Bloqer Hüseyn Həsənovun işi Moskva prokurorluğuna göndərilib
Rusiyanı tərk etmiş azərbaycanəsilli bloqer Hüseyn Həsənovla bağlı cinayət işi Moskva Cənub İnzibati Dairəsinin prokurorluğuna daxil olub. Oxuməni.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Moskva prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Nəzarət orqanından verilən məlumata görə, iş üzrə ilkin istintaq başa çatıb. Həsənova qanunsuz yolla əldə edilmiş külli miqdarda pulun leqallaşdırılması ittihamı qiyabi olaraq irəli sürülüb. Məhkəmə onun barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçib, bloqer isə axtarışa verilib.
İstintaq müəyyən edib ki, fərdi sahibkar olan Həsənov real gəlirini gizlədib və Rusiya büdcəsinə 170 milyon rubldan çox vergi ödəməyib.
Qeyd olunur ki, cinayət yolu ilə əldə edilmiş pullara qanuni görünüş vermək məqsədi ilə bloqer bir sıra maliyyə əməliyyatları aparıb və 1-ci Krasnogvardeyski keçidində daşınmaz əmlakın alqı-satqısı üzrə müqavilə bağlayıb. Müqavilənin ümumi məbləği 68 milyon rubldan (təxminən 1.5 milyon manat.-red.) çox olub.
Yanvar ayının əvvəlində Həsənovun daha bir borcu aşkar edilib: şəxsi sahibkarlığı üzrə onun 61 min rubldan (təxminən 1361 manat.-red.) çox borcu var.
Avqust ayında Federal Vergi Xidməti şəxsi inkişaf kurslarının satışı üçün qeydiyyatdan keçirilmiş bloqerin "Banda" MMC şirkətini ləğv edib. "Zvezdaç" Telegram-kanalının məlumatına görə, şirkətin hüquqi ünvanı və vəzifəli şəxslər haqqında məlumatlar etibarsız olub. Şirkətin hesabları ləğv edildikdən sonra bloklanıb.
Sentyabrda Federal Vergi Xidməti Həsənovun son şirkəti olan "Banda Foods"u ləğv edib. Bu şirkət 2023-cü ildə rolların istehsalı üçün yaradılmışdı. Şirkət mənfəət gətirməyib və borcu təxminən 800 min rubl (təxminən 17852 manat.-red.) təşkil edib. Həsənov borcu ödəməli olsa da, Rusiya ərazisini tərk edib.
Almaz Həsənli






























































































