Goranboyda dəhşətli olay: Ana sevgilisi ilə birlikdə oğlunun meyitini qamışlığa atdı

Goranboyda dəhşətli olay: Ana sevgilisi ilə birlikdə oğlunun meyitini qamışlığa atdı

5 Aprel 2022 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

Goranboy rayonunda 1987-ci il təvəllüdlü Daşqın sevgi münasibətində olduğu Zəminənin 11 yaşlı övladı İdrakı (adlar şərti verilib – red.) öldürüb.

Oxuməni.az Teleqraf.com-a istinadən xəbər verir ki, Daşqın 13 avqust 2021-ci ildə, saat 20 radələrində rəsmi nikahı olmadan, faktiki ər-arvad kimi birgə yaşadığı Zəminənin oğlu İdrakın həyətdə oynayaraq səs-küy salmasından qonşusunun şikayətinə görə əsəbiləşib.

O, kirayə qaldıqları otağın giriş qapısının qarşısında İdrakın üz nahiyəsinə 2 dəfə şillə ilə vurub.

Bundan sonra əsəbi soyumadığı üçün İdrakı otağa salaraq təpiklə vurub. Nəticəsində İdrak avqustun 15-də, saat 8 radələrində yaşadığı evdə ölüb.

İstintaq orqanı tərəfindən Daşqının barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2020-ci ilin yay aylarında Goranboy şəhərində kafe açıb: “Həmin ərəfələrdə Zəminə ilə tanış oldum. Zəminə Goranboy şəhərində yaşayan Ləman adlı qadının evində kirayəşdə yaşayıb və əxlaqsız həyat tərzi keçirib. Mən də Zəminə ilə intim münasibətdə oldum.

Kafeni işlədərkən mənə ofisiant lazım oldu. Bu barədə Zəminəyə təklif etdim. O da təklifimlə razılaşdı. Əxlaqsız həyat tərzindən uzaqlaşacağını mənə söz verdiyindən onunla qeyri-rəsmi nikah münasibətlərinə daxil oldum, birgə yaşamağa başladıq. Zəminə və onun iki azyaşlı övladları ilə birlikdə kirayədə yaşadıq.

Zəminənin birinci eviliyindən İdrak və Mətləb adlı uşaqları olub. İdrakın əqli cəhətdən problemləri olub. Tez-tez qaldığımız evdə dəcəllik edib, pəncərələrin şüşələrini sındırıb. Bu barədə ev yiyəsi mənə və Zəminəyə şikayətlənib. Mən isə İdrakı tez-tez danlayaraq onu tənbeh etmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 13 avqust 2021-ci ildə saat 20 radələrində Zəminə ilə birlikdə yaşadıqları evə gəliblər: “Ev yiyəsi mənə və Zəminəyə İdrakın yenə dəcəllik edərək pəncərələrin şüşələrini sındırdığını dedi. İki dəfə İdrakın sifətinə şillə vurdum. Zəminə də onun sifətinə iki şillə vurdu.

Sonra İdrakı evə saldım. Zəminənin yanında onun sinəsinə ayağımla iki təpik vurdum, yerə yıxdım. Hər iki zərbədən sonra İdrak ayağa qalxdı. Mən isə yenə yumruqla, şillə ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdim. Sonra bayırdan cubuq gətirdim və İdrakı həmin çubuqla döydüm. Bu səbəbdən İdrak ağladı.

Həmin vaxt Zəminə yanımızda, ev yiyəsi isə qapının astanasında dayanaraq bizə baxıblar. İdrakı döydükdən sonra bayıra çıxdım. Zəminə isə İdrakı və Mətləbi götürərək hamama apardı. Ertəsi gün İdrakın bədənində, qollarında və sifətində qançırlar əmələ gəldi”.

Daşqın qeyd edib ki, avqustun 15-də saat 8 radələrində Zəminə ona zəng edib və İdrakın öldüyünü bildirib: “Mən də dərhal evə gəldim. İdrakın öldüyünə əmin oldum. Ev sahibi də İdrakın ölməsini bildi.

Mən və Zəminə İdrakın meyitini xalçaya bükdük. Saat 22 radələrində taksi kimi fəaliyyət göstərən Ərəstunu çağırdım. İdrakın meyitini Zəminə ilə birlikdə avtomobilə Goran qəsəbəsində alçipan zavodunun yanına gətirdik. Orada Ərəstuna 5 manat verib yola saldım. Mən isə Zəminə ilə birlikdə İdrakın meyitini qamışlıq sahəyə atdıq. Sonra birlikdə Goran dairəvi yola gəldik. Orada taksiyə mindik, evə gəldik”.

Təqsirləndirilən şəxs bildirib ki, avqustun 19-da Zəminə Goranboy rayon polis şöbəsinə gedib və İdrakın itkin düşməsi barədə məlumat verib: “Avqustun 22-də Goranboy rayon polis şöbəsində olarkən Zəminə İdrakın mənim tərəfimdən döyüldükdən sonra ölməsi barədə məlumat verdi. İdrakı öldürmək niyyətim olmayıb”.

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində əmisi Əli ifadə verib. O bildirib ki, Zəminə onun qardaşının yoldaşı olub: “Bir neçə il yoldaşı ilə yaşadıqdan sonra evdən getdi. Bir müddət sonra onun Goranboy şəhər sakini Daşqınla qeyri-rəsmi münasibətdə yaşadığını və uşaqlarının da onunla birlikdə olduğunu bildik. Avqustun 15-də Daşqın İdrakı döyməsi nəticəsində öldüyünü eşitdik. Təqsirləndirilən şəxsdən şikayətçi deyiləm”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Daşqın 11 il müddətinə azadlıqdan məhrum edilib.