Azərbaycanda 3 Sentyabrın kriminal xronikası

Azərbaycanda 3 Sentyabrın kriminal xronikası

4 Sentyabr 2012 13:17
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 46 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 46 cinayət faktı qeydə alınmış, onların da 17-si "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 14 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.

Sentyabrın 1-də M.Bəylərova qarşı zor tətbiq edərək pulunu və mobil telefonlarını ondan almaqda şübhəli bilinən E.Qəniyev tutulmuşdur

03.09.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-də Məhəmməd Bəylərova qarşı zor tətbiq edərək 12 manatını və 2 ədəd mobil telefonunu ondan almaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Qəniyev tutulmuşdur.

Sentyabrın 1-də A.Abbasovu bıçaqla hədələyərək mobil telefonunu ondan almaqda şübhəli bilinən M.Əhmədov tutulmuşdur

03.09.2012

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-də Altay Abbasovu bıçaqla hədələyərək mobil telefonunu ondan almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Əhmədov tutulmuşdur.

Martın 4-də Ə.Hüseynova məxsus bağ evindən oğurluqda şübhəli bilinən şəxslər tutulmuşlar

03.09.2012

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Ələsgər Hüseynova məxsus bağ evindən 1023 manat, məişət və ev əşyalarını oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini Məqsəd Qafarov və Lənkəran rayon sakini Samir Canıyev tutulmuşlar.

Sabirabad rayonu ərazisində A.Ağayevin işlədiyi mağazanı talamış İ.Mirzəyev tutulmuşdur

03.09.2012

Sentyabrın 2-də Sabirabad rayonu ərazisində rayon sakini Ağalar Ağayevin işlədiyi mağazaya gəlmiş İlham Mirzəyev oradan açıq talama yolu ilə 90 manat dəyərində danışıq kartları aparmışdır.
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Mirzəyev tutulmuşdur.

İmişli rayon sakini Y.Qafarova məxsus avtomaşını qaçırmış rayon sakini Y.Xəmmədov saxlanılmışdır

03.09.2012

Sentyabrın 3-də saat 13.00 radələrində İmişli rayonundakı Bakı küçəsindən Yalavac kənd sakini Yusif Qafarova məxsus "VAZ-2107" markalı avtomaşın qaçırılmışdır.

İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Yasir Xəmmədov avtomaşınla birgə saxlanılmışdır.

Gədəbəy rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

03.09.2012

Gədəbəy RPŞ əməkdaşları Novo-Saratovka kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 1 ton 24 kiloqram olan 692 ədəd, Dəyəqarabulaq kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 910 kiloqram olan 1200 ədəd çətənə kollarını yığaraq məhv etmişlər.

Qaradağ rayonu ərazisində C.Mirzəyev idarə etdiyi avtomaşını aşırmışdır

03.09.2012

Sentyabrın 3-də saat 19.50 radələrində Qaradağ rayonu ərazisindəki Dairəvi yolda Bakı şəhər sakini Cəbrayıl Mirzəyev idarə etdiyi "VAZ-2106" markalı avtomaşını aşırmışdır. Nəticədə xəsarət almış C.Mirzəyev xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Nizami rayonu Babək prospektində A.Əhmədovun idarə etdiyi avtomaşın maneəyə çırpılaraq aşmışdır

03.09.2012

Sentyabrın 3-də saat 03.30 radələrində Nizami rayonu Babək prospektində Bakı şəhər sakini Anar Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomaşını maneəyə vuraraq aşırmışdır. Nəticədə A.Əhmədov və sərnişinlərindən Bakı şəhər sakini Əfsanə Cümşüdova hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Səbinə Məlikova isə xəstəxanaya yerləşdirilmişdir.
Nizami RPİ tərəfindən araşdırma aparılır.

Tərtər rayonunun Mamırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

03.09.2012

Sentyabrın 3-də saat 22.00 radələrində Tərtər rayonunun Mamırlı kəndinin ərazisində Ağdam rayon sakinləri - Rəhim Rəhimovun idarə etdiyi "VAZ-2106" markalı və Süleyman Dadaşovun idarə etdiyi "Oka" markalı avtomaşınlar toqqumuşdur. Nəticədə S.Dadaşov hadisə yerində ölmüş, xəsarət almış R.Rəhimov və sərnişinləri, Ağdam rayon sakini Razim Aslanov və Bərdə rayon sakini Tapdıq Məmmədov isə xəstəxanaya yerləşdirilmişlər.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

Şəmkir şəhər sakini A.Aslanov idarə etdiyi avtomaşını yolun kənarındakı ağaca vurmuşdur

03.09.2012

Sentyabrın 3-də saat 20.20 radələrində Şəmkir şəhərinin ərazisində Yeni Həyat kənd sakini Aslan Aslanov idarə etdiyi "Mercedes" markalı avtomaşını yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə A.Aslanov hadisə yerində ölmüşdür.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Şəmkir rayon sakini E.Qarayev idarə etdiyi avtomaşınla piyada Y.Emrullahı vurmuşdur

03.09.2012

Sentyabrın 3-də saat 23.00 radələrində Şəmkir rayonunun Muxtariyyə kənd sakini Emin Qarayev idarə etdiyi "Mercedes" markalı avtomaşınla yolu keçən İsgəndərli kənd sakini Yazdan Emrullahı vurmuşdur. Nəticədə Y.Emrullah hadisə yerində ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.

Balakən rayonu ərazisində U.Çukurayev idarə etdiyi avtomaşınla C.Nurullayevi vurmuşdur

03.09.2012

Sentyabrın 3-də saat 19.20 radələrində Balakən rayonunun Poştbinə kəndi ərazisində Tülü kənd sakini Umuxan Çukurayev idarə etdiyi "VAZ-21074" markalı avtomaşınla yolu keçən kənd sakini Camaləddin Nurullayevi vurmuşdur. Nəticədə C.Nurullayev hadisə yerində ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.

Yevlax rayonu ərazisində H.Həsənov idarə etdiyi avtomaşınla R.Həsənovu vurmuşdur

03.09.2012

Cari il avqustun 30-da Yevlax rayonunun Aran qəsəbəsi ərazisində qəsəbə sakini Habil Həsənov idarə etdiyi "VAZ-21011" markalı avtomaşınla qəsəbə sakini Rəşad Həsənovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Həsənov sentyabrın 1-də orada ölmüşdür.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

O.M.