İrandan Azərbaycana qanunsuz silah-sursat keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana qanunsuz silah-sursat keçirilməsinin qarşısı alındı

27 Sentyabr 2012 12:09
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Azərbaycan gömrükçüləri İrandan ölkəyə döyüş sursatının gətirilməsinin qarşısını alıblar. Biləsuvar Gömrük İdarəsinin Qoşatəpə gömrük postunda İrandan Azərbaycana gələn, bu ölkənin vətəndaşı Kazemı Mikael Esrafıl oğlunun çamadanı "Heiman X-Ray" markalı rentgen yük-yoxlama qurğusundan keçirilən zaman monitorda 6 ədəd güllədən ibarət tapança darağına oxşar predmet görünüb. Bundan sonra İran vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb.

Ona məxsus çamadanda gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən, silah-sursatın olub-olmaması barədə sual verilib. O da öz növbəsində, gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan ediləsi heç bir predmetin olmadığını və çamadanında şəxsi geyim əşyalarının olduğunu bildirib. Bundan sonra ona məxsus çamadana baxış zamanı karton üzlüklə çamadanın üst qapağının arasında olan boşluqdan 9 mm kalibrli 8 patron tutumlu, tapança kompleks hissəsi kimi istifadə edilən 1 ədəd daraq və həmin daraqda atəşə yararlı 6 ədəd 9 mm kalibrli patron aşkar edilərək götürülüb.

O.M.