Azərbaycanda 22 Avqustun kriminal xronikası

Azərbaycanda 22 Avqustun kriminal xronikası

23 Avqust 2012 12:26
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 63 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 63 cinayət faktı qeydə alınmış, onların da 26-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 13 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 26 nəfər tutulmuşdur.

Sumqayıt şəhəri ərazisində E.Qarayev avtomaşını idarə edərkən iki piyadanı vurmuşdur

22.08.2012

Avqustun 22-də saat 21.45 radələrində Sumqayıt şəhəri ərazisində, şəhər sakini Elşən Qarayev "Mercedes" markalı avtomaşını idarə edərkən yolu keçən İsmayıllı rayon sakini Elşad Aslanovu və 45-50 yaşlı qadını vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş həmin qadın orada ölmüş, E.Aslanovun vəziyyəti isə orta-ağırdır.

Abşeron rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini G.Sultanova vurulmuşdur

22.08.2012

Avqustun 21-də saat 23.15 radələrində Abşeron rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla yolu keçən Bakı şəhər sakini Gülzar Sultanova vurulmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Abşeron rayonu ərazisində A.Bağırov avtomaşını idarə edərkən N.Əhmədovu vurmuşdur

22.08.2012

Avqustun 22-də saat 08.00 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində, Saray qəsəbə sakini Arif Bağırov "Hyundai" markalı avtomaşını idarə edərkən yolu keçən qəsəbə sakini Namiq Əhmədovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Xaçmaz rayon sakini E.Novruzovaya məxsus evdə yanğın baş vermişdir

22.08.2012

Avqustun 22-də saat 17.30 radələrində Xaçmaz rayonunun Arzu kənd sakini Esmira Novruzovaya məxsus evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. E.Novruzova RPŞ-yə müraciət edərək, evinin sərxoş halda olan əri İlqar Novruzov tərəfindən qəsdən yandırılmasını bildirmişdir. Araşdırmalar aparılır.

Binəqədi rayonunda yaşayan E.Nəcəfovanın mənzilindən oğurluq etmiş şəxslər tutulmuşlar

22.08.2012

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də Binəqədi rayonunda yaşayan Elnarə Nəcəfovanın mənzilindən 100 manat pul və qızıl əşyaları oğurlamış şəhər sakinləri Müşgünaz Əhmədzadə və Turan Ağayev tutulmuşlar.

Bakı şəhər sakini L.Şirinovanın mənzilindən pul və qızıl əşyaları oğurlamış T.Yaşıyev və P.Qasımov tutulmuşlar

22.08.2012

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də Lamiyə Şirinovanın mənzilindən 8000 manat pul və qızıl əşyaları oğurlamış Bakı şəhər sakini Təbriz Yaşıyev və Masallı rayon sakini Pərviz Qasımov tutulmuşlar.

Avqustun 21-də R.İsayevi bıçaqla hədələyərək pulunu almış şəxslər tutulmuşlar

22.08.2012

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də Ramil İsayevi bıçaqla hədələyərək 50 manat pulunu ondan almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Lalə Şirinova və Masallı rayon sakini Elnur Quliyev tutulmuşlar.

Avqustun 12-də T.Məlikovun etimadını qazanaraq pulunu almış Bakı şəhər sakini T.Vahidov tutulmuşdur

22.08.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də Turan Məlikovun etimadını qazanaraq, ondan 2100 manat pul almış Bakı şəhər sakini Telman Vahidov tutulmuşdur.

Avqustun 14-də E.Şahverdiyevin evindən pul və qızıl əşyaları oğurlamış Bakı şəhər sakinləri O.Nəcəfov və S.Əliyev tutulmuşlar

22.08.2012

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də Etibar Şahverdiyevin evindən 10000 manat pul və qızıl əşyaları oğurlamış Bakı şəhər sakinləri Orxan Nəcəfov və Sahil Əliyev tutulmuşlar.

Qax rayon sakini Q.Əsgərovun evindən radikal yönümlü dini kitablar və ov tüfəngi aşkar edilərək götürülmüşdür

22.08.2012

Qax RPŞ və MTN-nin Qax rayon şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zəyəm kənd sakini, əvvəllər məhkum olunmuş Qurban Əsgərovun evinə baxış zamanı radikal yönümlü dini təriqətləri təbliğ edən 9 ədəd kitab, 10 ədəd broşür və müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi aşkar edilərək götürülmüşdür.

Balakən rayonu ərazisində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür

22.08.2012

Balakən RPŞ və MTN-nin Balakən rayon şöbəsinin əməkdaşları rayon ərazisində kultivasiya yolu ilə yetişdirilmiş ümumi çəkisi 80 kiloqram olan 332 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.

Qax rayon sakini Z.Tayubovun evindən radikal yönümlü dini materiallar götürülmüşdür

22.08.2012

Qax RPŞ və MTN-nin Qax rayon şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qax şəhərindəki evlərdən birində kirayədə yaşayan Ləkit kənd sakini Zahir Tayubovun evinə baxış zamanı radikal yönümlü dini təriqətləri təbliğ edən 11 ədəd kitab, 21 ədəd broşür, 7 ədəd SD, DVD disklər, 24 ədəd audio və 1 ədəd video kasetlər aşkar edilərək götürülmüşdür.

Göyçay şəhər sakini N.Aşurov avqustun 11-də çayda çimərkən aldığı xəsarətdən xəstəxanada ölmüşdür

22.08.2012

Avqustun 11-də Göyçay şəhər sakini Nadir Aşurov, şəhər ərazisindən keçən Göyçay çayında çimərkən onurğa beyin xəsarəti almışdır. Xəstəxanaya yerləşdirilmiş N.Aşurov avqustun 22-də orada ölmüşdür.

Şəmkir rayon sakini F.Qasımov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

22.08.2012

Avqustun 22-də Şəmkir rayonunun Düyərli kəndi ərazisində, kənd sakini Firudin Qasımov qaynaq işləri apararkən, elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

O.M.