Azərbaycanda 03 dekabrın kriminal xronikası

Azərbaycanda 03 dekabrın kriminal xronikası

4 Dekabr 2012 13:02
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 43 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 43 cinayət faktı qeydə alınmış, onların da 22-i "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 35 nəfər tutulmuşdur.

Göyçay rayonunun Bəydövül kəndi ərazisində qətl hadisəsi baş vermişdir

03.12.2012

Dekabrın 3-də Göyçay rayonunun Bəydövül kəndi ərazisində, kənd sakini Nicat Xudiyev münaqişə zəminində özünə məxsus "TOZ-57" markalı ov tüfəngindən atəş açaraq qohumları Ağababa Xudiyevə, onun arvadı Ərzəgülə və oğlu Səidə xəsarətlər yetirmişdir. Bununla əlaqədar hadisə yerində olan A.Xudiyevin digər oğlu Əziz atasına məxsus "İJ-58" markalı ov tüfəngindən atəş açaraq N.Xudiyevi öldürmüşdür. Ə.Xudiyev Göyçay RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Bakı şəhər sakini Pünhan Məmmədov bıçaqla xəsarət yetirmiş Elvin Orucov tutulmuşdur

03.12.2012

Dekabrın 3-də Binəqədi rayonu ərazisindən, Bakı şəhər sakini Pünhan Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni münaqişə zəminində törətmiş şəhər sakini Elvin Orucov tutulmuşdur.

Avtomaşın qaçırmış Binə qəsəbə sakini Xankərəm Ağayev qəza törətmişdir

03.12.2012

Dekabrın 3-də saat 14.00 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən, qəsəbə sakini Xankərəm Ağayev, həmyerlisi Ağasif Abdullayevə məxsus "VAZ-2104" markalı avtomaşını qaçırmış və idarə edərkən, onu maneəyə vurmuşdur. Nəticədə avtomaşına qismən ziyan dəymiş, X.Ağayev isə Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən saxlanılmışdır.

Tovuz rayon sakini Məhəmməd Qurbanova bıçaqla xəsarət yetirmiş Orxan Mirzəzadə tutulmuşdur

03.12.2012

Dekabrın 3-də Tovuz şəhəri ərazisində, Masallı şəhər sakini Orxan Mirzəzadə xuliqanlıq zəminində rayon sakini Məhəmməd Qurbanova bıçaqla xəsarət yetirmişdir. O.Mirzəzadə Tovuz RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Polisin qanuni tələbinə tabe olmayaraq ona silahlı müqavimət göstərmiş Bakı şəhər sakini Taleh Ağayev tərki-silah edilmişdir

03.12.2012

Dekabrın 3-də saat 15.30 radələrində Yasamal rayonu ərazisində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Ağayev ictimai qaydanı pozduğuna görə həmin ərazidə xidmətdə olan Çevik Polis Alayının əməkdaşı onu intizama dəvət etmişdir. Bu zaman T.Ağayev polisin qanuni tələblərinə tabe olmayaraq, bıçaqla ona hücum etmişdir. T.Ağayev tərki-silah edilmiş və barəsində toplanmış materiallar sonrakı araşdırmalar aparılması üçün rayon prokurorluğuna göndərilmişdir.

Bakı şəhər sakini Məhərrəm İzzətov ehtiyatsızlıqdan yaşadığı binanın şaxtasına yıxılaraq ölmüşdür

03.12.2012

Dekabrın 3-də Xətai rayonu ərazisində yaşayan Bakı şəhər sakini Məhərrəm İzzətov ehtiyatsızlıqdan yaşadığı binanın şaxtasına yıxılaraq ölmüşdür.

Sumqayıt şəhərində yaşayan Nuranə Nuşirəvanlı dərmandan zəhərlənmişdir

03.12.2012

Dekabrın 3-də Sumqayıt şəhərinin Yaşıldərə bağlar sahəsindəki evlərdən birində yaşayan Nuranə Nuşirəvanlı dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.

Abşeron rayon sakini Həsən Mövlanov və Ağsu rayon sakini Kazımov Mirkazım dəm qazından zəhərlənərək ölmüşlər

03.12.2012

Dekabrın 3-də Abşeron rayon sakini Həsən Mövlanov və Ağsu rayon sakini Kazımov Mirkazım dəm qazından zəhərlənərək ölmüşdür.

Qanunsuz ov etmiş şəxslər barəsində inzibati protokol tərtib edilmişdir

03.12.2012

Qax RPŞ əməkdaşları tərəfindən rayonunun Ləkit kəndi ərazisindəki meşə zolağında, rayon sakinləri Xəlilbəy Ramazanov, İlkin Vahidov və Aftandil Məmmədov 1 baş cüyürü ovladıqlarına görə barələrində İnzibati Xətalar Maddəsinin 111.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, "İJ" markalı ov tüfəngləri maddi sübutla birlikdə götürülərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə göndərilmişdir.

Türkiyə vətəndaşı Ahmet Tanyıldızın şirkətindəki seyfi qarət etmiş şəxslərdən biri tutulmuşdur

03.12.2012

Noyabrın 24-də Türkiyə vətəndaşı Ahmet Tanyıldız Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Z.Əliyev küçəsində yerləşən tikinti şirkətinin ofisinin otağından içərisində 65 min manat olan seyf naməlum şəraitdə oğurlanıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Rahib Məhərrəmov dekabrın 3-də tutulmuşdur. Digər şəxsin və ya şəxslərin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bakı şəhər sakini Gülzar Zəkirayeva evin ikinci mərtəbəsindən yıxılaraq ölmüşdür

03.12.2012

Dekabrın 3-də Xaçmaz rayonunun Zuxuroba kəndinə qonaq gəlmiş Bakı şəhər sakini Gülzar Zəkirayeva evin ikinci mərtəbəsindən yıxılaraq ölmüşdür.

O.M.