
Kazan məhkəməsi İsus Xristosu cərimələdi
Rusiyda Kazan Məhkəməsi əcnəbilərin qondarma qeydiyyatına görə məsuliyyətə cəlb edilən İsus Petroviç Xristos adlı yerli sakinin işi üzrə qərar çıxarıb. Bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.
Qəzetin yazdığına görə, həmin şəxs öz mənzilinə qondarma 50 əcnəbini qeydiyyata salıb.
Prokuror təqsirləndirilən şəxs üçün 110 min rubl (Təx.2341 manat-red.) cərimə istəyib. Lakin vəkil İsus Xristosun ikinci qrup əlil olduğu üçün məbləğin azaldılmasını istəyib.
Nəticədə həmin şəxs əcnəbilərin saxta qeydiyyatı maddəsi ilə təqsirli bilinib. Məhkəmə onu 13 min rubl (Təx.277 manat-red.) cərimələyib.
Bu, İsus Xristos üçün ikinci cərimədir. Bu ilin may ayında məhkəmə icraçıları onun əcnəbiləri qeydiyyata aldığı mənzilə daxil olmağa çalışsalar da, kişi onları içəri buraxmayıb. Sonra FSSP əməkdaşları onu girişdə gözləmək qərarına gəliblər. Xristos mağazaya gedərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
O, məhkəmə icraçılarının işinə mane olduğu üçün 60 min rubl (Təx.1277 manat-red.) cərimə olunub.
Almaz Həsənli