Azərbaycanda 11-12 Avqustun kriminal xronikası

Azərbaycanda 11-12 Avqustun kriminal xronikası

13 Avqust 2012 13:21
Bəyəndim (0) Bəyənmədim (0)
Şənbə və bazar günləri 62 cinayət faktı qeydə alınmışdır

12.08.2012- şənbə günü ərzində 28 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 28 cinayət faktı qeydə alınmış, onların da 9-u "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 1 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 14 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 6 nəfər tutulmuşdur.

Gəncə şəhərində avtomaşın qaçırmış və onu idarə edərkən YNH törətmiş S.Bağırov tutulmuşdur

12.08.2012

Avqustun 12-də Gəncə şəhərində, şəhər sakini Hamlet Mahmudova məxsus "VAZ-2106" markalı avtomaşın, Ağstafa rayon sakini tanışı Samir Bağırov tərəfindən qaçırılmış və idarə edilərkən Bərdə rayon sakini Şahid Davudovun idarə etdiyi "Toyota" markalı avtomaşına vurulmuşdur. Nəticədə avtomaşınlara qismən ziyan dəymiş, S.Bağırov Kəpəz RPİ əməkdaşları tərəfindən tutulmuşdur.

Səbail rayonu ərazisində paytaxt sakini Yaşar Əsgərovun idarə etdiyi avtomaşınla piyada S.Vnuçkov vurulmuşdur

12.08.2012

Avqustun 12-də saat 10.15 radələrində Səbail rayonu ərazisində, Bakı şəhər sakini Yaşar Əsgərov "Mitsubishi" markalı avtomaşını idarə edərkən yolu keçən Sergey Vnuçkovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Lənkəran şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

12.08.2012

Avqustun 12-də saat 18.30 radələrində Lənkəran şəhəri ərazisində, şəhər sakini Yasər Hüseynzadənin idarə etdiyi "VAZ-21154" və Masallı rayon sakini İlham Murtuzayevin idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə İ.Murtuzayevin sərnişinlərindən Nəzər Əliyev hadisə yerində ölmüş, xəsarət almış hər iki sürücü və digər sərnişin xəstəxanaya yerləşdirilmişlər. İ.Murtuzayev orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Yevlax rayonunda Kəlbəcər rayon sakinlərinin yaşadıqları binada yanğın baş vermişdir

12.08.2012

Avqustun 12-də saat 19.00 radələrində Yevlax rayonundakı Kəlbəcər rayon sakinlərinin yaşadıqları Təmir Tikinti İdarəsinin İnzibati binasında yanğın baş vermişdir. Nəticədə binanın yanar konstruksiyaları yanmış, tüstüdən zəhərlənmiş 5 nəfər Kəlbəcər rayon sakinləri xəstəxanaya yerləşdirilmişlər. Onlardan 3-nə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Paytaxtın Nizami rayonu ərazisində X.Əliyevə qarşı quldurluq etmiş Xaçmaz rayon sakini K.Cəfərov tutulmuşdur

12.08.2012

Avqustun 10-da Bakının Nizami rayonu ərazisindəki istirahət parkında, Kamran adlı şəxs Bakı şəhər sakini Xəzər Əliyevə qarşı zor tətbiq edərək, ondan 43 manat pul və gümüş qolbağısını almışdır. Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Xaçmaz rayon sakini Kamran Cəfərov tutulmuşdur.

Suraxanı rayon sakini K.Qafarovanın evindən oğurluq etmiş qardaşı N.Qafarov tutulmuşdur

12.08.2012

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də Könül Qafarovanın evindən içərisində 70 manat pul, qızıl əşyaları və sənədlər olan seyfi oğurlamış qardaşı, əvvəllər məhkum olunmuş Nazim Qafarov tutulmuşdur.

Qusar rayon sakini A.Muradxanova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış T.Hüseynov tutulmuşdur

12.08.2012

Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də Ariz Muradxanova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış rayon sakini Təbrik Hüseynov tutulmuşdur.

Abşeron rayon sakini D.Əliyev dənizdə boğulmuşdur

12.08.2012

Avqustun 11-də Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki dəniz çimərliyində, Abşeron rayon sakini Dərya Əliyev suda boğulmuşdur.

İki yaşlı Bərdə rayon sakini N.Qurbanova su kanalında boğulmuşdur

12.08.2012

Avqustun 12-də Bərdə rayonunun Hüseynalılar kəndi ərazisində, kənd sakini 2 yaşlı Nərmin Qurbanova kanala yıxılmış və suda boğulmuşdur.

Salyan rayonu ərazisində ehtiyatsızlıqdan ov tüfəngindən açılmış atəş nəticəsində Şamaxı rayon sakini R.Mirzəyev ölümcül yaralanmışdır

12.08.2012

Avqustun 12-də Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisindəki fermada, Şamaxı rayon sakini Laçın Mirzəyev ehtiyatsızlıqdan ov tüfəngindən atəş açaraq orada çoban işləyən qardaşı Rahibi yaralamışdır. Xəstəxanaya yerləşdirilmiş R.Mirzəyev orada ölmüşdür. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülmüşdür.

11.08.2012- bazar günü ərzində 34 cinayət faktı qeydə alınmışdır


Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 34 cinayət faktı qeydə alınmış, onların da 20-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 19 nəfər tutulmuşdur.

Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi

11.08.2012

Avqustun 11-də saat 22.30 radələrində Yevlax rayonu ərazisində, rayon sakini Çənlibel Əbdülovun idarə etdiyi "VAZ-2106" və Xaçmaz rayon sakini Samit Həsənovun idarə etdiyi "Toyota" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Ç.Əbdülov və onun sərnişini Vidadi Həsənov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi

11.08.2012

Avqustun 11-də saat 13.00 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində, kənd sakini Oruc Mehdiyev "VAZ-21074" markalı avtomaşını idarə edərkən həmkəndlisi Nofəl Kərimovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Sumqayıt şəhər sakini M.Cəfər avtomaşından pul oğurlayarkən sürücü N.Babayev tərəfindən saxlanılmışdır

11.08.2012

Avqustun 11-də Sumqayıt şəhər sakini Novruz Babayevin idarə etdiyi "Daevoo" markalı avtomaşından 50 manat pul oğurlayarkən, şəhər sakini Məhəbbət Cəfər sürücü tərəfindən saxlanılmış və Sumqayıt ŞPİ 4-cü PB-yə təhvil verilmişdir.

Aprelin 22-də E.Pənahının xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş Sumqayıt şəhər sakini E.Əhmədov saxlanılmışdır

11.08.2012

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdiklər əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də Elmir Pənahının xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "Kia" markalı avtomaşının sürücüsü Sumqayıt şəhər sakini Emin Əhmədov saxlanılmışdır.

Avqustun 7-də M.Həsənova məxsus avtomaşından oğurluq etmiş Bakı şəhər sakini N.Xibiyev saxlanılmışdır

11.08.2012

Abşeron RPŞ əməkdaşlarının həyata keçirdiklər əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də Müşfiq Həsənova məxsus "VAZ-2107" markalı avtomaşından maqnitofonu və ehtiyat təkərini oğurlamış Bakı şəhər sakini Nəcməddin Xibiyev saxlanılmışdır.

Xəzər rayonu Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

11.08.2012

Avqustun 11-də saat 13.05 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində, Babək rayon sakini İlqar Tarıverdiyevin idarə etdiyi "Opel-Vita" və Gürcüstan vətəndaşı Əliyar Alıyevın idarə etdiyi "Şadman" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə İ.Tarıverdiyev hadisə yerində ölmüş, sərnişinləri arvadı Səidə, uşaqları Kənan və Züleyxa xəstəxanaya yerləşdirilmişlər. Züleyxa orada ölmüş, digərlərinin vəziyyəti orta-ağırdır.

Nərimanov rayonu ərazisində usta işləyən İ.Quliyev hündürlükdən yıxılaraq ölmüşdür

11.08.2012

Avqustun 11-də saat 09.30 radələrində Nərimanov rayonu ərazisində, Dövlət Neft Şirkətinin Geofizika Geologiya Baş İdarəsində, orada usta işləyən Sumqayıt şəhər sakini İslam Quliyev İdarənin 5-ci mərtəbəsində qaynaq işləri apararkən yıxılaraq ölmüşdür.

Bakı şəhər sakini Rəşad Mahmudov çimərkən suda boğulmuşdur

11.08.2012

Avqustun 11-də Xəzər rayonunun Buzovna dəniz çimərliyində, Bakı şəhər sakini Rəşad Mahmudov çimərkən suda boğulmuşdur.

O.M.