Özbəkistanda Qaraqalpaqıstanda iğtişaşların təşkilatçıları mühakimə olunub

Özbəkistanda Qaraqalpaqıstanda iğtişaşların təşkilatçıları mühakimə olunub

31 Yanvar 2023 20:55
Bəyəndim (0) Bəyənmədim (0)

Özbəkistanın şimal-qərbində yerləşən Qaraqalpaqıstan Respublikasında baş verən iğtişaşlar üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. İğtişaşların təşkilində əsas təqsirləndirilənlərdən biri Dauletmurat Tajimuratov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə çərşənbə axşamı, yanvarın 31-də Almaniyanın "DW" agentliyi məhkəmənin nümayəndəsinə istinadən məlumat yayıb.

Tajimuratovun şəriki Lolagül Kallıxanova 8 il icbari iş alıb. İttiham tərəfi onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə bu vəsatəti təmin etməyib. Onun barəsində seçilmiş həbs-qətimkan tədbirini ləğv edilibb və məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə istintaqının nəticələrinə görə, 18 təqsirləndirilən şəxs, 3 ildən 16 ilədək müddətə, 4 nəfər isə 5 ilədək icbari cəzasına məhkum edilib.

2022-ci il iyulun 1-də Qaraqalpaqıstanın inzibati mərkəzi olan Nukusda iğtişaşlara çevrilən kütləvi nümayiş keçirilib. İnsanlar Özbəkistanın Konstitusiyasına Qaraqalpaqstanın suverenlik hüququnu ləğv etmək üçün düzəlişlər edilməsi təkliflərindən narazı qalıblar.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev bölgədə fövqəladə vəziyyət və iyulun 3-dən avqustun 2-dək komendant saatı tətbiq edib. Vəziyyətin sabitləşməsi fonunda dövlət başçısı iyulun 21-dən fövqəladə vəziyyət rejiminə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. İğtişaşlardan sonra Özbəkistan parlamenti Qaraqalpaqstanın suverenlik hüququnun qorunub saxlanılması barədə qərar qəbul edib.

Özbəkistan Baş Prokurorluğunun məlumatına görə, iğtişaşlar nəticəsində 21 nəfər həlak olub, 274 nəfər yaralanıb, 516 nəfər, o cümlədən xarici vətəndaşlar saxlanılıb. 22 müttəhimin məhkəməsi 2022-ci ilin noyabrında başlayıb. Təqsirləndirilən şəxslərə "Konstitusiya quruluşuna qəsd", "kütləvi iğtişaşlar", "quldurluq", "qanunsuz olaraq odlu silah saxlama" daxil olmaqla 11 maddə ilə ittiham irəli sürülüb. Bu maddələr üzrə cəzalar, 20 ilədək həbs cəzasını nəzərdə tutur.

E.Axund. Oxuməni.az