Azərbaycanda 10 Sentyabrın kriminal xronikası

Azərbaycanda 10 Sentyabrın kriminal xronikası

11 Sentyabr 2012 13:11
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 37 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 37 cinayət faktı qeydə alınmış, onların da 20-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 17 nəfər tutulmuşdur.

Cəlilabad rayonu ərazisində rayon sakini Y.Əhədovun idarə etdiyi avtomaşından heroin və həşiş götürülmüşdür

10.09.2012

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da Cəlilabad rayonunun Məlikqasımlı kəndi ərazisində, rayon sakini, əvvəllər məhkum olunmuş Yaşar Əhədovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşından 11 kiloqram 209,8 qram heroin və 17 kiloqram 279,66 qram həşiş aşkar edilərək götürülmüşdür. Y.Əhədov və onun tanışı İran vətəndaşı Novruz Bərbəstə tutulmuşlar.

"Azərsix" MMC-dən 160.000 manat pul olan seyf oğurlamış şəxslər tutulmuşlar

10.09.2012

Sentyabrın 10-na keçən gecə Bakının Nizami rayonu ərazisində, "Azərsix" MMC-dən 160.000 manat pul olan seyf oğurlamışdır. Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nizami RPİ əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətmiş, həmin şirkətdə işləyənlər Gədəbəy rayon sakini Şamil Ələkbərov, Bakı şəhər sakinləri Vüsal Əlifov və Telman Mustafayev tutulmuşlar.

Goranboy rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

10.09.2012

Xocalı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Qaraçinar kəndi ərazisində yabanı halda bitmiş ümumi çəkisi 8 ton 575 kiloqram olan 15 min 44 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.

Sentyabrın 5-də Ə.Hacıağayevə məxsus avtomaşını qaçırmış T.Qasımov tutulmuşdur

10.09.2012

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də Əsabil Hacıağayevə məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış Bakı şəhər sakini Tural Qasımov tutulmuşdur.

Sentyabrın 1-də M.Abdullayevaya qarşı zor tətbiq edərək pul, mobil telefon və qızıl sırğalarını almış A.Hacıyev tutulmuşdur

10.09.2012

Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-də M.Abdullayevaya qarşı zor tətbiq edərək, ondan 100 manat pul, mobil telefon qızıl sırğalarını almış Bakı şəhər sakini Adil Hacıyev tutulmuşdur.

Sentyabrın 9-da K.Bayramovanın xəsarət alması ilə nəticələnən YNH-ni törətmiş sürücü tutulmuşdur

10.09.2012

Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da Kifayət Bayramovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "MG-350" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini İlkin Məmmədiyə tutulmuşdur.

Sentyabrın 6-da Ş.Qibeyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış O.Məmmədov tutulmuşdur

10.09.2012

Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Şamil Qibeyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Orxan Məmmədov tutulmuşdur.

Cari il yanvarın 18-də R.Günəşova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış S.Həsənov tutulmuşdur

10.09.2012

Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də Rauf Günəşova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Samid Həsənov tutulmuşdur.

Ucar rayonunda V.İsmayılovanın evindən pul oğurlamış M.Əliyev tutulmuşdur

10.09.2012

Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da Vəfa İsmayılovanın evindən 490 manat pul oğurlamış rayon sakini Mirələm Əliyev tutulmuşdur.

Göygöl rayonunda 80 metr uzunluğunda borunu oğurlamış N.Paşayev tutulmuşdur

10.09.2012

Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Su və Kanalizasiya İdarəsinə məxsus 80 metr uzunluğunda borunu oğurlamış rayon sakini Niyaməddin Paşayev tutulmuşdur.

Hacıqabul rayonunun Abdulabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi

10.09.2012

Sentyabrın 10-da saat 02.00 radələrində Hacıqabul rayonunun Abdulabad kəndi ərazisində, Sabirabad rayon sakini Mehralı Zülfüqarov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu su kollektoruna aşırmışdır. Nəticədə M.Zülfüqarov və sərnişləri Ələsgər Nuriyev və onun oğlu 4 yaşlı İzzət hadisə yerində ölmüşlər.

Xaçmaz rayonu ərazisində F.Orucov avtomaşını idarə edərkən rayon sakini Q.Əliyevi vurmuşdur

10.09.2012

Sentyabrın 10-da saat 07.25 radələrində Xaçmaz rayonu ərazisində, Mehrəliqışlaq kəndi ərazisində, Sumqayıt şəhər sakini Fəzail Orucov "VAZ-21154" markalı avtomaşını idarə edərkən yolu keçən kənd sakini Qəndil Əliyevi vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

10.09.2012

Sentyabrın 10-da saat 00.20 radələrində Binəqədi rayonu ərazisində, Bakı şəhər sakinləri İlkin Sadıqovun idarə etdiyi "TOFAŞ", Rauf Həsənovun idarə etdiyi "VAZ-2107" və Vüsal Nəbiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş V.Nəbiyev orada ölmüşdür.

Sumqayıt şəhəri ərazisində N.Kərimov avtomaşını idarə edərkən piyada N.Məmmədəliyevanı vurmuşdur

10.09.2012

Sentyabrın 10-da saat 16.25 radələrində Sumqayıt şəhəri ərazisində, şəhər sakini Novruz Kərimovun "VAZ-2106" markalı avtomaşını idarə edərkən yolu keçən Nuridə Məmmədəliyevanı vurmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Xətai rayon sakini A.Hüseynova ehtiyatsızlığı nəticəsində 9-cu mərtəbdən yıxılaraq ölmüşdür

10.09.2012

Sentyabrın 10-da Xətai rayonu ərazisində yaşayan Arzu Hüseynova mənzilində pəncərə şüşəsini silərkən ehtiyatsızlığı nəticəsində 9-cu mərtəbdən yıxılaraq ölmüşdür.

Nəsimi rayonunda Ukrayna vətəndaşı Y.Radina dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

10.09.2012

Sentyabrın 10-da Nəsimi rayonu ərazisində, Ukrayna vətəndaşı Yekaterina Radina dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti ağırdır.

O.M.