
“Zəngəzur” MMC mətbəəsinin həbsdə olan rəhbərinin vəsatəti təmin olunmadı
Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov, habelə "Zəngəzur" MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən Rafiq Hüseynov ifadə verib. O, özünü elan olunan ittiham üzrə təqsirli bildiyini deyib. Digər təqsirləndirilən İbrahim İsgəndərov isə məhkəmənin hakim R.Allahverdiyevanın sədrliyi ilə keçirilməsinə etiraz edib və bununla bağlı vəsatət verib. Qanunvericiliyə uyğun olaraq digər hakimlər Tamella Nəsrullayeva və Novruz Kərimov vəsatətə baxaraq onu təmin etməyiblər.
Proses sentyabrın 21-də davam etdiriləcək.
Xatırladaq ki, O.Kərimov ötən il iyunun 6-da həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar.
Qeyd edək ki, ürək xəstəliyindən əziyyət çəkən O.Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib.
O.M.