Bakıda maskalı şəxslər bank işçisinin evinə silahlı basqın ediblər

Bakıda maskalı şəxslər bank işçisinin evinə silahlı basqın ediblər

4 Sentyabr 2012 13:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Binəqədi rayonu ərazisində yaşayan bank işçisinin evinə silahlı basqın olub. Belə ki, iki maskalı şəxs gecə saat 02 radələrində Binəqədi ərazisində kirayədə yaşayan 28 yaşlı Yasin Həsənovun evinə soxulub. Onlar silahla Yasini hədələyərək əl-ayaqlarını "skoç"la bağlayıb və cibindən bankın və oradakı seyfin açarlarını götürüblər. Lakin Yasin yaxşı bağlanmadığından istifadə edərək skoçu qollarından çıxarıb və qışqıraraq köməyə adam çağırıb. Ələ keçəcəklərindən qorxuya düşən cinayətkarlar evi tərk ediblər.

Binəqədi polisi qısa zamanda cinayətdə şübhəli bilinən 37 yaşlı Hüseyn Əhmədov, 43 yaşlı keçmiş məhkum Azər Rüstəmov və 21 yaşlı Emil Abbasovu həbs edib. İstintaq müəyyən edib ki, dəstə başçısı elə bankda kredit mütəxəssisi işləyən Emil Abbasovdur.

O, Azər və Hüseynin külli miqdarda borcu olduğunu bilib və onlara borcdan xilas olmağın yolunu göstərib. Bankla bağlı bəzi məlumatları, o cümlədən bankın yaxşı mühafizə olunmaması, açarların Yasində olmasını dostlarına çatdırıb. Dəstə üzvləri də əldə etdikləri məlumat əsasında cinayət əməlini həyata keçiriblər. Lakin dəstə üzvləri verilən "qızıl" məlumat əsasında hazırladıqları planı sona qədər yerinə yetirməyi bacarmayıblar.

İlkin dindirmə zamanı Emil Abbasov deyib ki, Azərlə Hüseyn onun cavan olmasından istifadə edərək cinayətə təhrik ediblər. Ələ keçəndən sonra isə onu polisə satıblar.

Saxlanılan Azər isə ifadəsində evə soxularkən silahın onda olduğunu deyib: "Əlimdəki silah pnevmatik tapança idi. Sadəcə qorxutmaq üçün istifadə etmişəm". Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi başlanıb.

O.M.