Cənubi Koreyanın Pxontek şəhərində əcnəbilərin iştirakı ilə kütləvi dava baş verib

Cənubi Koreyanın Pxontek şəhərində əcnəbilərin iştirakı ilə kütləvi dava baş verib

15:07
Bəyəndim (1) Bəyənmədim (0)

Cənubi Koreyanın Pxontek şəhərində əcnəbilərin iştirakı ilə kütləvi dava baş verib. Saxlanılanlar arasında Qırğızıstan vətəndaşı da var.

Oxuməni.az xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi yerli polisə istinadən məlumat yayıb.

Hadisə gecə saat 23:40 radələrində yaşayış massivindəki uşaq parkında baş verib. Müşahidə kameralarının görüntülərinə əsasən, polis davada təxminən 15 nəfərin iştirak etdiyini ehtimal edir; halbuki şahidlər əvvəlcə iştirakçıların sayının 40-a çatdığını bildirmişdilər. Bəzi şəxslərin əlində dəyənəklər olub.

Polis hadisə yerini tərk etməyə çalışan iki kişini – Qırğızıstan və Rusiya vətəndaşlarını (yaşları 20 ilə 29 arasındadır) saxlayıb. Hər iki şəxs, o cümlədən sümük sınıqları daxil olmaqla, müxtəlif xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Polisin məlumatına görə, onlar ölkədə qanuni əsaslarla olublar.

Saxlanılan şəxslər davada iştirak etdiklərini inkar edir və küçədə gedərkən hücuma məruz qaldıqlarını iddia edirlər.

"The Korea Times" qəzetinin məlumatına görə, polisin ilkin araşdırmaları hadisənin iki fərqli ölkə vətəndaşlarından ibarət qruplar arasındakı münaqişədən qaynaqlana biləcəyini göstərir. Bununla belə, digər iştirakçıların şəxsiyyəti və vətəndaşlığı hələ müəyyən edilməyib.

Hazırda polis müşahidə kameralarının görüntülərini təhlil edir və hadisə yerindən qaçan digər iştirakçıları axtarır.

Əziz MUSTAFA