Azərbaycanda 25-26 Avqustun kriminal xronikası

Azərbaycanda 25-26 Avqustun kriminal xronikası

27 Avqust 2012 13:32
Bəyəndim (0) Bəyənmədim (0)
Şənbə və bazar günləri 72 cinayət faktı qeydə alınmışdır

26.08.2012 - Şənbə günü ərzində 40 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 32 cinayət faktı qeydə alınmış, onların da 24-ü "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 21 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur.

Yardımlı rayon sakini Ə.Eyniyevdən narkotik vasitələr götürülmüşdür

26.08.2012

Yardımlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zevin kənd sakini Əfqan Eyniyevdən 7 kiloqram tiryək və 480 qram heroin götürülmüşdür.

Avqustun 24-də Şəmkir rayon sakini K.Axundovanın evindən qızıl əşyalarını oğurlamış M.Qurbanova tutulmuşdur

26.08.2012

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Kəmalə Axundovanın evindən 4000 manat dəyərində qızıl əşyalarını oğurlamış Düyərli kənd sakini Məhbubə Qurbanova tutulmuşdur.

Balakən rayon sakini F.İbadovun həyətyanı sahəsindən çətənə kolları aşkar edilərək götürülmüşdür

26.08.2012

Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qullar kənd sakini Fərman İbadovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş ümumi çəkisi 65 kiloqram olan 14 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.

Avqustun 25-də A.Abbasova məxsus avtomaşını qaçırmış şəxslər tutulmuşlar

26.08.2012

Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də Abbas Abbasova məxsus qaçırılmış "VAZ-2106" markalı avtomaşın həmin gün Bakıxanov qəsəbəsi ərazisində əzilmiş vəziyyətdə tapılmışdır. Avtomaşını qaçırmış Bakı şəhər sakinləri Elsəvər Mirəliyev, Tural Qasımov və Masallı rayon sakini Qiyaməli Bayramov tutulmuşlar.

Avqustun 26-da Şəmkir rayon sakinləri İ.Əliyevə və O.Abdullayevə bıçaq xəsarət yetirənin şəxsiyyəti müəyyən edilmişdir

26.08.2012

Avqustun 26-da Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisindən, qəsəbə sakinləri İsmayıl Əliyev və Orxan Abdullayev bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilmişlər. Hadisənin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hidayət Səmədov tərəfindən törədilməsi müəyyən edilmişdir. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Şəmkir RPŞ tərəfindən aparılır.

Ərinə bıçaqla xəsarət yetirmiş Sumqayıt şəhər sakini X.Hüseynova saxlanılmışdır

26.08.2012

Avqustun 26-da Sumqayıt şəhər sakini Xəyalə Hüseynova ailə münaqişəsi zəminində əri Samirə bıçaqla xəsarət yetirmişdir. X.Hüseynova Sumqayıt ŞPİ əməkdaşları tərəfindən saxlanılmışdır.

Kürdəmir rayon sakinləri V.Şirəliyevə və F.Məmmədova bıçaqla xəsarət yetirmiş A.Məmmədov tutulmuşdur

26.08.2012

Avqustun 27-də saat 00.10 radələrində Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisindən, kənd sakinləri Vüsal Şirəliyev və Fəqani Məmmədov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilmişlər. Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Amil Məmmədov tutulmuşdur.

Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi

26.08.2012

Avqustun 26-da saat 17.30 radələrində Kürdəmir rayonu ərazisində, Bakı şəhər sakini Elmdar Əsgərovun idarə etdiyi "KamAZ" və Ağsu rayon sakini Aydın Məmmədovun idarə etdiyi "VAZ-2103" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə A.Məmmədov hadisə yerində ölmüş, sərnişinləri oğlu Namət və nəvəsi Fərid isə xəstəxanaya yerləşdirilmişlər. Fərid orada ölmüş, Namətin vəziyyəti isə orta-ağırdır.

Mingəçevir şəhəri ərazisində "VAZ-21011" və "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur

26.08.2012

Avqustun 26-da saat 17.00 radələrində Mingəçevir şəhəri ərazisində, Yevlax rayon sakinləri Aqif Bayramovun idarə etdiyi "VAZ-21011" və Nəsib Həmzəyevin idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur.Nəticədə A.Bayramov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri Vaqif İsgəndərov və Elçin Orucov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.

Şəki rayonu ərazisində T.Kərimov avtomaşını idarə edərkən onu aşırmışdır

26.08.2012

Avqustun 26-da saat 20.45 radələrində Şəki rayonunun Baş Küngüt kəndi ərazisində, rayon sakini Tərlan Kərimov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

Sumqayıt şəhəri ərazisində N.Məmmədov avtomaşını idarə edərkən Ə.Əhmədovu vurmuşdur

26.08.2012

Avqustun 26-da saat 22.50 radələrində Sumqayıt şəhərinin Köhnə Corat qəsəbəsi ərazisində, qəsəbə sakini Nəzirhüseyn Məmmədov "Mercedes" markalı avtomaşını idarə edərkən həmyerlisi Əli Əhmədovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Qazax şəhər sakini L.Vəliyev su anbarına düşərək boğulmuşdur

26.08.2012

Avqustun 26-da Qazax şəhər sakini Lətif Vəliyev su anbarına düşərək boğulmuşdur.

25.08.2012- Bazar günü ərzində 32 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 32 cinayət faktı qeydə alınmış, onların da 16-ı "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 17 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 12 nəfər tutulmuşdur.

Avqustun 10-da Bakı şəhər sakini B.Namazovu hədələyərək içərisində böyük məbləğdə pul olan çantasını almış şəxs tutulmuşdur

25.08.2012

Daxili İşlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da Bakı şəhər sakini Bəhruz Namazovu Yasamal rayonu ərazisində, tapançaya oxşar əşya ilə hədələyərək, içərisində 735.450 dollar pul olan çantasını ondan almış Qəbələ rayon sakini Elçin Abdullayev müəyyən edilərək tutulmuşdur.
Araşdırmalar zamanı E.Abdullayevin Sankt-Peterburq şəhərinin Baş Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası CM-nin 222-ci maddəsi ilə (qanunsuz olaraq odlu silah gəzdirmə) axtarışda olması müəyyən edilmişdir. Cinayətin digər iştirakçılarının da müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Soyğunçuluq etdiyinə görə tutulmuş E.Həşimovun avqustun 9-da digər cinayət hadisəsini də törətməsi müəyyən edilmişdir

25.08.2012

Avqustun 24-də soyğunçuluq etdiyinə görə Baş Cinayət-Axtarış İdarəsi və Xızı RPŞ əməkdaşları tərəfindən tutulmuş Ehtiram Həşimovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 9-da Bağdagül Mehdiyevaya qarşı zor tətbiq edərək qızıl boyunbağısını alması da müəyyən edilmişdir.

Avqustun 24-də M.Qeybullayevə məxsus avtomaşını qaçırmış qrupun digər üzvü tutulmuşdur

25.08.2012

Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Meybulla Qeybullayevə məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış qrupun digər üzvü Masallı rayon sakini Qiyaməli Sadıqov tutulmuşdur.

Tikilməkdə olan şəxsi evdən tikinti materialları və təmir alətləri oğurlamış şəxslər tutulmuşlar

25.08.2012

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Orxan Rəcəbova məxsus tikilməkdə olan evdən tikinti materialları və təmir alətləri oğurlamış Corat qəsəbə sakiniləri Səbuhi Kərimov və qardaşı Tural tutulmuşlar.

Siyəzən rayonunun Beşdam kəndi ərazisində yol-nəqliyyat hadisəsi

25.08.2012

Avqustun 25-də saat 20.40 radələrində Siyəzən rayonunun Beşdam kəndi ərazisində, rayon sakini Kamil Əliyevin idarə etdiyi "Hyundai İX-35" və Bakı şəhər sakini Toğrul Novruzlunun idarə etdiyi "Nissan X-Trail" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə K.Əliyevin sərnişini - arvadı Bahar və T.Novruzlunun sərnişini - atası Kamal hadisə yerində ölmüş, xəsarət almış hər 2 sürücü və digər sərnişin xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Kürdəmir rayonu ərazisində "QAZ-2410" və "Kamaz" markalı avtomaşınlar toqquşmuşdur

25.08.2012

Avqustun 26-da saat 00.30 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində, kənd sakini Asif Mürşüdovun idarə etdiyi "QAZ-2410" və Tovuz rayon sakini Zülfüqar Mirzəyevin idarə etdiyi "Kamaz" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə A.Mürşüdov və sərnişini İlqar Mirzəliyev hadisə yerində ölmüşlər.

Xaçmaz rayonu ərazisində R.Həşimov avtomaşını idarə edərkən piyadanı vurmuşdur

25.08.2012

Avqustun 25-də saat 23.00 radələrində Xaçmaz rayonunun Müqtədir qəsəbəsi ərazisində, Sumqayıt şəhər sakini Rəfael Həşimov "Mercedes" markalı avtomaşını idarə edərkən qəsəbə sakini Xanbala Xankişiyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Binəqədi rayonu ərazisində Bakı şəhər sakini A.Acalov "Peugeot-206" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən "KamAZ" markalı avtomaşına vurmuşdur

25.08.2012

Avqustun 25-də saat 10.30 radələrində Binəqədi rayonu ərazisində, Bakı şəhər sakini Aydın Acalov "Peugeot-206" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi "KamAZ" markalı avtomaşına vurmuşdur. Nəticədə A.Acalov hadisə yerində ölmüş, xəsarət almış sərnişini Nigar Yaqublu isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Füzuli rayonu ərazisində idarə etdiyi avtomaşınla piyadanı vurmuş sürücü saxlanılmışdır

25.08.2012

Avqustun 25-də saat 23.00 radələrində Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində, müəyyən edilməmiş avtomaşınla, yolu keçən kənd sakini Müşfiq Əsədov vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "VAZ-2106" markalı avtomaşının sürücüsü Şamo Abdullayev Füzuli RPŞ əməkdaşları tərəfindən saxlanılmışdır.

Bakı şəhər sakini Y.Kardionka dənizdə çimərkən boğulmuşdur

25.08.2012

Avqustun 25-də Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini Yuliya Kardionka dənizdə çimərkən boğulmuşdur.

Bərdə rayon sakini N.Əliyev Masazır qəsəbəsi ərazisində elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

25.08.2012

Avqustun 25-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində tikinti işləri aparılan zaman, Sumqayıt şəhərində kirayədə yaşayan Bərdə rayon sakini Niyaməddin Əliyev elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

O.M.