Azərbaycanda 2 avqustun kriminal xronikiası

Azərbaycanda 2 avqustun kriminal xronikiası

3 Avqust 2012 14:08
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 42 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınmış, onların da 27-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 26 nəfər tutulmuşdur.

Oğuz rayonunun Fincan kəndi ərazisində yol-nəqliyyat hadisəsi

02.08.2012
Avqustun 2-də saat 17.00 radələrində Oğuz rayonunun Fincan kəndi ərazisində, Hacıqabul şəhər sakini Kəmalə Qasımova "Nissan Mikra" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər.

Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

02.08.2012

Avqustun 2-də saat 16.15 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində, qəsəbə sakini Mahir Məmmədov "Mercedes Vito" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

İyulun 31-də Ağstafa rayon sakini İ.Nəbiyevanın evində yanğın törətmiş Ə.Nəbiyev saxlanılmışdır

02.08.2012

Cari ilin iyul ayının 31-də saat 00.50 radələrində Ağstafa rayonunun Dağkəsəmən kənd sakini İlahə Nəbiyevanın evində yanğın baş vermişdir. Yanğının ev sahibinin həmkəndlisi Əhliman Nəbiyev tərəfindən törədilməsi müəyyən edilmiş və o, Ağstafa RPŞ əməkdaşları tərəfindən saxlanılmışdır.

Avqustun 1-də İ.Şirinliyə qarşı zor təbiq edərək mobil telefonunu ondan almış şəxslər tutulmuşlar

02.08.2012

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də İlkin Şirinliyə qarşı zor təbiq edərək mobil telefonunu ondan almış Masallı rayon sakini Emil Qafarov və Mingəçevir şəhər sakini Emil Abdullayev tutulmuşlar.

İyulun 31-də S.Mansurova məxsus avtomaşını qaçırmış Bakı şəhər sakini Q.Bayramov tutulmuşdur

02.08.2012

İyulun 31-də Salman Mansurova məxsus qaçırılmış "VAZ-2106" markalı avtomaşın avqust ayının 1-də Xətai rayonu ərazisində əzilmiş vəziyyətdə tapılmışdır. Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Bakı şəhər sakini Qiyəməli Bayramov tutulmuşdur.

Cəlilabad rayon sakini Q.Hüseynovun mal-qarasını oğurlamış şəxslər tutulmuşlar

02.08.2012

İyulun 31-də Cəlilabad rayonunun Çinar kənd sakini Qalib Hüseynov RPŞ-yə müraciət edərək, 2011-ci ilin avqust ayının 16-da kəndin otlaq sahəsində 4 baş inəyinin itməsini bildirmişdir. Araşdırmalar zamanı, inəklərin rayon sakinləri Rövşən Əzizov və Mübariz Kərimov tərəfindən oğurlanması müəyyən edilmiş və onların hər ikisi Cəlilabad RPŞ əməkdaşları tərəfindən tutulmuşlar.

Bakı şəhər sakini M.Sarayeva spirtli içkidən zəhərlənərək ölmüşdür

02.08.2012

Avqustun 2-də Bakının Nizami rayonunda yaşayan Marina Sarayeva mənzilində spirtli içkidən zəhərlənərək ölmüşdür.

Şəmkir rayonunda müxtəlif şayiələrin yaranmasına səbəb olmuş şəxslər saxlanılmışlar

02.08.2012

Cari ilin iyun ayının 28-dən avqust ayının 1-dək olan müddət ərzində Şəmkir rayonunda müxtəlif vaxtlarda rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus evlərə daş ataraq sakinlər arasında müxtəlif şayiələrin yaranmasına səbəb olmuş rayon sakinləri Arzu Rzayev və Samir Mürşüdov polis əməkdaşları tərəfindən saxlanılmışlar.

2 yaşlı Şəmkir rayon sakini G.Quliyeva dəmir parçasının üstünə düşməsi nəticəsində ölmüşdür

02.08.2012

Avqustun 2-də Şəmkir rayon sakini 2 yaşlı Günay Quliyeva oynayarkən dəmir parçasının üstünə düşməsi nəticəsində ölmüşdür.

Xaçmaz rayonunda iki nəfər dənizdə çimərkən suda boğulmuşlar

02.08.2012

Avqustun 2-də Xaçmaz rayonunda, Bakı şəhər sakini Ələstun Tağıyev və Siyəzən şəhər sakini Araz Əlimov dənizdə çimərkən suda boğulmuşlar.

Ağdaş rayon sakini M.Əhmədov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

02.08.2012

Avqustun 2-də Ağdaş rayonunun Korarx kəndində, kənd sakini Müşfiq Əhmədov həyətində elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

O.M.