
Azərbaycanda 7 Avqustun kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 52 cinayət faktı qeydə alınmış, onların da 27-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 34 nəfər tutulmuşdur.
Qobustan rayon sakini S.Hümbətovu qətlə yetirib hadisə yerindən qaçmış qardaşı tutulmuşdur
07.08.2012
Avqustun 7-də Qobustan rayonunun Çuxanlı kənd sakini, əvvəllər məhkum olunmuş Səxavət Hümbətov evində, münaqişə zəminində qardaşı Səyahəti bıçaqla qətlə yetirib, hadisə yerindən qaçmışdır. Qobustan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hümbətov tutulmuşdur.
Saatlı rayon sakini N.Kərimovanı zorla qaçırmış şəxslər saxlanılmışlar
07.08.2012
Avqustun 7-də saat 10.30 radələrində Şirvan şəhəri ərazisində, ŞPŞ-nin əməkdaşları tərəfindən "VAZ-21074" markalı avtomaşın nəzarət qaydasında saxlanılmışdır. Avtomaşının sürücüsünün Bakı şəhər sakini Kənan Əliquliyev, sərnişinlərinin isə Bakı şəhər sakini Qüdrət Həsənov, Saatlı rayon sakinləri Nuridə Kərimova və Mürvət Kərimov olmaları müəyyən edilmişdir. Nuridə Kərimova zorla qaçırılmasını bildirmişdir. K.Əliquliyev, Q.Həsənov və M.Kərimov saxlanılmış və Saatlı RPŞ-yə təhvil verilmişdir.
Xətai rayonu ərazisində R.Quliyev avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur
07.08.2012
Avqustun 7-də saat 13.00 radələrində Xətai rayonu ərazisində, Bakı şəhər sakini Rəşad Quliyev "Mercedes" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüşdür.
Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi
07.08.2012
Avqustun 7-də saat 20.00 radələrində Xətai rayonu ərazisində, Bakı şəhər sakini Zaur Vəliyevin idarə etdiyi "Lexus" və Goranboy rayon sakini Samir Əsədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Əsədov orada ölmüşdür.
Şirvan şəhəri ərazisində "VAZ-21015" markalı avtomaşınla Ə.Əliyev vurulmuşdur
07.08.2012
Avqustun 7-də saat 20.05 radələrində Şirvan şəhəri ərazisində, Hacıqabul rayon sakini Balaqardaş Məlikov "VAZ-21015" markalı avtomaşını idarə edərkən yolu keçən şəhər sakini Ələddin Əliyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada avqustun 8-də orada ölmüşdür.
Tovuz rayon sakini V.Cəfərovdan marixuana götürülmüşdür
07.08.2012
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Vitaliy Cəfərovdan 972,2 qram marixuana götürülmüşdür.
Avqustun 2-də Z.Rzayevə məxsus pul kisəsini oğurlamış Lerik rayon sakini E.İsayev tutulmuşdur
07.08.2012
Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də Zaur Rzayevə məxsus içərisində 340 manat pul və şəxsi sənədlər olan pul kisəsini oğurlamış Lerik rayon sakini Elmar İsayev tutulmuşdur.
"Topaz Mərc Oyunları" klubundan pul oğurlamış Bakı şəhər sakini T.Kərimov tutulmuşdur
07.08.2012
Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 6-da Səbinə Nəbiyevaya məxsus "Topaz Mərc Oyunları" klubundan 8000 manat pul oğurlamış Bakı şəhər sakini Taleh Kərimov tutulmuşdur.
İyulun 23-də Sumqayıt şəhər sakini Ə.Səfərova məxsus mağazadan oğurluq etmiş Bakı şəhər sakinləri A.Tağızadə və A.Məmmədov saxlanılmışlar
07.08.2012
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də Ələddin Səfərova məxsus mağazadan 200 manat pul, 1000 manat dəyərində danışıq kartları və tütün məmulatı oğurlamış Bakı şəhər sakinləri Aydın Tağızadə və Anar Məmmədov saxlanılmışlar. A.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 1-də Həmid Nuriyevə məxsus mağazadan ərzaq məhsulları və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.
Xaçmaz rayonunda üç şəxsə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini E.Xıdırov tutulmuşdur
07.08.2012
Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 6-da Xalid Babayevə, Ənvər Hüseynova və Ramiz Rüstəmova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Elçin Xıdırov tutulmuşdur.
Avqust ayının 4-də Astara rayonunda avtomaşından pul və mobil telefon oğurlamış İ.Qafarov tutulmuşdur
07.08.2012
Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqust ayının 4-də rayon sakini Arif İsmayılova məxsus "QAZ-24" markalı avtomaşından 65 manat pul və 1 ədəd mobil telefon oğurlamış həmyerlisi İlkin Qafarov tutulmuşdur.
Avqustun 5-də Yevlax rayon sakini A.Əsədovun evindən pul və qızıl əşyası oğurlamış A.Abdullayev tutulmuşdur
07.08.2012
Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 5-də Anar Əsədovun evindən 50 manat pul və qızıl əşyası oğurlamış rayon sakini Alim Abdullayev tutulmuşdur.
Samux rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir
07.08.2012
Samux RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirləri nəticəsində rayon ərazisində yabanı halda bitmiş ümumi çəkisi 1 ton 550 kiloqram olan 1720 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.
Gədəbəy rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir
07.08.2012
Gədəbəy RPŞ əməkdaşları tərəfindən rayon ərazisindən yabanı halda bitmiş ümumi çəkisi 1 ton 540 kiloqram olan 1930 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.
Şəki rayonunun Şorsu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
07.08.2012
Avqustun 7-də saat 14.50 radələrində Şəki rayonunun Şorsu kəndi ərazisində, Şərur rayon sakini İlkin Rəhimovun idarə etdiyi "Shacman" markalı yük avtomaşını ilə Zaqatala rayon sakini Məhəmməd Əhmədovun idarə etdiyi "Mercedes-230" markalı avtomaşını toqquşmuşdur. Nəticədə M.Əhmədov və 3 sərnişini hadisə yerində ölmüşlər.
Avqustun 5-də Qazax rayonunda yaşayan M.Koyunçunun evindən pul oğurlamış R.Süleymanova tutulmuşdur
07.08.2012
Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 5-də Türkiyə vətəndaşı Mehmet Koyunçunun yaşadığı evdən 4200 dollar pul oğurlamış Tovuz rayon sakini Rüxsarə Süleymanova tutulmuşdur.
2 yaşlı İmişli rayon sakini elektrik cərəyanı vurması nəticəsində ölmüşdür
07.08.2012
Avqustun 7-də İmişli rayon sakini Daşdəmir Quliyevin həyətində, nəvəsi 2 yaşlı Taciri elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
07.08.2012
Avqustun 7-də saat 00.05 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində, Bakı şəhər sakini Elman Valiulinin "BMW" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış sürücü xəstəxanaya aparılarkən yolda ölmüşdür.
O.M.