İtaliyada muzeydən Renuar, Sezann və Matissin əsərləri oğurlanıb

İtaliyada muzeydən Renuar, Sezann və Matissin əsərləri oğurlanıb

11:08
Bəyəndim (1) Bəyənmədim (0)

Parma yaxınlığındakı Maqnyani-Rokka Fondu özəl muzeyindən üç məşhur impressionistin rəsm əsəri oğurlanıb. Oxuməni.az xəbər verir ki, polis nümayəndəsi AFP agentliyinə İtaliya mediasında bazar günü yayılan oğurluq xəbərini təsdiqləyib. Onların məlumatına görə, soyğun bir həftə əvvəl - martın 22-dən 23-nə keçən gecə törədilib.

Pyer Oqyust Renuarın "Balıqlar" adlı son əsəri, Pol Sezannın karandaş və akvarellə çəkilmiş "Albalı ilə natürmort"u və Anri Matissin "Terrasda odaliska" akvareli oğurlanıb.

Bildirilir ki, üzlərini başlıqlarla gizlədən oğrular giriş qapısını sındıraraq üç dəqiqə ərzində rəsm əsərləri ilə birlikdə bağdan qaçıblar. Maqnyani-Rokka Fondu bunun planlı cinayət olduğunu və "video müşahidə sistemi, polis və mühafizənin operativ müdaxiləsi sayəsində daha irəli getmədiyini" bildirib. Oğurlanan əşyaların təxmini dəyəri milyonlarla avro ilə qiymətləndirilir. İstintaq davam edir.

Sənət tənqidçisi və kolleksiyaçı Luici Maqnyaninin adını daşıyan fond onun Tisian, Dürer, Rubens və Qoyyanın əsərlərinin də daxil olduğu rəsm əsərləri kolleksiyasını saxlayır. Bu özəl muzey İtaliyanın ən əhəmiyyətli sənət kolleksiyalarından biri hesab olunur.

Almaz Həsənli