Azərbaycanda 20 dekabrın kriminal xronikası

Azərbaycanda 20 dekabrın kriminal xronikası

21 Dekabr 2012 11:23
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 53 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 53 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 6 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi

20.12.2012

Dekabrın 20-də saat 22.30 radələrində Abşeron rayonu ərazisində, Zərdab rayon sakini Böyükbəy Bayramov "VAZ-21074" markalı avtomaşını idarə edərkən yolu keçən Bakı şəhər sakini Əkrəm Abbasovu vurmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.

DİO əməkdaşları tərəfindən narkotik vasitələr aşkar edilərək götürülmüşdür

20.12.2012

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu ərazisində, Hənifə kənd sakini İntiqam Əzizovdan 1 kiloqram 040 qram marixuana götürülmüşdür. İ.Əzizova narkotik vasitəni satmış Şanbul kənd sakini, əvvəllər məhkum olunmuş İsa Əzizov müəyyən edilmiş və o, tutulmuşdur.

Oğurluq etdiyinə görə tutulmuş Məmməd Əzimovun digər cinayət əməlləri müəyyən edilmişdir

20.12.2012

Oğurluq etdiyinə görə dekabrın 9-da Sabunçu RPİ 13-cü PB əməkdaşları tərəfindən tutulmuş Məmməd Əzimovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin müvafiq aylarında Səbuhi Həsənova məxsus "VAZ-2107" markalı avtomaşından 2 ədəd təkər, Rasim Abbasova məxsus "VAZ-2107" markalı avtomaşından 4 ədəd təkər, Teymur Teyyubova məxsus "VAZ-2107" markalı avtomaşından maqnitofon və səsgücləndiriciləri, Zöhrab Sadıqova məxsus "VAZ-2107" markalı avtomaşından 1 ədəd mobil telefon, maqnitofon və səsgücləndiriciləri, Xanoğlan Əsgərova məxsus "VAZ-2107" markalı avtomaşından isə 5 litr avtomaşın yağı, habelə səsgücləndiriciləri və ehtiyat təkərini oğurlaması müəyyən edilmişdir.

Bakı şəhər sakini Tərlan Əhmədov və qardaşı Umuda bıçaqla xəsarət yetirmiş Elvin Fəttayev və onun qardaşı Ramin tutulmuşlar

20.12.2012

Sabunçu RPİ 13-cü əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 19-da Bakı şəhər sakini Tərlan Əhmədov və qardaşı Umuda xuliqanlıq zəminində bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış həmyerliləri Elvin Fəttayev və onun qardaşı Ramin tutulmuşlar.

Quldurluq etmiş Bakı şəhər sakini Habil Seyidov tutulmuşdur

20.12.2012

Nəsimi RPİ 22-ci PB noyabrın 28-də Elşad Həsənova qarşı quldurluq etmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Habil Seyidov tutulmuşdur.

Zabrat Dəmir Yolu Stansiyasının ərazisindəki qorunan keçiddə qəza hadisəsi

20.12.2012

Dekabrın 20-də saat 17.00 radələrində Zabrat Dəmir Yolu Stansiyasının ərazisindəki qorunan keçiddə, elektrovozla Astara rayon sakini Şeyda Mustafayeva və onun qızı 5 yaşlı Albina vurulmuşdur. Nəticədə xəsarət almış ana və uşaq xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Dərmandan və dəm qazından zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər

20.12.2012

Dekabrın 20-də Sumqayıt şəhər sakinləri Radim Ələkbərov, Sevil Qasımova, Abşeron rayon sakinləri Ruhiyyə Musayeva, Fərid Əliyev, Gəncə şəhər sakinləri Rizvan Əliyev, Lamiyə Novruzova və Yeganə Əliyeva evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Ticarət mərkəzindən yüksək səsyayıcı qabiliyyətinə malik 894 ədəd partlayıcı oyuncaqlar aşkar edilərək götürülmüşdür

20.12.2012

Gəncə ŞBPİ əməkdaşları tərəfindən şəhər ərazisindəki ticarət mərkəzində yüksək səsyayıcı qabiliyyətinə malik olan 894 ədəd partlayıcı oyuncaqlar aşkar edilərək götürülmüşdür.

Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yol-nəqliyyat hadisəsi

20.12.2012

Dekabrın 20-də saat 16.00 radələrində Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində, rayon sakini Mövlan Əlifxanov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu "Xan" kanalına aşırmışdır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən avtomaşın kanaldan çıxarılmış, sürücünün meyitinin tapılması istiqamətində tədbirlər davam etdirilir.

Masallı rayon sakini Şahin Talıbov ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ölmüşdür

20.12.2012

Dekabrın 20-də Yardımlı rayonunun Ləzir kəndinin meşə zolağında, Masallı rayon sakini Şahin Talıbov ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ölmüşdür.

Dəm qazı və dərmandan zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər

20.12.2012

Dekabrın 20-də Sumqayıt şəhər sakini Firuzə Həsənova, Abşeron rayon sakinləri Fərid Orucov, Aynur Cəfərova və qohumu Aybəniz Cəfərova, Nigar Fərhadova, oğlu 6 yaşlı Nahid və qızı 1 yaşlı Tahirə, Qurban Əbdüləzimov və qohumu Araz Əbdüləzimov, Kəpəz rayon sakini Fərhad Nəsirov evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.