Tikinti şirkəti rəhbərləri həbs olundu - Baş Prokurorluq

Tikinti şirkəti rəhbərləri həbs olundu - Baş Prokurorluq

12 Aprel 14:34
210
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda şirkət rəhbərləri həbs edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

“Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş çoxsaylı müraciətlər əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı aparılır.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə “Sahil-S İnşaat” MTK-nın sədri vəzifəsində işləmiş Alaverdiyev Taley Şamil oğlunun “GG Company” MMC-nin direktoru Kərimov Pənah Sudeib oğlu ilə qabaqcadan əlbir olaraq rəhbərlik etdiyi MTK tərəfindən inşa olunmuş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində yerləşən yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara mənzillərin qanuni sahibləri olduğu halda saxta müqavilə və maliyyə arayışları tərtib edib vəzifə saxtakarlığına yol verərək çoxsaylı şəxslərin külli miqdarda pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Taley Alaverdiyev və Pənah Kərimova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara 961 nömrəli “Çağrı Mərkəzi” və “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir.