Qusarlı ailəsi haqda şayiə yayan bələdiyyə işçisinə dəhşət yaşatdı – Şok olay

Qusarlı ailəsi haqda şayiə yayan bələdiyyə işçisinə dəhşət yaşatdı – Şok olay

27 Aprel 2022 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Qusar rayonunda 1986-cı il təvəllüdlü Romik şəxsi münasibətlər zəminində mübahisə zamanı həmkəndlisi Hacıbalaya xəsarət yetirib.

Oxuməni.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə bu il yanvarın 17-də saat 19 radələrində Qusar rayonu Bədirqala kəndindəki kafedə baş verib.

Romik kafedə Hacıbalanı döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Romikin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, Qusar rayonu Bədirqala kəndində yaşayır, zərərçəkmiş Hacıbala onun həmkəndlisidir: “Kənddə Hacıbala tərəfindən ailəm barədə müxtəlif şayiələr yayıldı. Buna görə aramızda söz-söhbət oldu”.

Təqsirləndirilən şəxs deyib ki, bundan başqa, Hacıbala əvvəllər bələdiyyədə işləyib və onun torpaq sahəsini ucuz qiymətə başqa şəxsə satıb: “Buna görə Hacıbaladan acıqlı olmuşam. Yanvarın 16-də Sərvət adlı şəxslə araq içib sərxoş oldum və evə getdim. Evdə ailə üzvlərimlə mübahisə etdim, əsəbləşdim. Saat təxminən 19 radələrində əsəbi və sərxoş halda evdən çıxaraq kafeyə getdim.

Kafedə Hacıbalanın masa arxasında oturduğunu gördüm. Acığım olduğundan onu söydüm. Sonra ona yaxınlaşdım və torpaq sahəmi nəyə görə ucuz qiymətə satdığını soruşdum. Hacıbala da əcəb elədiyini dedi. Bu səbəbdən yumruqla onun sifətindən vurdum, yıxıldı. Lakin onu əl-qol və ayaq zərbələri ilə vurmamışam. Həmin vaxt Hacıbala orada olan ağac parçası ilə mənim başımdan vurdu və xəsarət aldım”.

Romik qeyd edib ki,orada olan adamlar onları ayırıb və onu bayıra çıxarıblar: “Hacıbalanın burun nahiyəsində olan sıyrıq onu yumruqla itələməyim nəticəsində əmələ gəlib. Qalan xəsarətləri isə mən yetirməmişəm. Törətdiyim əməldən peşmanam. Himayəmdə dörd azyaşlı uşaq var. Bir neçə dəfə zərər çəkmiş şəxslə barışmağa cəhd etsəm də, o, mənimlə barışmayıb”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Hacıbalanın sözlərinə görə, Romik onun uzaq qohumudur: “2010-cu ildə bələdiyyədə işləmişəm. Təqsirləndirilən şəxsə məxsus torpaq sahələri isə 2014-cü ildə hansısa şirkət tərəfindən alınıb”.

Zərərçəkmiş şəxs deyib ki, yanvarın 17-də, saat 19 radələrində Qusar rayonu Bədirqala kəndində yerləşən kafedə yeyib-içmək üçün oturub: “Yemək yeməyə başlayan zaman Romik kafeyə girdi, ünvanıma ucadan söyüşlər söydü. Mənə yaxınlaşaraq gödəkçəmin arxa boyun hissəsindən tutdu, dartaraq yerə yıxdı. Sonra təpiklə başımdan və qarnımdan vurdu. Ayağa qalxdıqda isə yumruqla sifətimdən vurdu. Burnum qanadı, sifətim göyərdi. Orada olan şəxslər bizi ayırdılar”.

Hacıbala deyib ki, hadisə vaxtı özünü müdafiə etməyə, Romiki vurmağa macal tapmayıb: “Onun məni niyə söydüyünü və vurduğunu bilməmişəm. Sonradan Romikin anası dedi ki, guya torpaq söhbətinə görə həmin hərəkətləri edib. Lakin Romiklə heç bir torpaq problemim olmayıb. Hadisə ilə bağlı polisə şikayət etmişəm, onunla barışmamışam”.

Qusar rayon Məhkəməsinin hökmü ilə Romik 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Romik üzərinə yaşadığı Qusar rayonu Bədirqala kəndində yerləşən evini axşam saat 22.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.

Bundan başqa, onun Qusar rayonunun ərazi hüdudlarını tərk etməməsi tapşırılıb.

Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilib.