Andlılar məhkəməsi keçmiş banda liderini reper Tupak Şakurun qətlində təqsirli bilib

Andlılar məhkəməsi keçmiş banda liderini reper Tupak Şakurun qətlində təqsirli bilib

15:14
Bəyəndim (1) Bəyənmədim (0)

Las-Veqasda andlılar məhkəməsi 63 yaşlı Dueyn «Kiffi Di» Devisi 1996-cı ildə hip-hop ulduzu Tupak Şakurun (2Pac) öldürülməsində təqsirli bilib. Daha əvvəl Devis reperin qətlə yetirilməsini təşkil etməkdə ittiham olunmuşdu. Oxuməni. az xəbər verir ki, bu barədə BBC-nin Rus Xidməti məlumat yayıb.

Qətldə birinci dərəcəli təqsirli bilinən və cinayətin törədilməsində odlu silahdan istifadə etməkdə ittiham olunan Devisi şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzası gözləyir. Hökm oktyabrın 13-də elan ediləcək.

Məhkəmə prosesi zamanı günahsız olduğunu israr edən Devis qərardan apellyasiya şikayəti verməyi planlaşdırdığını bildirib.

İstintaq musiqiçinin öldürüldüyü tapançadan konkret olaraq kimin atəş açdığını müəyyən edə bilməyib. Lakin Nevada ştatının qanunlarına əsasən, Devis özü atəş açmasa belə, qətldə məhkum edilə bilər.

Andlılar hökmü elan etməzdən əvvəl təxminən üç saat müşavirə keçiriblər. Hökm oxunduqdan sonra Şakurun bacısı Sekiva göz yaşlarına boğulub və prokurorları qucaqlayıb. Məhkəmə iclasında iştirak edən Devisin oğlu isə əli ilə üzünü örtüb.

Tupak Şakur 1996-cı il sentyabrın 7-də Las-Veqasda güllələnib. O, musiqi maqnatı Marion «Şuq» Nayt ilə birlikdə çıxış etməli olduğu 662 klubuna gedirdi. Svetoforda Şakur və Naytın olduğu qara BMW-nin yanında ağ rəngli Cadillac dayanıb və avtomobildən dörd dəfə atəş açılıb. Reper aldığı güllə yaralarından sentyabrın 13-də vəfat edib, Nayt isə sağ qalıb.

Tupakın qətli iki cinayətkar dəstə — South Side Compton Crips və Mob Piru Bloods arasındakı rəqabət fonunda baş verib. Nayta məxsus olan və Tupakın müqavilə əsasında çalışdığı Death Row Records leyblı sonuncu dəstə ilə əlaqəli idi. South Side Compton Crips dəstəsinin liderlərindən biri isə Dueyn «Kiffi Di» Devis olub.

Devis 2023-cü ildə Tupakın qətlinin təşkilində ittiham edilib. Bu, Devisin reperin qətlinin bəzi təfərrüatlarından bəhs etdiyi memuarlarını dərc etməsindən sonra baş verib. Kitabda Devisin reperə atəş açılan avtomobildə olduğu və qətldə istifadə edilən tapançanı məhz onun atəş açan şəxsə verdiyi qeyd olunurdu.

Sonradan Devis memuarlarında yazılanlardan uzaqlaşmağa çalışıb. O, kitabı özü yazmadığını və bəzi hissələrin daha çox nüsxə satmaq məqsədilə uydurulduğunu bildirib.

İstintaqın versiyasına görə, Şakurun qətli reperin və onun ətrafındakı şəxslərin Las-Veqasdakı kazinolardan birində Devisin qardaşı oğlu Orlando Andersonu döyməsinə görə qisas məqsədi daşıyıb. Prokurorların iddiasına görə, qardaşı oğlunun döyülməsinin cavabsız qala bilməyəcəyini düşünən Devis Şakura qarşı hücumu planlaşdırıb.

Almaz Həsənli