
Adı rüşvət qalmaqalında hallanan M.Ə.Sabir adına kitabxananın müdiri Sevinc Babayeva 2 gündür işə çıxmır
Adı rüşvət qalmaqalında hallanan M.Ə.Sabir adına kitabxananın müdiri Sevinc Babayeva 2 gündür işə çıxmır. Kitabxanadan verilən məlumata görə, S.Babayevanın işə gəlməməyinin səbəbi ürəyində yaranmış problemlərdir.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev də Sevinc Babayeva haqda danışıb. Ə.Əliyevin sözlərinə görə, Sevinc Babayeva ilə bağlanmış əmək müqaviləsinin müddəti bu ilin oktyabrında bitir: "Bizdə kitabxana və müəllim yerləri də var və onların hər biri müqavilə ilə işə götürülür, fəaliyyətinə baxılır. Bu insan işinin, verilən tapşırığın öhdəsindən gələ bilirsə, ondan sonra onunla müddətsiz müqavilə bağlanır".
Ə. Əliyev Sevinc Babayevanın fəaliyyətinin qənaətbəxş olmadığını açıqlayıb. Bir il müddətində Sevinc Babayeva töhmət də alıb. Amma mən bu gün onu işdən azad edə bilmərəm, çünki müqavilə var. Vaxtı bitəndə biz onun müqaviləsinə xitam verilib-verilməməsi məsələsinə qayıdacağıq. Hüquq-mühafizə orqanları işə qarışandan sonra mənim heç bir addım atmaq səlahiyyətim yoxdur. Onun əməllərində cinayət tərkibi varsa, əlbəttə bunu hüquq-mühafizə orqanı qiymətləndirəcək, o da hər bir Azərbaycan vətəndaşı kimi məhkəmə qarşısında cavab verəcək. Onun şəxsi həyatı və işdən sonrakı fəaliyyətinin bizə heç bir aidiyyəti yoxdur. Bu, mədəniyyət sahəsinə aid hadisə deyil, bir insanın keçmişdə olmuş və ya işdən sonrakı həyatında baş verənlərdir. Bu görüntülərdə, danışıqlarda kitabxana fəaliyyəti, mədəniyyətlə bağlı heç bir söhbət yoxdur. Bu xanım bizdə sadəcə kitabxana direktorudur. Onun kitabxana fəaliyyəti ilə bağlı istənilən suala cavab verə bilərəm və deyirəm ki, bu sahədə fəaliyyəti mənfidir. Onun fəaliyyəti ilə bağlı monitorinq aparılıb, səriştəsizliyi və bacarıqsızlığı üzə çıxıb".
O.M.