Həkimi tora saldılar: Özü, həyat yoldaşı və azyaşlı uşağı ilə... – Təfərrüat
Abşeron rayonunda 1995-ci il təvəllüdlü Fərid Bəxtiyara qarşı dələduzluq edib.
Oxuməni.az Teleqraf.com-a istinadən xəbər verir ki, Fərid Bəxtiyara ailəsi ilə birlikdə Türkiyə Respublikasında 6 günlük istirahət üçün turpaket hazırlayacağı vədi verib. 14 avqust 2021-ci ildə 1500 manatı “BirBank” proqramı vasitəsi ilə öz hesab kartına köçürtdürüb, avqustun 15-də Xırdalan şəhərində yerləşən 5 nömrəli tam orta məktəbin yaxınlığında 2165 manat alıb.
İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hazırda heç bir yerdə işləmir: “2015-ci ildən 2021-ci ilin sentyabrınadək fərdi qaydada turizm sahəsində işləmişəm. Bu müddətdə işim müştərilərə xarici ölkələrdə və respublika daxilindəki istirahət mərkəzlərində turpaket hazırlamaq olub.
14 avqust 2021-ci ildə müştərimiz Əpruzə xanım mənə zəng etdi, dayısı Bəxtiyarın Türkiyə Respublikasında istirahət etmək üçün tur paket almaq istədiyini dedi. Mən də Əpruzəyə dayısına mobil nömrəmi verməsini və mənə zəng etməsini bildirdi. Aradan bir neçə dəqiqə keçdikdən sonra adını sonradan bildiyim Bəxtiyar mənə zəng vurdu. Söhbət əsnasında ailəsi ilə birlikdə Türkiyə Respublikasında istirahət etmək üçün turpaket almaq istədiyini bildirdi.
Bəxtiyara bu işlə məşğul olduğumu və kömək edə biləcəyimi bildirdim. Bəxtiyar Türkiyə Respublikasında olan bəzi otellərin siyahısını və şəkillərini baxdı, seçdikdən sonra mənə göndərdi. Həmin otellərin qiymətlərini vatsap proqramı vasitəsi ilə Bəxtiyara göndərdim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Bəxtiyar Türkiyə Respublikasının Antalya şəhərində seçdiyi oteldə 6 günlük istirahət üçün həyat yoldaşı, özü və azyaşlı övladı ilə birlikdə getmək istədiyini bildirib:
“Qiymətləri hesabladım, Bəxtiyara ailəsi ilə birlikdə seçdiyi oteldə 6 günlük istirahət etmələri üçün turpaketi ümumilikdə 3665 manata hazırlaya biləcəyimi dedim. Bəxtiyar da mənimlə razılaşdı. Ona kart hesabımın nömrəsini vatsap proqramı vasitəsi ilə göndərdim ki, ilkin olaraq 1500 manat göndərsin. Aradan bir qədər keçdikdən sonra həmin gün hesab nömrəmə 1500 manat göndərildi. Bu barədə Bəxtiyar zəng edərək soruşdu. Məbləğin kartıma yükləndiyini bildirdim.
Razılaşmaya əsasən qalan məbləği Bəxtiyar səhəri gün ödəməli oldu. Səhər Bəxtiyarla Xırdalan şəhərində yerləşən 5 nömrəli tam orta məktəbin yaxınlığında görüşdük. Bəxtiyarın “Lexus” markalı avtomobilində qabaq yan oturacaqda əyləşdim. Qalan 2165 manat pulu sayaraq mənə verdi.
Pulu aldıqdan sonra Bəxtiyara avqustun 19-da onun üçün düzəldəcəyim turpaketin təsdiq olacağını, avqustun 21-də isə hazırlayacağım turpaket üzrə ailəsi ilə birlikdə seçdiyi yerə gedə biləcəyini bildirdim”.
Fərid bildirib ki, avqustun 16-da Bəxtiyar ona zəng edib və məsələnin nə yerdə olduğunu soruşub: “Bəxtiyara narahat olmamağı, sənədlərin avqustun 19-dək hazır olacağını bildirdim. Avqustun 18-də səhər saatlarında Bəxtiyar mənə zəng edərək turpaketi soruşdu. Bəxtiyara seçdiyi oteldə avqustun 25-dən sonra yer boşalacağını dedim. O mənə verdiyi 3665 manatı geri qaytarmağımı istədi.
Bəxtiyara sistemdə problem yarandığını, müəyyən məbləğdə cərimə olunduğumu, lazım gələrsə görüşərək izah edə biləcəyimi bildirdim. Həmin gün Bəxtiyarla Bakı şəhərində Şamaxinka deyilən yerdə görüşdük. Ona verdiyi pulu avqustun 23-dək bankdan kredit götürərək çatdıracağımı dedim. Bəxtiyar da məndən sənədimi götürdü, özündə saxladı”.
Fərid deyib ki, avqustun 23-də Bəxtiyarla Xırdalan şəhərində yerləşən “Unibank”ın qarşısında görüşüblər: “Bankdan kredit götürə bilmədiyim üçün atam Vurğunu həmin yerə çağırdım. Atam məsələni bildikdən sonra həmin məbləği Bəxtiyara 2021-ci ilin sentyabrın sonunadək ödəyəcəyini bildirdi. Bəxtiyar atamla razılaşmadı, sentyabrın 6-dək pulu ödəməyimizi istədi.
Atam da ona mənə verdiyi pulun ilk olaraq dediyi tarixədək müəyyən hissəsini, qalan məbləği isə sonradan ödəyəcəyini söylədi. Bəxtiyar sənədimi özümə qaytardı. Daha sonra sağollaşaraq ayrıldıq”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Bəxtiyarın sözlərinə görə, “SPERO” hospitalda anestezioloq həkim işləyir: “Adətən ilin yay aylarında ailəmlə ölkə xaricində istirahət etmək üçün turpaket alıram. Fəridlə 14 avqust 2021-ci ildə telefon əlaqəsi saxladım. Söhbət əsnasında ona ailəmlə Türkiyə Respublikasına istirahət etmək üçün turpaket almaq istədiyimi bildirdim. Fərid mənə bu işlə məşğul olduğunu dedi. Hətta Türkiyə Respublikasında olan bəzi otellərin siyahısını və şəkillərini baxdı, seçim etmək üçün vatsap proqramı vasitəsi ilə mənə göndərdi.
Mən də Fəridin göndərdiyi otellərə baxdıqdan sonra seçim edərək Fəridə bildirdim. Fərid də 6 günlük istirahət etmək məqsədi ilə həyat yoldaşım, mən və azyaşlı övladım üçün ümumilikdə 3665 manata turpaket hazırlaya biləcəyini dedi. Həmin gün Novxanı qəsəbəsində yerləşən bağ evimdə olan zaman telefonumda olan “BirBank” proqramı vasitəsi ilə öz hesab nömrəmdən Fəridin mənə göndərdiyi hesab nömrəsinə 1500 manat göndərdim. Razılaşmaya əsasən qalan məbləği isə səhəri gün verməli oldum. Səhəri gün qalan pulu verdim”.
Zərərçəkmiş şəxsin sözlərinə görə, avqustun 18-də Fəridə zəng edib və turpaketin hazır olub-olmadığını soruşub: “Fərid mənə seçdiyim oteldə yer olmadığını, avqustun 25-dən sonra həmin oteldə yer boşalacağını dedi. Fəriddən verdiyim 3665 manatı geri istədim. Həmin gün görüşərək pulu qaytaracağını bildirdi.
Şamaxinka deyilən yerdə görüşdük. Fərid mənə pulu avqustun 23-dək çatdıracağını dedi. Onunla razılaşdım. Avqustun 23-də Fəridlə Xırdalan şəhərində yerləşən “Unibank”ın qarşısında görüşdük. Fərid həmin yerə atası Vurğunu çağırdı. Atası məsələni bildikdən sonra həmin məbləği sentyabrın sonunadək ödəyəcəyini bildirdi. Fəridin atası ilə razılaşmadım.
Avqustun 6-dək pulu ödəməyi tələb etdim. Vurğun da oğlu Fəridə verdiyi pulun ilk olaraq dediyi tarixədək müəyyən hissəsini, qalan məbləği isə sonradan ödəyəcəyini dedi. Bundan sonra Fəridin məni aldatdığını başa düşdüm. Bu barədə Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etdim”.
Abşeron rayon Məhkəməsinin hökmü ilə Fərid 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Mülki iddia qismən təmin edilib. Mülki cavabdeh Fəriddən 2665 manat pul alınaraq, mülki iddiaçı Bəxtiyara verilməsi barədə qərar verilib. Mülki iddia qalan hissədə rədd edilib.