Azərbaycanda 12 martın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 63 cinayət faktı qeydə alınmış, onların da 27-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.
Şəmkir rayonunun Muxtariyyət kənd sakini Mahir İsayevə bıçaqla xəsarət yetirib ölümünə səbəb olmuş Yuriy Saurin hadisə yerindən qaçmışdır
12.03.2013
Martın 12-də Şəmkir rayonunun Muxtariyyət kəndi ərazisində, kənd sakini Yuriy Saurin münaqişə zəminində həmkəndlisi Mahir İsayevə bıçaqla xəsarət yetirib, hadisə yerindən qaçmışdır. M.İsayev xəstəxanaya aparılarkən yolda ölmüşdür. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri RPŞ tərəfindən aparılır.
Şəki şəhər sakini Vüqar Rüstəmova bıçaqla xəsarət yetirmiş Ruzi Bayramov tutulmuşdur
12.03.2013
Martın 12-də Şəki şəhəri ərazisindən, şəhər sakini Vüqar Rüstəmov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir. ŞRPŞ və RMŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəhər sakini Ruzi Bayramov tutulmuşdur.
Bərdə rayon sakini Nofəl Cəfərova bıçaqla xəsarət yetirmiş Şahin Qurbanov tutulmuşdur
12.03.2013
Martın 12-də Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində, qəsəbə sakini Şahin Qurbanov münaqişə zəminində Bərdə rayon sakini Nofəl Cəfərova bıçaqla xəsarət yetirmişdir. Ş.Qurbanov Sumqayıt ŞPİ 2-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.
Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
12.03.2013
Martın 12-də saat 00.15 radələrində Bakının Nizami rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla həmyerlisi Ərşad Əliyev vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi
12.03.2013
Martın 12-də saat 21.20 radələrində Nərimanov rayonu ərazisində, Biləsuvar rayon sakini Rəşad Məmmədovun idarə etdiyi "Mercedes", Bakı şəhər sakini Elşən Əliquliyevin idarə etdiyi "Mercedes" və Abşeron rayon sakini Balakərim Ağayevin idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə, R.Məmmədovun sərnişini Rahim Mirzalıyev hadisə yerində ölmüş, xəsarət almış hər 3 sürücü və B.Ağayevin sərnişini, onun qardaşı Nadir isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.
Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
12.03.2013
Martın 12-də saat 01.00 radələrində Sabunçu rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla şəhər sakini Tural Əfəndiyev vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Sumqayıt şəhər sakini Nisə Quliyeva əxlaqsızlıq yuvası təşkil etdiyinə və gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılmışdır
12.03.2013
İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonunun Səlim-oba kəndi ərazisindəki "Kosmos" istirahət mərkəzində, Sumqayıt şəhər sakini Nisə Quliyeva əxlaqsızlıq yuvası təşkil etdiyinə və gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılmışdır.
Mağazadan geyim əşyaları oğurlamış Yevlax rayon sakini Anar Qocayev tutulmuşdur
12.03.2013
Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-nə keçən gecə Qobustan qəsəbəsi ərazisində, qəsəbə sakini Zivər Məmmədovaya məxsus mağazadan geyim əşyaları oğurlamış Yevlax rayon sakini Anar Qocayev tutulmuşdur.
Oğurluğa cəhd göstərmiş Bakı şəhər sakini Çingiz Sadıqov tutulmuşdur
12.03.2013
Xəzər RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də Qətibə Zərgərovanın evindən oğurluğa cəhd göstərmiş şəhər sakini Çingiz Sadıqov tutulmuşdur.
Quldurluq etmiş Bakı şəhər sakinləri Əfqan Qurbanov və Raqif Muxtarov tutulmuşlar
12.03.2013
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 18-də Elman İbrahimovanı bıçaq hədələyib, mobil telefonunu ondan almış Bakı şəhər sakinləri Əfqan Qurbanov və Raqif Muxtarov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların martın 11-də şəhər sakini Əli Quliyev ilə birgə İ.Rzaquliyevə bıçaqla xəsarət yetirmələri müəyyən edilmişdir. Ə.Qurbanovdan 5.30 qram marixuana götürülmüşdür.
Sumqayıt şəhər sakini Anar Hüseynovun yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilmişdir
12.03.2013
Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci il noyabrın 13-də Vüsal Ramazanzadənin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "Chevrolet-Lacetti" markalı avtomaşının sürücüsü Sumqayıt şəhər sakini Anar Hüseynov tərəfindən törədilməsi müəyyən edilmişdir.
Oğurluq etmiş Sumqayıt şəhər sakini Natəvan Şamilova tutulmuşdur
12.03.2013
Sabunçu RPİ 13-cü PB 2012-ci il noyabrın 7-də əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mehparə Balaxanovaya məxsus 80 manat pul və şəxsi sənədləri çantasından oğurlamış Sumqayıt şəhər sakini Natəvan Şamilova tutulmuşdur.
Satış məqsədilə saxta əsginaslar vermiş Yevlax rayon sakini Mirdamət Zeynalov tutulmuşdur
12.03.2013
Martın 10-da Göyçay rayon sakini Ağamirzə Abışov 16.300 manat saxta 50 manatlıq əsginasları könüllü olaraq RPŞ-nə təhvil vermişdir. A.Abışova saxta əsginasları satış məqsədilə vermiş Yevlax rayon sakini Mirdamət Zeynalov tutulmuşdur.
Oğurluğa cəhd göstərmiş Neftçala rayonunun Abbasallı kənd sakini Arzuman Məlikov tutulmuşdur
12.03.2013
Martın 12-nə keçən gecə Neftçala rayonunun Abbasallı kəndi ərazisində, kənd sakini Bəhmən Həmzəyevə məxsus mağazadan oğurluğa cəhd göstərmiş həmkəndlisi Arzuman Məlikov oranın sahibi tərəfindən tutulmuşdur.
Yol-nəqliyyat hadisəsi törətmiş Yevlax rayon sakini Əfqan Ağalarov tutulmuşdur
12.03.2013
Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 9-da Fazil Məmmədovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "VAZ-21015" markalı avtomaşının sürücüsü rayon sakini Əfqan Ağalarov tutulmuşdur.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Şamaxı rayon sakini Şikar Kazımov ölmüşdür
12.03.2013
Martın 9-da saat 04.00 radələrində Binəqədi rayonu ərazisində, Gürcüstan vətəndaşı Hüseyn Dusdurov "Shacman" markalı avtomaşını idarə edərkən Şamaxı rayon sakini Şikar Kazımovu vurmuşdur. Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada martın 12-də orada ölmüşdür.
Kürdəmir Dəmir Yolu Stansiyasının ərazisində qəza nəticəsində Həzran Quliyeva ölmüşdür
12.03.2013
Martın 12-də saat 08.40 radələrində Kürdəmir Dəmir Yolu Stansiyasının ərazisində, yük qatarı ilə Xınışlı kənd sakini Həzran Quliyeva vurulmuşdur. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Tovuz Dəmir Yolu Stansiyasının ərazisində qəza hadisəsi
12.03.2013
Martın 12-də saat 10.10 radələrində Tovuz Dəmir Yolu Stansiyasının ərazisində, yük qatarı ilə Düzcırdaxan kənd sakini Dilşad Əliyeva vurulmuşdur. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş Lənkəran şəhər sakini İlqar Nəzərov orada ölmüşdür
12.03.2013
Martın 12-də Nəsimi rayonu ərazisindən, Lənkəran şəhər sakini İlqar Nəzərov dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.
Nəsimi rayonunda yaşayan Elman Fətəliyev 15-ci mərtəbədən yıxılaraq ölmüşdür
12.03.2013
Martın 12-də Nəsimi rayonunda yaşayan Elman Fətəliyev ehtiyatsızlığı nəticəsində yaşadığı mənzilin pəncərəsindən (15-ci mərtəbədən) yıxılaraq ölmüşdür.
Dəm qazından və qidadan zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər
12.03.2013
Martın 12-də Sumqayıt şəhər sakinləri Ofeliya Rzayeva, Ramin Hüseynov, Göygöl rayon sakini Elsevər Ələkbərov və Gəncə şəhər sakini Canpolad Ağayev evlərindən dəm qazından və qidadan (xiyar turşusundan) zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.
O.M.

































.jpg)





























































