayev sərxoş olduğu üçün yolda idarəetməni itirib və avtomobili yoldan çıxaraq aşırıb. O, minik maşınını hadisə yerində qoyaraq, Bakıya qaçıb. APA TV-nin xəbərinə görə, avtomobilin sahibi maşının oğurlanması barədə Kürdəmir rayon Polis Şöbəsinə müraciət edib. Keçirilən tədbirlər zamanı Fariz Abdullayev saxlanılıb. Araşdırma nəticəsində Fariz Abdullayevin 3 il öncə digər bir cinayət işində iştirak etdiyi müəyyənləşib. O, bu cinayəti həmyerlisi Amil Salahovla birgə törətdiyini etiraf edib. Cinayətdə təqsirli bilinən digər şəxs də saxlanılıb. Hər iki şəxs 2010-cu ilin mayında Bakı-Qazax yolunun tikintisini həyata keçirən İtaliyanın "Todini" şirkətinin Kürdəmir rayonundakı ofisindən pul oğurladıqlarını etiraf edib. Onlar pəncərədən ofisə daxil olaraq həmin şirkətə məxsus dəmir seyfdən 5322 manat pul və otaqdan mobil telefon oğurlayıblar. Müstəntiq Hüseyn Mənsimli deyib ki, faktla bağlı Kürdəmir rayon sakinləri Abdullayev Fariz Abbas oğlu və Salahov Amil Durmuş oğlu Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulub. Onların digər cinayətlərdə iştirakın olub olmaması yoxlanılır.

Hadisə Kürdəmir Rayon Polis Şöbəsində araşdırılır