Qarabağ müharibəsi iştirakçısının anasına qarşı cinayət – Təfərrüat

Qarabağ müharibəsi iştirakçısının anasına qarşı cinayət – Təfərrüat

26 Aprel 14:25
131
Bəyəndim (0) Bəyənmədim (0)

Yevlax rayonunda 1971-ci il təvəllüdlü Elnarə 1-ci Qarabağ müharibəsi əlili Elşənin anası Məryəmə qarşı dələduzluq edib.

Oxuməni.az-ın Teleqraf.com-a istinadən verdiyi xəbərə görə, Elnarə Məryəmin 1-ci Qarabağ müharibəsinin iştirakçısı olan oğlu Elşənin əlil kimi qeydiyyata alınaraq təqaüdə çıxarılmasına kömək edəcəyini vəd verib. Elnarə bu yolla Məryəmdən 10 min manat alıb.

İstintaq orqanı tərəfindən Elnarənin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işi baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Toğrul Əliyevin sədrliyi ilə baxılıb.

Elnarə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, tanışı Əli onun həmkəndlisi Elşənə pensiya təyin olunmasında köməklik göstərilməsinə ehtiyac olduğunu bildirib: “Bu məqsədlə məni Elşənlə və onun anası Məryəmlə tanış etdi. Elşənin təqdim etdiyi sənədlərlə tanış olduqdan sonra ona köməklik edəcəyimə vəd verdim. Lakin razılaşdım ki, buna görə pul ödəməli olacaq.

Bu məqsədlə Elşənin anası Məryəmdən bir neçə dəfəyə cəmi 10 000 manat pul aldım. Elşənə aid sənədləri bir neçə tanışıma göstərsəm də, ona pensiya təyin edilməsində köməklik edə bilmədilər. Özüm, habelə oğlum xəstə olduğumuzdan həmin ərəfədə müalicə üçün pula ehtiyacımız vardı. Məryəmdən aldığım pulları müalicəyə xərclədim”.

Əməlindən peşman olduğunu qeyd edən Elnarə artıq zərərçəkmiş şəxsə vurulmuş ziyanı, habelə həmin məbləğin 25 faiz hissəsini təşkil edən məbləği dövlət büdcəsinə ödədiyini deyib.

Zərərçəkmiş şəxs qismində ifadə verən Məryəmin sözlərinə görə, oğlu Elşənə əllilik dərəcəsinin düzəldilməsi üçün Elnarəyə müxtəlif vaxtlarda 10 000 manat verib: “Elnarə vəd versə də, oğluma əlillik dərəcəsi verilmədi. Elnarədən pulu tələb edəndə bildirdi ki, hamısını həkimlərə verib”.

Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması, dəymiş ziyanın ödənilməsini nəzərə alıb.

Bu səbəbdən Elnarənin barəsində olan cinayət təqibinə xitam verilib.