Azərbaycanda 23 Avqustun kriminal xronikası

Azərbaycanda 23 Avqustun kriminal xronikası

24 Avqust 2012 13:20
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 36 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 36 cinayət faktı qeydə alınmış, onların da 20-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 9 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 27 nəfər tutulmuşdur.

Bakının Nizami rayonu ərazisində Y.Musayev avtomaşını idarə edərkən yolu keçən K.Mirişovanı və onun 8 yaşlı oğlunu vurmuşdur

23.08.2012

Avqustun 23-də saat 19.45 radələrində Bakının Nizami rayonu ərazisində, Mingəçevir şəhər sakini Yaməddin Musayev "VAZ-21011" markalı avtomaşını idarə edərkən yolu keçən Bakı şəhər sakinləri Könül Mirişova və onun oğlu 8 yaşlı Damədi vurmuşdur. Nəticədə K.Mirişova aldığı xəsarətdən hadisə yerində ölmüş, uşaq isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Bakının Nizami rayonu ərazisində "QAZel" markalı avtomaşınla piyada Ə.Cəfərova vurulmuşdur

23.08.2012

Avqustun 23-də saat 17.00 radələrində Bakının Nizami rayonu ərazisində, Bakı şəhər sakinləri Xəqani Liftiyev "QAZel" markalı avtomaşını idarə edərkən yolu keçən Əminə Cəfərovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Lənkəran rayonunun Şirinsu kəndi ərazisində yol-nəqliyyat hadisəsi

23.08.2012

Avqustun 23-də saat 20.00 radələrində Lənkəran rayonunun Şirinsu kəndi ərazisində, rayon sakini Cəbrayıl İbayevin idarə etdiyi "VAZ-2109" və Göyçay rayon sakini Aftandil Abbasovun idarə etdiyi "Mercedes-240" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə C.İbayev hadisə yerində ölmüş, xəsarət almış sərnişini Həmdulla Bayramov, habelə A.Abbasov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Gədəbəy rayonunun Gərgər kəndi ərazisində yol-nəqliyyat hadisəsi

23.08.2012

Avqustun 23-də saat 22.20 radələrində Gədəbəy rayonunun Gərgər kəndi ərazisində, rayon sakini Pərviz İbrahimov "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu işıq dirəyinə vurmuş və avtomaşında yanğın baş vermişdir. Nəticədə sürücü və sərnişini hadisə yerində ölmüşlər.

Şabran rayonu ərazisində A.Məcidov avtomaşını idarə edərkən M.Nurəddinovu vurmuşdur

23.08.2012

Avqustun 23-də saat 08.30 radələrində Şabran rayonu ərazisində, Qusar şəhər sakini Azər Məcidov "VAZ-2106" markalı avtomaşını idarə edərkən rayon sakini Mehman Nurəddinovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Bərdə rayonunun Zümürxan kəndi ərazisində yol-nəqliyyat hadisəsi

23.08.2012

Avqustun 23-də saat 18.20 radələrində Bərdə rayonunun Zümürxan kəndi ərazisində, Tərtər şəhər sakini Alim Mehdiyevin və İmamqulubəyli kənd sakini Baloğlan Musayevin idarə etdikləri "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Musayev orada ölmüşdür.

Bakı şəhər sakini H.Əsgərliyə qarşı zor tətbiq edərək çantasını oğurlamış A.Hüseynov tutulmuşdur

23.08.2012

Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 23-də Bakı şəhər sakini Həcər Əsgərliyə qarşı zor tətbiq edərək, içərisində 41 manat pul və sənədlər olan çantasını oğurlamış həmyerlisi Anar Hüseynov tutulmuşdur.

Avqustun 21-də R.İsayevi bıçaqla hədələyərək ondan pul almış şəxslər tutulmuşlar

23.08.2012

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də Ramil İsayevi bıçaqla hədələyərək, ondan 50 manat pul almış Masallı rayon sakini Elvin Cəfərov və Bakı şəhər sakini Rafayel Cəfərov tutulmuşlar.

Nəsimi rayonu ərazisindəki mənzillərdən birinin tiryəkxana kimi istifadə olunması müəyyən edilmiş və orada olan şəxslərdən heroin götürülmüşdür

23.08.2012

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Aynurə Məmmədovaya məxsus mənzilin tiryəkxana kimi istifadə olunması müəyyən edilmiş və orada olan Bakı şəhər sakinləri Səidə İmanova, Çinarə Məmmədova və Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş, Xətai RPİ tərəfindən axtarışda olan Xatirə Ələkbərova tutulmuşlar. Onlardan ümumilikdə 3,057 qram heroin aşkar edilərək götürülmüşdür.

Oğurluğa görə tutulmuş T.Aşurovun digər şəxslə birgə başqa oğurluq cinayətlərini də törətmələri müəyyən edilmişdir

23.08.2012

Oğurluq etdiyinə görə avqustun 22-də Baş Mühafizə İdarəsi və Çevik Polis Alayı əməkdaşları tərəfindən tutulmuş Taleh Aşurovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2010, 2011 və 2012-ci illər ərzində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Əzimov ilə birgə Aqil Şıxəliyevin, Anar Abbasovun, Samir Əhmədovun, Dilbər Nəsirovanın, Mirayxan Məmmədovun evlərindən, Təranə Kərimovaya məxsus mağazadan, Nüşabə Nəcəfovaya məxsus kafedən və Arif Muxtarova məxsus hamamdan oğurluq etmələri də müəyyən edilmişdir. N.Əzimov tutulmuşdur.

Sabirabad rayon sakini V.Əzimova məxsus qoyunları oğurlamış şəxslər saxlanılmışlar

23.08.2012

Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də Vüsal Əzimova məxsus 3 baş qoyunu oğurlamış Çığırğan kənd sakinləri Tarıverdi Zeynalov və oğlu Samit saxlanılmışlar.

Qəbələ rayon sakini N.Zeynalovun həyətyanı sahəsindən çətənə kolları götürülmüşdür

23.08.2012

Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bum qəsəbə sakini Nizami Zeynalovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi ümumi çəkisi 5 kiloqram 645 qram olan 6 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.

Axtarışda olan Rafayel Əliyev tutulmuşdur

23.08.2012

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Krasnoyarsk şəhər Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası CM-nin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Rafayel Əliyev tutulmuşdur.

Tərtər rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

23.08.2012

Şuşa RPŞ əməkdaşları tərəfindən Tərtər rayonu ərazisində yabanı halda bitmiş ümumi çəkisi 2 ton 780 kiloqram olan 2 min 457 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.

Oğuz rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

23.08.2012

Oğuz RPŞ əməkdaşları tərəfindən rayon ərazisində yabanı halda bitmiş ümumi çəkisi 1 ton 10 kilolqram olan 842 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.

Gürcüstan vətəndaşı A.Hacalıyevdən odlu silah götürülmüşdür

23.08.2012

Çevik Polis Alayı və Nizami RPİ 24-cü PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Anar Hacalıyevdən 1 ədəd "Makarov" markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı götürülmüşdür.

Axtarışda olan Gürcüstan vətəndaşı Maqomed Güselnov tutulmuşdur

23.08.2012

Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Moskva vilayəti Baş Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası CM-nin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Gürcüstan vətəndaşı Maqomed Güselnov tutulmuşdur.

Xəzər rayon sakini A.Məmmədov yıxılması nəticəsində aldığı xəsarətdən ölmüşdür

23.08.2012

Avqustun 23-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan Adil Məmmədov həyətində ehtiyatsızlığı nəticəsində yıxılmış və baş nahiyəsindən aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Xaçmaz rayonu ərazisində Quba rayon sakini İ.Əliyev hündürlükdən yıxılması nəticəsində ölmüşdür

23.08.2012

Avqustun 22-də Xaçmaz rayonunda yaşayan Nəcəf Mustafayevin evində təmir işləri aparan Quba rayon sakini İntiqam Əliyev ehtiyatsızlığı nəticəsində 5-ci mərtəbədən yıxılmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.Əliyev avqustun 23-də orada ölmüşdür.

O.M.