Qətlidə şübhəli bilinən dəniz piyadası
Yaponiyada baş verən ağır cinayət ölkədə və beynəlxalq mediada böyük rezonans doğurub. Yerli qadının qətlində şübhəli bilinən ABŞ hərbi dəniz piyadasının saxlanılması rəsmi Tokioda və cəmiyyətdə sərt etirazlara səbəb olub. Polisin məlumatına görө, Okinavada yerləşən otellərin birində yerli sakin olan qadının meyiti aşkar edilib. Aparılan ilkin araşdırmalar və istintaq tədbirləri nəticəsində məlum olub ki, 20 yaşlı ABŞ hərbi dəniz piyadası həmin qadını boğaraq qətlə yetirib və onun şəxsi əşyalarını oğurlayıb. Faktla bağlı dərhal əməliyyat-axtarış tədbirləri başlayıb və ABŞ əsgəri yapon hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Bu hadisə cəmiyyətdə dərin sarsıntı yaradıb. Hadisədən dərhal sonra Yaponiyanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı ABŞ tərəfinə sərt etirazını bildirib və Birləşmiş Ştatların Tokiodakı səfiri XİN-ə çağırılaraq rəsmi narazılıq ifadə olunub. Okinavanın yeni seçilmiş qubernatoru Genta Koja baş verənləri "mütləq bağışlanmaz və qəbuledilməz" adlandıraraq, ABŞ ordusunun bölgədəki intizam tədbirlərinin tamamilə iflasa uğradığını vurğulayıb: "Bu hadisə onsuz da illərdir ABŞ bazalarının qonşuluğunda yaşamaq məcburiyyətində qalan okinavalılarda böyük qorxu və şok yaradıb. Hərbi qulluqçular arasındakı intizam və təhsil sisteminin ümumiyyətlə işləmədiyini açıq görürük". Xatırladaq ki, Okinava adası uzun illərdir ki, ABŞ-nin Yaponiyadakı hərbi qüvvələrinin əsas hissəsinə ev sahibliyi edir. Lakin bölgədə zaman-zaman amerikalı hərbçilərin törөtdiyi cinayətlər yerli əhalinin etirazlarına və ABŞ bazalarının adadan köçürülməsi tələblərinə səbəb olur. Bu son qətl hadisəsinin iki ölkə arasındakı hərbi-siyasi münasibətlərə və bazaların təhlükəsizlik rejiminə necə təsir edəcəyi yaxın günlərdə ictimaiyyətin diqqət mərkəzində olacaq.
Şahmurad


.jpg)











.jpg)














































































