İnanılmaz olay: Şəhid pulunu ələ keçirib eyş-işrətə xərclədi – Şok təfərrüat

İnanılmaz olay: Şəhid pulunu ələ keçirib eyş-işrətə xərclədi – Şok təfərrüat

18 Aprel 2022 13:57
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatala rayonunda 2000-ci il təvəllüdlü Yunis Vətən müharibəsinin şəhidi Mütəllib Serovun qardaşı Rəsula qarşı dələduzluq edib.

Oxuməni.az-ın Teleqraf.com-a istinadən verdiyi məlumata görə, Yunis əvvəllər dostluq münasibətində olduğu Zaqatala rayonu, Zilban kənd sakini Mütəllibin ikinci Qarabağ müharibəsi zamanı keçirilmiş hərbi əməliyyatlar nəticəsində şəhid olmasına görə ailəsinə dövlət tərəfindən pul vəsaitinin ayrılmasını bilib. O, Mütəllib Serovun qardaşı Rəsula məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gəlib.

Bu məqsədlə Rəsula yeni və işlənmiş elektronik əşyaların alqı-satqısı ilə məşğul olmaqla pul qazanmağa köməklik edəcəyi, alacağı pul vəsaitlərini həmin malların alışına xərcləyəcəyi barədə yalan vəd verib.

Şəhid qardaşına nə qədər pul atıblar?

Yunis Rəsulu aldadaraq ilk dəfə 2021-ci ilin mayında yaşadığı Zaqatala şəhəri, Anar Həmidov küçəsində 100 manat, daha sonra mayın sonlarında 700 manat, iyun ayının əvvəllərində Zaqatala şəhəri, Heydər Əliyev prospektində 1500 manat, iyun ayının sonlarında Zilban kəndində 1500 manat, iyul ayının əvvəllərində yenə Anar Həmidov küçəsində 3000 manat, iyulun 12-də 3500 manat, iyulun 30-da 2500 manat, avqust ayında 3150 manat, sentyabr ayında 3200 manat, oktyabr ayında 1500 manat alıb.

Bundan başqa, noyabr ayında Rəsul Zaqatala şəhəri ərazisində yerləşən ödəmə terminalı vasitəsi ilə ona məxsus Kapital Banka aid plastik kart hesabına 600 manat gönədrib. Sonuncu dəfə isə dekabrın 9-da 500 manat alaraq, ümumilikdə 21750 manat ələ keçirib.

İstintaq orqanı tərəfindən Yunisin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

“Pulu ələ keçirmək qərarına gəldim”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yunis ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, Rəsulu uzun müddətdir tanıyıb: “Rəsulun qardaşı, Qarabağ müharibəsi şəhidi Mütəlliblə yaxşı münasibətimiz olub, eyni orta məktəbdə oxumuşuq. Mütəllib şəhid olan vaxt yas mərasimində də iştirak etmişəm. Yas mərasimi vaxtı Rəsulla söhbət əsnasında o, qardaşı Mütəllibin şəhid olmasına görə dövlət tərəfindən ailəsinə 10000 manat məbləğində yardım edilməsini dedi.

Rəsul sakit və hər şeyə inanan xarakterli adam olub. Yas mərasimdə müntəzəm iştirak etdim. Rəsulgilin yaşadığı evdə tikinti işləri aparılan zaman işlədiyim üçün onun etibarını qazanmışdım. Rəsulu aldadaraq şəhid ailəsinə dövlət tərəfindən verilmiş pulun bir hissəsini ələ keçirib, öz ehtiyaclarıma və kef məclislərinə xərcləmək qərarına gəldm”.

“Mənimlə razılaşdı”

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmçinin Rəsulgildə işləməsinə baxmayaraq heç bir ehtiyacını qarşılamadığı üçün ondan heyf çıxmaq istəyib: “2021-ci ilin mayında Rəsula işlənmiş və yeni elektronik əşyalarının, noutbuk və komputerlərin alqı-satqısı ilə məşğul olaraq pul qazanmağı təklif etdim. Onu Bakı şəhərində yaşayan Rövşən adlı tanışımın vasitəsi ilə xarici ölkələrdən həmin əşyaları sifariş edəcəyimizi, həmin əşyaları Zaqatala rayonunda mağaza açaraq satacağımıza inandırdım. Əslindəsə Rövşən adlı şəxs ümumiyyətlə olmayıb.

Rəsul həmişə Zaqatala şəhəri ərazisində mağaza açmaq istəyib. Buna görə də mənimlə razılaşdı. Razılığa əsasən alqı-satqı ilə bağlı bütün pul məsələlərini Rəsul həll etməli oldu, digər işləri isə mən görəcəkdim”.

“Cinsi əlaqədə olmağa getdim”

Yunis qeyd edib ki, bir neçə gün sonra Rəsulu inandırmaq üçün istifadəsində olan vatsap vasitəsi ilə noutbuk və komputer şəkilləri ona göndərib: “Rəsula həmin əşyaları almaq üçün 700 manat pul lazım olduğunu bildirdim. O mənmlə razılaşdı və 700 manat verdi. Həmin pulu kef məclislərində xərcləmək qərarına gəldim. Spirtli içki qəbul etdikdən sonra Zaqatala şəhər sakini özünü mənə Aygün kimi təqdim edən qadınla cinsi əlaqədə olmağa getdim”.

“Videomu yaymaqla hədələdi”

Yunis bildirib ki, həmin qadınla 2020-ci ilin yanvarından tanış olub: “Aygünün yanına həmişə cinsi əlaqə olmaq üçün getmişəm. Hər dəfə cinsi əlaqədə olduqdan sonra 40 manat vermişəm. Qadınla Zaqatala şəhəri “7 mərtəbə” deyilən binanın 3-cü mərtəbəsində yerləşən evində görüşmüşəm.

Aygünlə cinsi əlaqədə olduqdan sonra mənə 2021-ci ilin mayında yaşadığı evdə cinsi əlaqədə olan vaxt videomu çəkdiyini bildirdi və həmin videonu sosial şəbəkələrdə yaymaqla hədələdi, məndən pul istədi. Videoya baxdım və dediyinin həqiqi olduğunu gördüm. Bundan sonra Aygünə pul verməyə razılaşdım. Həmin vaxt Rəsuldan aldığım, cibimdə olan 600 manata yaxın pulu ona verdim”.

“Ümumilikdə 8000 manat almışam”

Yunisin ifadəsinə görə, ehtiyacı olduğu üçün Rəsulu aldadaraq pulunu ələ keçirməyə davam etmək qərarına gəlib: “Rəsula müxtəlif elektronik əşyaların şəkillərini göndərərək, hər dəfə hissə-hissə müxtəlif məbləğlərdə pul almışam. Həmin pulları mənə nəğd formada Zaqatala rayonu ərazisində verib. Yalnız bir dəfə bank kartının şəkilini göndərmişəm. Rəsul da həmin karta 600 manat göndərib.

Ümumilikdə Rəsuldan 8000 manat civarında pul almışam. Həmin məbləğdən 4500 manatı məni hədələyən Aygünə vermişəm. Yerdə qalan hissəsinə isə gəzmişəm, yeyib-içmişəm”.

“Faizə pul götürdü”

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə Rəsuldan dekabrın 9-da elektronik əşya almaq adı ilə 500 manat götürüb: “Həmin pulu da öz şəxsi ehtiyaclarıma xərclədim. 2021-ci ilin oktyabrında Rəsuldan elektronik əşyalar almaq üçün 1500 manat aldım.

Bir neçə gün sonra Rəsul yanıma gələrək təcili evə pul lazım olduğunu, həmin pulu geri qaytarmağımı istədi. Mən artıq həmin pulu xərcləmişdim. Rəsula anamın faizlə borc pul verən tanışı olduğunu, anamla danışıb pul tapa biləcəyimi dedim. O da mənimlə razılaşdı.

Anamla danışdım və Rəsula borca 1500 manat tapmasını istədim. Həmçinin Rəsul da anamla danışaraq mağazanı təmir etdirmək üçün pula ehtiyacı olduğunu dedi. Anam tanışından 1500 manat faizlə borca pul götürdü, Rəsula yaşadığı evdə verdi. Rəsul da borcun əvəzi olaraq bank kartını anama verdi.

Razılaşmaya əsasən 1500 manat ödənilənə kimi həmin karta aylıq köçürülən 250 manat borc verən şəxs götürməli oldu. Rəsulu qoyunları və danaları satmağa məcbur etməmişəm. Qoyunların və danaların satılması nəticəsində əldə edilmiş pulu Rəsul mənə verməyib”.

Təqsirləndirilən şəxs deyib ki, Rəsul anasının adına kreditə götürdüyü pulu ona verməyib: “Rəsuldan ümumilikdə 21750 manat almağım düzgün məluumat deyil. Hesablamalarıma görə, aldadaraq ondan ümumilikdə 5000 manat civarında pul almışam. Dəymiş zərəri ödəmək imkanım yoxdur. Gələcəkdə işləyib, ziyanı ödəmək niyyətindəyəm. Törətdiyim əməlindən peşmanam”.

“Məqsədimiz evimizi təmir etdirmək olub”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Rəsulun sözlərinə görə, gündəlik fəhləlik etməklə pul qazanıb: “Fəhləlik etməzdən əvvəl mobil telefon təmir etmişəm. Qardaşım Mütəllib 2020-ci il oktyabrın 10-da ikinci Qarabağ müharibəsi zamanı Füzuli rayonu ərazisində gedən hərbi əməliyyatlar zamanı şəhid oldu. Yunis qardaşım şəhid olduqdan sonra yaşadığım evə mütəmadi gəlib-getməyə başladı. Dəfn mərasimində və yas günlərində əlindən gələn köməyi göstərdi.

Qardaşım Mütəllibin şəhid olmasına görə dövlət tərəfindən ailəmizə yardım edildi. Ailəmizə ilkin olaraq Heydər Əliyev fondundan 10000 manat, bir neçə gün sonra isə dəfn xərclərini qarşılamaq üçün 3000 manat verildi”.

Zərərçəkmiş qeyd edib ki, bundan başqa, qardaşı şəhid olmasına görə 23 dekabr 2020-ci ildə atasının Xalq Bank hesabına 5500 manat və həmin ilin dekabrın 24-də anasının Xalq Bank hesabına 5500 manat pul köçürülüb: “Atam hesabına köçürülən pulu özündə saxladı və heç kimə vermədi. Həmçinin kənd sakinləri və Rusiya Federasiyasında yaşayan Zaqatala sakinləri tərəfindən bizə xeyli miqdarda maddi yardım edildi.

Anamla birlikdə 23500 manat məbləğində pulu saxlaması üçün atamın xalası oğlu Elmurada verdik. Məqsədimiz həmin pulla evimizi təmir etdirmək olub”.

“Gördüyüm işlərdən atamın xəbəri olmayıb”

Rəsul qeyd edib ki, 2021-ci ilin mayında Yunis ona Bakı şəhərindən işlənmiş və yeni elektronik əşyalar alıb-satmağı təklif edib: “Yunis ilk öncə noutbuk və komputer alıb-satmağı təklif etdi. Mən də gələcəyim üçün iş qura biləcəyimi fikirləşdim və təkliflə razılaşdım. Anamla məsləhətləşdim, onu razı saldım. Atam ailəyə biganə yanaşdığı üçün gördüyüm işlərdən onun xəbəri olmayıb. Yunis mənə işlənmiş elektronik əşyaların şəkillərini və qiymətlərini vatsap vasitəsi ilə göndərməyə başladı”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, 2021-ci ilin mayında Yunisə birinci dəfə 100 manat verib. Qeyd edib ki, 2021-ci ilin mayından başlayaraq müxtəlif günlərdə Yunisə iş qurmaq üçün pullar verib: “Həmin pulları anamın razılığı qohumuz Elmuraddan müxtəlif adlarla hissə-hissə götürmüşəm. Həmçinin 12 iyul 2021-ci ildə qardaşım şəhid olduğu üçün Yaşat fondundan atamın bank hesabına 5000 manat köçürülmüşdü. Həmin pulu evi təmir etdirmək üçün anam özündə saxlayırdı. Həmin gün pulun 3500 manatını da yaşadığım evin həyətində Yunisə verdim. Yunisdən əşyaların nə vaxt göndəriləcəyini soruşanda, 28-ci sırada olduğumuzu, sıramızın çatmadığını dedi”.

Rəsul qeyd edib ki, bundan başqa Yunis ondan əşyaları gətirən şirkətə gömrük xərcləri üçün 2500 manat verməsini istəyib: “Mən də iyulun 30-da anamla birlikdə Zaqatala rayonu, Kapital bank filialına getdik. Anamın adına 2500 manat götürdük. Həmin gün pulu da Zaqatala şəhəri, Anar Həmidov küçəsində Yunisə verdik.

Bundan başqa dövlət tərəfindən 2021-ci ilin iyul ayında ailəmə 21 baş qoyun verildi. Yunis istədiyi üçün avqust ayında həmin 21 baş qoyunu ümumilikdə 3150 manata Zaqatala rayonu, Əliabad bazarında satdım, pulu Yunisə verdim”.

“Faizə götürdüyüm pulu Yunisə verdim”

Zərərçəkmiş şəs bildirib ki, 2021-ci ilin sentyabrında Elmuraddan 3200 manat götürüb və yaşadığı evin qarşısında Yunisə verib: “2021-ci ilin oktyabrında artıq Yunisə verməyə pul qalmadı. Yunis də etibarımı qazandığı üçün hər dəfə məni müxtəlif vədlərlə inandırdı. Amma həmin vaxtadək heç bir əşya gəlmədi.

Yunis məndən guya şirkətin rəhbəri Rövşən adlı şəxsə göndərmək üçün 1500 manat istədi. Pulumun olmadığını bildirdim. O, anası Elnarənin sələmə pul verən tanışının olduğunu. Yunislə razılaşdıqdan təxminən 3 gün sonra mənə zəng etdi, anasının pul tapmasını və götürməyimi istədi.

Yunis anası Elnarə soruşsa, evin təmiri üçün pul lazım olduğunu deməyi tapşırdı. Mən də anam Mərziyədən Beynəlxalq bank təqaüd kartını götürdüm”.

“Atam polisə gedərək şikayət etdi”

Rəsul qeyd edib ki, bundan sonra yaşadığı evdə saxladığı 2 baş dananı 2021-ci ilin noyabrın ortalarında Zaqatala rayonu, Əliabad bazarında 600 manata satıb və həmin pulu Yunisin ona şəklini göndərdiyi bank kartına ödəmə terminalı vasitəsi ilə göndərib: “Sonuncu dəfə 9 dekabr 2021-ci ildə işləyərək yığdığım 500 manatı da Yunisə verdim.

Yunis mənə yenə pul lazım olduğunu deyəndə kənd camaatından borc istəməyə başladım. Bundan xəbər tutan atam Arif nəyə görə pul lazım olduğunu soruşdu. Baş verənləri ona danışdım.10 min manat verməyini istədim. Atam da Yunisin məni aldatdığını gördü, polis şöbəsinə gedərək ərizə ilə müraciət etdi”.

Bu cinayət işinə Zaqatala rayon Məhkəməsində baxılıb.

Yunis 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, cəzasının əvvəlinin 24 dekabr 2021-ci ildən çəkməsi qərara alınıb.