
“Mübariz” Müharibə Veteranları Birliyinin İdarə Heyətinin sədri 4 il müddətinə azadlıqdan məhrum edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətxorluqda təqsirləndirilən "Mübariz" Müharibə Veteranları Birliyinin İdarə Heyətinin sədri Seymur Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb, hökm oxunub. Hökmə əsasən, S.Şirinov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakı şəhər sakini Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək, iş stajının hesablanması və əlillik dərəcəsinin təyin olunmasını vəd edən "Mübariz" Müharibə Veteranlar Birliyinin idarə heyətinin sədri Seymur Şirinovun ondan 2.000 manat rüşvət tələb etdiyini bildirib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində S.Şirinov 17 fevral 2012-ci il tarixdə birliyin Bakı şəhərində yerləşən inzibati binasındakı xidməti otağında vətəndaşdan 2.000 manat pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında saxlanılıb. S. Şirinov həmin pulları prokurorluq əməkdaşlarına təqdim edib və hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.
Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. S. Şirinovun yaşadığı mənzilə baxış keçirilərkən oradan ayrı-ayrı şəxslərə məxsus 5 ədəd əmək kitabçası, şəxsiyyət vəsiqələrinin surətləri, 6 ədəd "Müharibə veteranı", 2 ədəd "Mübariz" Müharibə Veteranlar Birliyinin üzvlük vəsiqələri, fiziki şəxs kimi özünün adına olan möhür və iş üçün əhəmiyyət kəsb edən sair sənəd və əşyalar aşkar edilərək götürülüb.
O.M.