Evi qapı-pəncərəsi ilə birlikdə qarət etdilər
Bakının Nəsimi rayonunda qəribə qarət hadisəsi baş verib. Rayonun Səməd Vurğun küçəsi 31, mənzil 44-a ünvanında yaşayan Fərman Həsənov ötən gecə rayondan evə qayıdan zaman evinin darmadağın edildiyinin şahidi olub. Evdə daşı-daş üsdə qoymayan naməlum şəxslər mənzilin giriş qapısından tutmuş, pəncərələrinə qədər - bütün qiymətli əşyaları özləri ilə aparıblar. Evin talan edildiyini deyən zərərçəkmiş bütün məişət avadanlığının aparıldığını qeyd edib. "Qapını bağlayıb getmişəm rayona. Qonşular zəng eləyib ki, evi dağıdıblar. Televizoru, paltaryuyanı, xoladilniki, mebelləri aparıblar", – deyə zərərçəkmiş ev sahibi Fərman Həsənov bildirib.
Ev sahibi, bu binanın plana düşdüyünü və yaxın vaxtlarda söküləcək evlərin siyahısında olduğunu deyib. Görünür, binanın söküləcəyindən duyuq düşən naməlum şəxslər artıq mənzillərdə heç kimin qalmadığını qənaət gətiriblər. Bu səbəbdən də həmin şəxslər evlər sökülməzdən əvvəl mənzillərə əl gəzdirməyə qərar veriblər.
Zərərçəkən Fərman Həsənov isə ona dəyən ziyan barədə artıq Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinə məlumat verib. Hadisədən sonra əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirilib. Bölmədən aldığımız məlumata görə, Fərman Həsənovun mənzilinin dağıdılmasının səbəbləri və bunu edən şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
O.M.













































































.jpg)
.jpg)
.jpg)













