Azərbaycanda 8 Avqustun kriminal xronikası

Azərbaycanda 8 Avqustun kriminal xronikası

9 Avqust 2012 13:05
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 40 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 40 cinayət faktı qeydə alınmış, onların da 28-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 35 nəfər tutulmuşdur.

Sürücü Aydın Mürsəliyevin məsuliyyətdən yayınmaq məqsədi ilə polisə yalan məlumat verməsi müəyyən edilmişdir

08.08.2012

Avqustun 8-də Bakı şəhər sakini Aydın Mürsəliyev polisə zəng edərək, həmin gün saat 10.00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindən ona məxsus "BMW" markalı avtomaşının qaçırılması barədə məlumat vermişdir. Araşdırmalar zamanı Masazır qəsəbəsi ərazisində, A.Mürsəliyev avtomaşınını idarə edərkən Bakı şəhər sakini Nadir Səfərovu vuraraq ona xəsarət yetirməsi və məsuliyyətdən yayınmaq məqsədi ilə onun polisə yalan məlumat verməsi müəyyən edilmişdir.

İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi

08.08.2012

Avqustun 8-də saat 18.35 radələrində İmişli rayonu ərazisində, rayon sakinləri İxtiyar Muradovun idarə etdiyi "BMW" markalı avtomaşınla, İsmayıl Xudiyevin idarə etdiyi "İj Planeta" markalı motosikilet toqquşmuşdur. Nəticədə İ.Xudiyev aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış sərnişini Tuqay Mahmudov, habelə İ.Muradovun sərnişini rayon sakini Namiq Şirinov xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Suraxanı rayonu Yeni Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

08.08.2012

Avqustun 8-də saat 23.40 radələrində Suraxanı rayonunun Yeni Ramana qəsəbəsi ərazisində, Bakı şəhər sakini Tahir Hüseynov "Toyota" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölmüş, sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Göyçay rayonu Bığır kəndi ərazisində yol-nəqliyyat hadisəsi

08.08.2012

Avqustun 8-də saat 22.30 radələrində Göyçay rayonunun Bığır kəndi ərazisində, kənd sakini Vüsal Nuriyev "VAZ-2101" markalı avtomaşını idarə edərkən onu aşırmışdır.Nəticədə sürücü hadisə yerində ölmüşdür.

Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi

08.08.2012

Avqustun 8-də saat 21. 15 radələrində Siyəzən rayonu ərazisində, Xaçmaz rayon sakini Atakişi İsaqovun idarə etdiyi "QAZ-33021" və Bakı şəhər sakini Azər İsmayılovun idarə etdiyi "QAZ-3302" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə A.İsaqovun xəsarətlə xəstəxanaya yerləşdirilmiş sərnişini - oğlu Mahir orada ölmüşdür.

Bərdə rayonunun Əliyanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

08.08.2012

Avqustun 8-də saat 18.00 radələrində Bərdə rayonunun Əliyanlı kəndi ərazisində, Ağdam rayon sakini Şahlar Abbasov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücünün sərnişini - oğlu hadisə yerində ölmüşdür.

İyunun 1-də Əli Rəhimovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş şəxs saxlanılmışdır

08.08.2012

İyunun 1-də Əli Rəhimovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "İsuzu" markalı avtobusun sürücüsü Bakı şəhər sakini Aftandil Əmirov tərəfindən törədilməsi müəyyən edilmiş və o, Binəqədi RPİ 40-cı PB əməkdaşları tərəfindən saxlanılmışdır.

İyunun 20-də Əlibala Dadaşova qarşı xuliqanlıq etmiş Bakı şəhər sakini Vüqar Məmmədov tutulmuşdur

08.08.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 20-də Əlibala Dadaşova qarşı xuliqanlıq etmiş Bakı şəhər sakini Vüqar Məmmədov tutulmuşdur.

Ramil Hüseynova məxsus motosikleti oğurlamış Bakı şəhər sakinləri Samir Məlikli və Aslan Muxtarov tutulmuşlar

08.08.2012

Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də Ramil Hüseynova məxsus "ZANTES" markalı motosikleti oğurlamış Bakı şəhər sakinləri Samir Məlikli və Aslan Muxtarov tutulmuşlar.

Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Fərman Dadaşovdan tapança götürülmüşdür

08.08.2012

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərman Dadaşovdan 1 ədəd küstar üsulla hazırlanmış "Naqan" tipli tapança götürülmüşdür.

Cəlilabad rayon sakini Cavid Ağayevə bıçaqla xəsarət yetirmiş Emin Şahəliyev tutulmuşdur

08.08.2012

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də Cavid Ağayevə bıçaqla xəsarət yetirib, hadisə yerindən qaçmış Emin Şahəliyev tutulmuşdur.

Cəlilabad rayonu Təzəkənd kənd sakini Fərman Əliquliyevdən ov tüfəngi götürülmüşdür

08.08.2012

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təzəkənd kənd sakini Fərman Əliquliyevdən 1 ədəd "İJ-58" markalı ov tüfəngi götürülmüşdür.

Oğurluq etmiş Zərdab rayon sakini Səbuhi Məmmədov tutulmuşdur

08.08.2012

Zərdab RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də Tahir Qasımovun 60 manatını oğurlamış rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Məmmədov tutulmuşdur.

Hacıqabul rayon sakini Zabil Əliyevin həyətindən çətənə kolu və marixuana götürülmüşdür

08.08.2012

Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Zabil Əliyevin həyətindən ümumi çəkisi 14 kiloqram 535 qram olan 28 ədəd çətənə kolu və 309,68 qram marixuana götürülmüşdür.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Asif Məmmədov ölmüşdür

08.08.2012

Avqustun 8-də saat 17.50 radələrində Asif Məmmədov "İJ" markalı motosikileti idarə edərkən, onu yük qatarına vurmuşdur. Nəticədə A.Məmmədov hadisə yerində ölmüşdür.

May ayının 5-də yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Qəniradə Babayev xəstəxanada ölmüşdür

08.08.2012

Carı il may ayının 5-də saat 16.00 radələrində Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Qəniradə Babayev özünə məxsus velosipedi idarə edərkən, onu qarşıda gedən İltifat Abbasovun idarə etdiyi "Mitsubishi" markalı avtomaşına vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Q.Babayev avqustun 8-də orada ölmüşdür.

Bakı şəhər sakini Maarif Alyarov Xətai rayonu ərazisində tikilməkdə olan binanın 3-cü mərtəbəsindən yıxılaraq ölmüşdür

08.08.2012

Avqustun 8-də Xətai rayonu ərazisində tikilməkdə olan binanın 3-cü mərtəbəsindən, orada işləyən Bakı şəhər sakini Maarif Alyarov yıxılmış və aldığı xəsarətdən ölmüşdür.

Sabirabad rayonu Güdəcühür kənd sakini Könül Talıbova kimyəvi məhluldan zəhərlənərək ölmüşdür

08.08.2012

Avqustun 7-də Sabirabad rayonunun Güdəcühür kənd sakini Könül Talıbova evindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.

Salyan rayonu Gomuşlu kənd sakini 10 yaşlı Vüsalə Səfərova suda boğulmuşdur

08.08.2012

Avqustun 8-də Salyan rayonunun Gomuşlu kəndi ərazisində, kənd sakini 10 yaşlı Vüsalə Səfərova kanala yıxılmış və suda boğulmuşdur.

O.M.