Azərbaycanda 4 Sentyabrın kriminal xronikası

Azərbaycanda 4 Sentyabrın kriminal xronikası

5 Sentyabr 2012 12:36
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 50 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 50 cinayət faktı qeydə alınmış, onların da 41-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 17 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 38 nəfər tutulmuşdur.

Binəqədi rayon sakini S.Paşayevə odlu silahdan atəş açaraq ölümcül xəsarət yetirmiş şəxs tutulmuşdur

04.09.2012

Sentyabrın 4-də Binəqədi rayonu ərazisində yaşayan Səyyub Paşayev güllə yarası ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə münaqişəsi zəminində törətmiş, S.Paşayevin qardaşı Teyyub tutulmuş və hadisəni törədərkən istifadə etdiyi 1 ədəd "Makarov" markalı tapança, 2 patron darağı və 14 ədəd patron ondan götürülmüşdür.

Gəncə şəhər sakini R.Həsənovu bıçaqla hədələyərək pul verməsini tələb etmiş A.Ələsgərov tutulmuşdur

04.09.2012

Sentyabrın 4-də Səbail rayonu ərazisidə, Bakı şəhər sakini Asif Ələsgərov sərxoş halda Gəncə şəhər sakini Ramin Həsənovu bıçaqla hədələyərək pul verməsini tələb etmişdir. A.Ələsgərov Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur.

İyulun 3-də A.Bayramova məxsus ofisdən pul oğurlamış S.Möhsümov tutulmuşdur

04.09.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nərimanov RPİ 18-ci PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 3-də Akif Bayramova məxsus ofisdən 10.300 manat pul oğurlamış Abşeron rayon sakini Sərxan Möhsümov tutulmuşdur.

Avqustun 28-də T.Sadıqova məxsus avtomaşından oğurluq etmiş şəxslər tutulmuşlar

04.09.2012

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də Tural Sadıqova məxsus "Mercedes" markalı avtomaşından maqnitofon və sənədlər oğurlamış Bakı şəhər sakinləri Arif Əliyev, Azər İbrahimov, Kamran Pırkin tutulmuş, Hüseyn Sadıqov isə müəyyən edilmişdir. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların H.Sadıqovla birgə cari ilin avqust və sentyabr ayları ərzində Bəxtiyar Zeynalova, İsrafil İsmiyevə, Zülfüqar Qəmbərova, Afiq Bağırova, Mehman Abbasova, Şəmsi Məmmədova, Mənsur Heydərzadəyə və Nazim Ağayevə məxsus avtomaşınlardan, Azad Nəsirova məxsus mağazadan, Bayram Bayramov məxsus mağazadan ərzaq məhsulları, Nəriman Aslanova məxsus "Mercedes" markalı, Firdovsi Nəbiyevə məxsus "VAZ-21099" və Yaşar Qurbanova məxsus "Nissan" markalı avtomaşınlardan oğurluq etmələri, eləcə də, Becan Hüseynova məxsus "Mercedes" və onun oğlu Asimə məxsus "Mercedes" markalı avtomaşınlara isə qismən ziyan vurmaları da müəyyən edilmişdir.

Bakı şəhər sakini H.Qocayevə məxsus mağazadan oğurluğa cəhd göstərmiş A.Tağızadə tutulmuşdur

04.09.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri tədbirləri nəticəsində sentyabrın 4-də Bakı şəhər sakini Hikmət Qocayevə məxsus mağazadan oğurluğa cəhd göstərmiş həmyerlisi Aydın Tağızadə tutulmuşdur.

Sentyabrın 2-də C.Həsənovun evindən qızıl əşyaları oğurlamış Bakı şəhər sakini V.Əliyev tutulmuşdur

04.09.2012

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də Cəbrayıl Həsənovun evindən qızıl əşyaları oğurlamış Bakı şəhər sakini Vüsal Əliyev tutulmuşdur.

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

04.09.2012

Sentyabrın 4-də saat 18.30 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində, qəsəbə sakinləri Vüsal Əhmədovun idarə etdiyi "Daewoo" və Qasid Abbasovun idarə etdiyi "Hyundai-SantaFe" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Q.Abbasov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri - arvadı Gülnarə və İlham Ağayev xəstəxanaya yerləşdirilmişlər. İ.Ağayev orada ölmüş, Gülnarənin vəziyyəti isə orta-ağırdır.

Sabunçu rayonu ərazisində sürücü A.Qasımov avtomaşını idarə edərkən iki piyadanı vurmuşdur

04.09.2012

Sentyabrın 4-də saat 18.00 radələrində Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Asif Qasımov "QAZ-31" markalı avtomaşını idarə edərkən Ceyran Hüseynovanı və Zenfira Aşurovanı vurmuşdur. Nəticədə C.Hüseynova hadisə yerində ölmüş, xəsarət almış Z.Aşurova isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Gəmidə sərnişin qismində gedən S.Aslanov özünü dənizə atmışdır

04.09.2012

Sentyabrın 3-də Beynəlxalq Ticarət Limanına məxsus "Salatın Əsgərova" gəzinti gəmisində sərnişin qismində gedən Qəbələ rayon sakini Samir Aslanov özünü dənizə atmışdır. S.Aslanovun meyitinin tapılması üçün tədbirlər görülür.

Sumqayıt şəhəri ərazisində R.Qasımov xuliqanlıq zəminində idarə etdiyi avtomaşınla A.Məhərrəmova xəsarət yetirmişdir

04.09.2012

Sentyabrın 4-də Sumqayıt şəhəri ərazisində, Abşeron rayon sakini Ramin Qasımov xuliqanlıq zəminində idarə etdiyi "Opel" markalı avtomaşınla şəhər sakini Ağası Məhərrəmova xəsarət yetirmişdir.

Avqustun 28-də sürücü E.Eldarovun idarə etdiyi avtomaşınla vurulmuş H.Nəcəfova xəstəxanada ölmüşdür

04.09.2012

Cari ilin avqustun 28-də saat 18.00 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində, Bakı şəhər sakini Elşad Eldarov "Kia" markalı avtomaşını idarə edərkən Humayə Nəcəfovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 4-də orada ölmüşdür.

Biləcəri qəsəbəsindəki "Bakı" futbol klubunun stadionunda fəhlə işləyən O.Ramazanzadə hündürlükdən yıxılması nəticəsində aldığı xəsarətdən ölmüşdür

04.09.2012

Sentyabrın 4-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki "Bakı" futbol klubunun stadionunda, orada fəhlə işləyən Bakı şəhər sakini Orxan Ramazanzadə təmir işləri apararkən qaldırıcı qurğudan yıxılmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş O.Ramazanzadə orada ölmüşdür.

Şabran rayonunda Qazax rayon sakini A.Qayıbov üstünə ağır yük düşməsi nəticəsində ölmüşdür

04.09.2012

Sentyabrın 9-da Şabran rayonunun "Taxta Körpü" adlandırılan ərazidə, "Azərkörpü" şirkəti tərəfindən aparılan su anbarının tikintisində, orada işləyən Qazax rayon sakini Arif Qayıbovun üstünə ağır yük düşməsi nəticəsində xəsarət almışdır. A.Qayıbov xəstəxanaya aparılarkən yolda ölmüşdür.

O.M.