
ANS-in prezidentinin qardaşını öldürənə cəza kəsildi
İsmayıl İsmayılov 4 il 6 ay müddətinə
azadlıqdan məhrum edilib
Tanınmış jurnalist Rafael Mustafayevi avtomobillə
vuran sürücüyə hökm oxunub. Məlumata görə, mayın 13-də Yasamal Rayon
Məhkəməsində İsmayıl İsmayılovun işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin
qərarı ilə İ. İsmayılov 4 il 6 ay müddətinə azadlıqdan, 2 il müddətinə isə
sürücülük hüququndan məhrum edilib.
Qeyd edək ki, məlum hadisə 2010-cu il noyabrın
14-də Bakı şəhəri, Şərifzadə küçəsi, 165 ünvanında qeydə alınıb. İ. İsmayılov
idarə etdiyi, dostu Fərid Əfəndiyevə məxsus maşınla piyadalar Rafael Mustafayev
və Qasım Muradpuru vurub. Nəticədə ağır xəsarətlər alan piyadalar sürücüdən
onları xəstəxanaya çatdırmalarını xahiş ediblər. Sürücü əvvəlcə onları maşına
götürsə də, sonradan Z. Kərimov küçəsində ataraq qaçıb. R. Mustafayev orada
dünyasını dəyişib. Q. Muradpur isə sonradan xəstəxanaya yerləşdirilib.
İ. İsmayılovun atası Behbud İsmayılov uzun illər
Respublika Baş Prokurorluğunda çalışıb və məhz məlum hadisədən sonra B.
İsmayılov peşmanlıq hissi keçirərək tutduğu vəzifədən azad edilməsi ilə bağlı
ərizə yazıb. B. İsmayılov ərizəsi əsasında işdən azad olunub.
Xatırladaq ki, qəzada ölən R. Mustafayev 1955-ci
ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Neft Kimya Akademiyasını
bitirib. Bir sıra yerli informasiya agentliklərində çalışan R. Mustafayev
Rusiyanın "Kommersant", "Новые Известия" qəzetləri ilə də əməkdaşlıq edib.
2004-cü ildən Rusiyanın "Reqnum" informasiya agentliyinin əməkdaşı olub.
R. Mustafayev ANS Şirkətlər Qrupunun prezidenti
Vahid Mustafayevin böyük qardaşıdır.
İstər-istəməz düşünürsən, harınlamış insanların ərköyün balaları neçə-neçə kasıbın qanını batırıblar...
Günel Həbib
O.M.