Azərbaycanda 14 iyulun kriminal xronikası

Azərbaycanda 14 iyulun kriminal xronikası

16 İyul 2012 12:01
Bəyəndim (0) Bəyənmədim (0)
Srağagün gün ərzində 51 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 51 cinayət faktı qeydə alınmış, onların da 22-si "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.

15 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 16 nəfər tutulmuşdur.

Mayın 20-də L.Şirinovaya bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən R.Şirinov tutulmuşdur

14.07.2012

Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 20-də Leyla Şirinovaya bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmaqda şübhəli bilinən Röyal Şirinov tutulmuşdur.

Xırdalan şəhərindəki yataqxananın damından silah tapılmışdır

14.07.2012

Abşeron RPŞ əməkdaşları tərəfindən Xırdalan şəhərindəki Plan-Uçot Kollecinin yaxınlığındakı yataqxananın damından 1 ədəd nömrəsi silinmiş "AK-74" markalı silah tapılmışdır.

Kürdəmir rayon sakini E.Səfərovun idarə etdiyi avtomaşın su kanalına aşmışdır

14.07.2012

İyulun 14-də saat 20.00 radələrində Kürdəmir rayonu Şahbəyli kəndinin ərazisində kənd sakini Eyvaz Səfərov idarə etdiyi "VAZ-21099" markalı avtomaşını su kanalına aşırmışdır. Nəticədə E.Səfərov hadisə yerində ölmüşdür.
Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Şəmkir rayon sakini Q.Hüseynova ölümcül bıçaq xəsarəti yetirmiş həmyerlisi R.Orucov tutulmuşdur

14.07.2012

İyulun 14-də Şəmkir rayonu Kür qəsəbəsinin ərazisindən Təzəkənd kənd sakini Qabil Hüseynov boğaz nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kür qəsəbə sakini Ruslan Orucov tutulmuşdur.

İyulun 11-də Z.Məmmədovanı bıçaqla qətlə yetirmiş A.Nəsibova və Z.Seyfullazadə tutulmuşlar

14.07.2012

Gəncə ŞBPİ və şəhər Prokurorluğu əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Zemfira Məmmədovanı bıçaqla qətlə yetirmiş şəhər sakinləri Aysel Nəsibova və Zemfira Seyfullazadə tutulmuşlar.
A.Nəsibovanın və Z.Seyfullayevanın ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onların hadisə zamanı evdən 650 manat pul, qızıl əşyalarını götürmələri və həmin qızıl əşyalarını Bakı şəhəri Nizami küçəsindəki zərgərlik mağazasında işləyən şəhər sakini Yaşar Nuriyevə satmaları müəyyən edilmişdir.

Qazax rayonu ərazisində yol-nəqliyyat hadisəsi

14.07.2012

İyulun 14-də saat 23.10 radələrində Qazax rayonu ərazisində Daş Salahlı kənd sakini Nyuton Qurbanovun idarə etdiyi "VAZ-2106" markalı və Çaylı kənd sakini Mahir Aslanovun idarə etdiyi "QAZel" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə N.Qurbanovun sərnişini, Daş Salahlı kənd sakini Yazon Qurbanov hadisə yerində ölmüş, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilmişdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

İyulun 13-də A.Babayevin xəsarət alması ilə nəticələnən YNH-ni törətmiş sürücü tutulmuşdur

14.07.2012

Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də Asim Babayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "VAZ-2106" markalı avtomaşının sürücüsü, Xırdalan şəhər sakini Valeh Qafarlı tərəfindən törədilməsi müəyyən edilmiş və o, tutulmuşdur.

Samux rayonu ərazisindən çətənə kolları yığılaraq məhv edilmişdir

14.07.2012

Samux RPŞ əməkdaşları Yenikənd kəndi ərazisindən çəkisi 1 ton 450 kiloqram olan 3756 ədəd çətənə kolunu yığaraq məhv etmişlər.

Ramana qəsəbə sakini R.Nağıyev futbol oynayarkən qapı dirəyinin onun üstünə düşməsi nəticəsində ölmüşdür

14.07.2012

İyulun 14-də Suraxanı rayonu Ramana qəsəbəsinin ərazisindəki meydançada qəsəbə sakini Rafiq Nağıyev futbol oynayarkən qapı dirəyi onun üstünə düşmüşdür. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Nağıyev orada ölmüşdür.

Novxanı qəsəbə sakini Sevinc Vəliyeva dərmandan zəhərlənmişdir

14.07.2012

İyulun 14-də Novxanı qəsəbə sakini Sevinc Vəliyeva evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Nobel prospektində "VAZ-2107" markalı avtomaşınla 50-55 yaşlı kişi vurulmuşdur

14.07.2012

İyulun 14-də Xətai rayonu Nobel prospektində Bakı şəhər sakini Azad Nuriyev idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla yolu keçən 50-55 yaşlı kişini vurmuşdur. Nəticədə xəsarət almış həmin kişi koma halında xəstəxanaya yerləşdirilmişdir.
Xətai RPİ tərəfindən araşdırma aparılır.

O.M.