21 yaşlı gənc qadın vəhşicəsinə qətlə yetirilib
İtaliyanın Trentino-Alto Adige/Südtirol bölgəsindəki Cənubi Tirol əyalətinin Silandro şəhərində 50 ildən sonra ilk dəfə qətl hadisəsi törədilib. 21 yaşlı Celine Frei Matzohl keçmiş sevgilisi Ömer Çimin mənzilində ölü tapılıb. Türk əsilli Çim qətldə şübhəli bilinərək həbs olunarkən, hadisə ölkədə böyük hiddətə səbəb olub.
Səlahiyyətlilər Celine Frei Matzohl-un əvvəlcə bir oteldə resepsiyonist, sonra Fermerlər Birliyində vergi məsləhətçisi işlədiyini və 6000 əhalisi olan Silandroda son dərəcə məşhur olduğunu söylənilib.
21 yaşlı gənc qadının anası bazar günü səhər evə gəlmədiyi üçün itkin düşdüyünü bildirib. Bunun üzərinə jandarm Frei Matzohlun keçmiş sevgilisi Ömər Çimin mənzilinə gedib və heç kim qapını açmadığında içəri daxil olub. Jandarma gənc qadının bir neçə bıçaq zərbəsi ilə vurulmuş meyitini mənzildə tapıb.
Əslən türk olan 28 yaşlı Çim qətlin əsas şübhəlisi kimi həbs edilib.
Hadisə ilə bağlı açıqlama verən Silandro Bələdiyyə Başçısı Dieter Pinggera kəndin şokda olduğunu ifadə edərək, “Celine Frei Matzohl Silandroda çox məşhur bir insan idi. İdman və gənclərlə bağlı tədbirlərdə iştirak edirdi. O, köməkçi idi. Onun ailəsi də şəhərdə çox məşhurdur. Xatırladığım qədər, son 50 ildə Silandroda heç bir qətl törədilməyib. Ailəsinə başsağlığı veririk”.
Ancaq Frei Matzohlun keçmiş sevgilisi Çim haqqında iyun ayında hücum və ciddi təhdid şikayətləri ilə cinayət işi açıldığı öyrənilib. Çimin gənc qadını izləmək üçün iyulun sonunda Lacesdəki oteldəki işindən ayrıldığı da bildirilib.
Çim-in Facebook-da dərc etdiyi bir yazı da səlahiyyətlilərin diqqətini çəkib. Çimin yazısında aşağıdakı ifadələr yer alır:
"Avqustda xüsusi bir gecə üçün çox risk etsəm də, bir səhvin hər şeyə baha başa gələcəyini heç düşünməmişdim."
Prokurorun adından istintaqa başlayan Silandro və Bolzano jandarmları əvvəlki tapıntılarına əsasən dərhal gənc qadının keçmiş sevgilisindən şübhələniblər. Cəsəd tapıldıqdan dərhal sonra axtarışlara başlanılıb. Helikopterin köməyi ilə Vinşqau vadisinin bütün ərazisi skan edilib.
Avstriyaya qaçmaq istəyən Çim asayiş keşikçilərinin müdaxiləsindən sonra Reschen keçidində yaxalanıb.
Jandarm Çimin maşınının təkərini partladıb. Prokurorluğun qərarı ilə həbs edilən Çim Bolzano Həbsxanasına köçürülüb.
Digər tərəfdən Çim cinayəti özünün törətdiyini etiraf etməyib. Hakimiyyət orqanları hadisələrin gedişi və cinayətin mümkün səbəbləri barədə heç bir məlumat verməyib. Şübhəli bu gün məhkəmə qarşısına çıxacaq. Selin Frei Matzohlun cəsədinin yarılması da bu gün həyata keçiriləcək.
Murad Şahməmməd

































.jpg)





























































