Azərbaycanda 4-5 avqustun kriminal xronikası

Azərbaycanda 4-5 avqustun kriminal xronikası

6 Avqust 2012 13:15
973
Bəyəndim (0) Bəyənmədim (0)
Şənbə və bazar günləri 101 cinayət faktı qeydə alınmışdır

04.08.2012 – şənbə günü ərzində 63 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 63 cinayət faktı qeydə alınmış, onların da 39-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.

İmişli rayonunun Əliyetməzli kəndi ərazisində yol-nəqliyyat hadisəsi

04.08.2012

Avqustun 4-də saat 16.30 radələrində İmişli rayonunun Əliyetməzli kəndi ərazisində, Bakı şəhər sakini Zakir Xanlarov "Opel Astra" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü və sərnişini - oğlu hadisə yerində ölmüşlər.

Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi

04.08.2012

Avqustun 4-də saat 22.30 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində, kənd sakini Orxan Allahyarov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişininə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Gədəbəy rayonunun Talakənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi

04.08.2012

Avqustun 4-də saat 20.00 radələrində Gədəbəy rayonunun Talakənd kəndi ərazisində, rayon sakini Fəzail Ələsgərov "UAZ" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişin Elşad Abdullayev hadisə yerində ölmüşdür.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Cəlilabad şəhər sakini Əli Rəhmətov ölmüşdür

04.08.2012

Avqustun 3-də saat 22.00 radələrində Cəlilabad rayonu ərazisində, rayon sakini Vidadi Abışov "QAZ-3302" markalı avtomaşını idarə edərkən yolu keçən şəhər sakini 5 yaşlı Əli Rəhmətovu vurmuşdur. Nəticədə xəsarət almış uşaq xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Salyan rayonunun Kürsəngi kənd sakini Qadiq Göyçəyevə məxsus evdə yanğın baş vermişdir

04.08.2012

Avqustun 4-də saat 14.25 radələrində Salyan rayonunun Kürsəngi kənd sakini Qadiq Göyçəyevə məxsus evdə yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları yanmışdır. Bunu görən ev sahibi həyəcanlanmış və infarktdan ölmüşdür.

Bilgəh qəsəbə sakini Mikayıl Əmirovdan narkotik vasitə götürülmüşdür

04.08.2012

Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bilgəh qəsəbə sakini Mikayıl Əmirovun həyətyanı sahəsindən çəkisi 15 kiloqram 300 qram olan 2 ədəd çətənə kolu və 2 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

Oğurluq etmiş Bakı şəhər sakini Arif Abdullayev tutulmuşdur

04.08.2012

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 3-də İbrahim Həsənova məxsus mobil telefonu oğurlamış Bakı şəhər sakini Arif Abdullayev tutulmuşdur.

Tofiq Ağayevə bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini İntiqam Əsgərov tutulmuşdur

04.08.2012

Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 3-də Tofiq Ağayevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İntiqam Əsgərov tutulmuşdur.

Oğurluq etmiş Bakı şəhər sakini Aqil Alışanlı tutulmuşdur

04.08.2012

Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 3-nə keçən gecə Bayıl qəsəbəsindəki "DNQ-4" ASC-nin emalatxanasından qapını sındırmaq yolu ilə elektrik kabeli və elektrik mühərriklərinin hissələri sökülərək oğurlanmış Bakı şəhər sakini Aqil Alışanlı tutulmuşdur.

Dilarə Əliyevanı qarət məqsədi ilə küt alətlə qətlə yetirmiş Goranboy rayon Şadılı kənd sakini Amid Əliyev tutulmuşdur

04.08.2012

Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 3-də Dilarə Əliyevanı qarət məqsədi ilə küt alətlə qətlə yetirmiş Şadılı kənd sakini Amid Əliyev tutulmuşdur.

Sabirabad rayon sakini Zeynal Ələkbərovun ölümü ilə bağlı arvadı Gülbəniz Ələkbərova tutulmuşdur

04.08.2012

Avqustun 3-də Sabirabad rayon sakini Zeynal Ələkbərovun itkin düşməsi barədə verilmiş məlumatla əlaqədar araşdırmalar zamanı onun 2011-ci ilin yanvar ayının 16-da qardaşı Əli (2011-ci ilin aprel ayında öz əcəli ilə ölmüşdür) və arvadı Gülbəniz Ələkbərova tərəfindən öldürülərək Suqovuşan kəndindəki evinin zirzəmisində basdırılması müəyyən edilmişdir. G.Ələkbərova Sabirabad RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Oğurluq etmiş Yevlax rayon sakini Alim Abdullayev tutulmuşdur

04.08.2012

Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da Vüsal Musayevin evindən 2000 manat pul və qızıl əşyaları oğurlamış rayon sakini Alim Abdullayev tutulmuşdur.

Qidadan zəhərlənmiş şəxslər xəstəxanaya gətirilmişlər

04.08.2012

Avqustun 4-də Sumqayıt şəhər sakini 5 yaşlı Leyla Mürsəlova, qardaşları 4 yaşlı Əbülfəz və 2 yaşlı Zülfüqar mənzillərindən qidadan (qarğıdalı çubuqları və marmeladından) zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyətləri qənaətbəxşdir.

Abşeron rayon sakini Hümmət Qəhrəmanov eyvandan yıxılaraq ölmüşdür

04.08.2012

Avqustun 4-də Abşeron rayon sakini Hümmət Qəhrəmanov yaşadığı evin 2-ci mərtəbəsinin eyvanından yıxılaraq ölmüşdür.

Ağdaş Yuxarı Ləki kənd sakinləri İsbat Əzizov və Müşfiq Feyzullayev elektrik cərəyanı vurması nəticəsində ölmüşlər

04.08.2012

Avqustun 4-də Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində, kənd sakinləri İsbat Əzizov və Müşfiq Feyzullayev elektrik cərəyanı vurması nəticəsində ölmüşlər.

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

04.08.2012

Avqustun 4-də saat 00.30 radələrində Qaradağ rayonu ərazisində, Gədəbəy rayon sakini Arif Quliyev "VAZ-21063" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı işıq dirəyinə vurmuşdur. Nəticədə sərnişini Çingiz Qasımov hadisə yerində, xəsarətlə xəstəxanaya yerləşdirilmiş özü isə orada ölmüşlər.

Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi

04.08.2012

Avqustun 4-də saat 01.20 radələrində Sabunçu rayonu ərazisində, Bakı şəhər sakinləri Ceyhun Hacıyevin idarə etdiyi "VAZ-2106" və Mürvət Sadıqovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə C.Hacıyev hadisə yerində ölmüşdür.

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi

04.08.2012

Avqustun 4-də saat 02.30 radələrində Xətai rayonu ərazisində, Bakı şəhər sakini Samir Həsənov "Ford" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

05.08.2012- bazar günü ərzində 38 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 38 cinayət faktı qeydə alınmış, onların da 11-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 12 nəfər tutulmuşdur.

Avtomaşın qaçırmış Arif Haşımov saxlanılmışdır

05.08.2012

Avqustun 5-də Xaçmaz rayonunda, Qusar şəhər sakini Biçəxan Əliyeva RPŞ-yə müraciət edərək, avqust ayının 2-də Müqtədir qəsəbəsi ərazisindəki avtomobil təmiri sexinə təmir üçün verdiyi "BMW" markalı avtomaşınının qaçırılmasını bildirmişdir. Görülmüş tədbirlər nəticəsində avtomaşını qaçırmış həmin sexdə işləyən Arif Haşımov avtomaşınla birgə rayon ərazisində saxlanılmışdır.

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

05.08.2012

Avqustun 5-də saat 22.00 radələrində Qaradağ rayonu ərazisində, Biləsuvar rayon sakini Anar Rəhimov "Mercedes" markalı avtomaşını idarə edərkən Qobustan qəsəbə sakini Səməndər Mövlanovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

05.08.2012

Avqustun 5-də saat 07.45 radələrində Sumqayıt şəhəri ərazisində, müəyyən edilməmiş avtomaşınla Təzə Corat qəsəbə sakini Samir İbadov vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır. Görülmüş tədbirlər nəticəsində hadisəni törətmiş "Mercedes-190" markalı avtomaşının sürücüsü şəhər sakini Zahid Zeynalov saxlanılmışdır.

Bərdə rayonu ərazisində yol-nəqliyyat hadisəsi

05.08.2012

Avqustun 5-də saat 17.30 radələrində Bərdə rayonu ərazisində, Gəncə şəhər sakini İlham İbrahimov "QAZ-3302" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

Oğurluq etdiklərinə görə tutulmuş Rövşən Əzizovun və Mübariz Kərimovun digər cinayət əməlləri müəyyən edilmişdir

05.08.2012

Oğurluq etdiklərinə görə avqustun 4-də DİN-in Baş Cinayət-Axtarış İdarəsi və Cəlilabad RPŞ əməkdaşları tərəfindən tutulmuş Rövşən Əzizovun və Mübariz Kərimovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların 2010, 2011 və 2012-ci illər ərzində, rayon sakinləri Qismət Dadaçova, Əlibala Alışova, Mirmehdi Almasova və Əlişah Gəncəliyevə məxsus ümumilikdə 24 baş inəyi oğurlamaları da müəyyən edilmişdir.

Cəlilabad rayon Astanlı kənd sakini Aftandil Ağayevdən 1,035 kq heroin götürülmüşdür

05.08.2012

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astanlı kənd sakini Aftandil Ağayevdən 1 kiloqram 35 qram heroin götürülmüşdür.

Avstriya vətəndaşı Urufi Özgülü döymüş Yevlax rayon sakini Səyyad Hətəmov tutulmuşdur

05.08.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 29-da Avstriya vətəndaşı Urufi Özgülü döymüş Yevlax rayon sakini Səyyad Hətəmov tutulmuşdur.

Saatlı rayon sakini Ayşən İsmayılova və Xaçmaz rayon sakini Ramin Çobanov suda boğulmuşlar

05.08.2012

Avqustun 5-də Saatlı rayon sakini Ayşən İsmayılova Araz çayında çimərkən suda boğulmuşdur.

Avqustun 5-də Xaçmaz rayonunun Müqtədir qəsəbəsinin dəniz çimərliyində, rayon sakini Ramin Çobanov çimərkən suda boğulmuşdur.

O.M.