"Texnikabank"ın filial müdiri həbsdə infarkt keçirdi

"Texnikabank"ın filial müdiri həbsdə infarkt keçirdi

25 Aprel 2013 13:54
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə "Texnikabank" idarə heyətinin sabiq sədri Samir Hüseynov, bankın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev, idarə heyətinin sabiq sədr müavini Nicat Abdullayev, Yasamal filialının sabiq müdiri Azər Cəfərli, filialın sabiq müdir müavini Elnur Seyidov, Abşeron filialının sabiq sədri Zülfüqar Zülfüqarlı, bankın paytaxt filialının sabiq müdiri İlham Bahadurov, Xəzər filialının sabiq müdiri Natiq Cəfərli və bankın daha 17 nəfər əməkdaşı barədə cinayət işi üzrə davam etməli olan məhkəmə prosesi qeyri müəyyən vaxta təxirə salınıb.
Prosesin təxirə salınmasına "Texnikabank"ın Yasamal filialının sabiq müdiri Azər Cəfərlinin istintaq təcridxanasında infarkt keçirməsi səbəb olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə "bizimyol.info"ya vəkil Əsabəli Mustafayev məlumat verib. Vəkil A.Cəfərlinin Pentensiar Xidmətin Müalicə Müəssisinə yerləşdirildiyi bildirib.
Vəki Elnur Seyidovun da səhhətinin kritik olduğunu dedi: "Biz bunu dəfələrlə hakimin diqqətinə çatdırmışıq. Bu gün də prosesdə Elnur Seyidovun səhhəti ilə bağlı vəsadətlə çıxış etməyi nəzərdə tutmuşduq. Prosesin təxirə salınmağına baxmayaraq vəkil həmkarım Fəxrəddin Mehdiyev hakimlə görüşərək vəziyyəti ona izah edib. Biz bir daha təkrar edirik. Elnur Seyidovun səhhətində ciddi problemlər var və onun həyatı təhlükə altındadır. Bunun məsuliyyətini isə onu həbs etdirənlər və həbsdə saxlayanlar daşıyır. Onlar E.Seyidovun təhlükəsizliyinə və həyatına cavabdehdirlər", - deyə vəkil qeyd etdi.
Qeyd edək ki, aprelin 17-də keçirilən məhkəmə prosesində hakim təqsirləndirilən şəxs İlham Bahadurova sərbəst ifadə verməyi təklif etmişdi. Amma səhhətində problem olduğunu, qan təzyiqinin qalxdığını deyən İ.Bahadurov növbəti proseslərdə sərbəst ifadə verəcəyini bildirmişdi. Xatırladaq ki, məhkəmə bir müddət əvvəl bankın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyevi xəstəliyi ilə əlaqədar həbsdən buraxıb. Onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
Xatırladaq ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.
Onu da xatırladaq ki, Elnur Seyidov AXCP sədri Əli Kərimlinin qayınıdır.

O.M.