Fransadakı muzeydən Salvador Dalinin hazırladığı "Apokalipsis" kitabının bürünc üzlüyü oğurlanıb

Fransadakı muzeydən Salvador Dalinin hazırladığı "Apokalipsis" kitabının bürünc üzlüyü oğurlanıb

14:18
Bəyəndim (1) Bəyənmədim (0)

Naməlum şəxslər Fransanın İssuar şəhərindəki özəl müasir incəsənət mərkəzindən Salvador Dalinin müəllifi olduğu "Apokalipsis" kitabının 150 kiloqramlıq bürünc üzlüyünü oğurlayıblar. Oxuməni.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.

Oğurluq oktyabrın 4-dən 5-nə keçən gecə baş verib. Hadisəni Klermon-Ferran prokurorluğu da təsdiqləyib.

Kitab İohannın "Vəhy" (Apokalipsis) kitabına əsaslanır. Onun yaradılması ideyası 1958-ci ildə bədii naşir Jozef Foreyə məxsusdur; əsər üzərində XX əsrin 14 rəssamı və yazıçısı işləyib. Kitabın mətni nəhəng perqament vərəqlərində əllə yazılıb. Fransa mətbuatında dərc olunan xəbərlərdən kitabın özünün, yoxsa yalnız üzlüyünün oğurlandığı tam aydın deyil.

Salvador Dali kitab üçün qızıl və qiymətli daşlarla bəzədilmiş bürünc üzlük hazırlayıb. Onun çəkisi 150 kq olub. Kitabın ümumi çəkisi isə 210 kq-dır. Oğruların belə ağır bir əşyanı necə hiss etdirilmədən çıxara bildikləri hələ də müəmmalıdır.

Kitab 1961-1972-ci illər arasında yüzdən çox muzeydə nümayiş etdirilib, daha sonra İsveçrədə saxlanılıb. 2003-cü ildə onu kolleksiyaçı və restavrator Kristian Karutsos alıb və o vaxtdan bəri kitab İssuarda saxlanılırdı.

Kitabın o vaxt hansı qiymətə alındığı açıqlanmır, lakin Karutsos AFP-yə bildirib ki, yaradıldığı dövrdə kitab 2 milyon frank (4089088,20 manat) dəyərində qiymətləndirilib və bu, onu dünyanın ən bahalı kitabı edib.

Almaz Həsənli