İmişlidə millət vəkilinin rüşvətxor xalası oğlu tutuldu

İmişlidə millət vəkilinin rüşvətxor xalası oğlu tutuldu

14 İyul 2012 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) direktoru, deputat Əsabil Qasımovun doğma xalası oğlu Nazim Xəlilov başda olmaqla mərkəzin 3 əməkdaşı saxlanılıb. Bu barədə mia.az-a İmişlidən məlumat daxil olub.

Məlumatda deyilir ki, N.Xəlilovun saxlanılmasının səbəbi mərkəzdə iri məbləğdə mənimsəmələr və digər korrupsiya əməlləri olub: "Nazim Xəlilovla bərabər mərkəzin 3 əməkdaşı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunaraq hələlik İmişli Rayon Polis Şöbəsindəki müvəqqəti təcridxanada saxlanır. Barələrində məhkəmə qərarı çıxarılandan sonra Bakıya aparılacaqlar. Mərkəzdə yoxlamalar davam edir".

Müəyyən edilib ki, 30-dan artıq şəxs, o cümlədən rayon ƏSMM-in əməkdaşları digər şəxslərə məxsus 3000-dən çox, bir sıra hallarda isə vəfat etmiş, yaxud ümumiyyətlə mövcud olmayan şəxslərin adlarına açılmış bank kartlarından istifadə edib və ayrılan külli miqdarda ünvanlı sosial yardım pullarını mənimsəyib.

Məhkəmə qərarı əsasında rayon ƏSMM-in inzibati binasında, mərkəz əməkdaşlarının evlərində axtarış tədbirləri keçirilərkən mərkəzin baş mühasibi Fuad Qarayev və digərlərindən rayon sakinlərinə məxsus, əksəriyyətinin üzərində məxfi kod nişanları qeyd olunmuş 817 ədəd sosial yardım alınması üçün istifadə olunan bank kartları aşkar edilərək götürülüb. Fakta görə dələduzluq və vəzifədən sui-istifadə maddələri ilə başlanmış cinayət işi üzrə mərkəzin direktoru Xəlilov Nazim Əfsər oğlu, mərkəzin baş mühasibi Qarayev Fuad Səhliyalı oğlu, mərkəzin əməkdaşı Xəmmədov Nizami Əlimusa oğlu və rayon sakini Əliyev Ramil Ramiz oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

İmişlidən "Azadlıq" radiosuna bildiriblər ki, prokurorluq əməkdaşları və polis mərkəzə gələrək bütün işçilərdən izahat alıb. Axtarış zamanı 3888 ədəd ünvanlı sosial yardım kartının aşkar edildiyi bildirilir. İddialara əsasən, bu kartların təqribən 2000-i direktorun evindən çıxıb. O da bildirilir ki, bu məsələ ilə əlaqədar rayon icra nümayəndəliklərinin əməkdaşlarının da istintaqa cəlb edilməsi gözlənilir. Axtarış zamanı bəzi vətəndaşlara ünvanlı sosial yardım verilməsi üçün saxta sənədlərin də tapıldığı deyilir.

İmişli Rayon Prokurorluğunun müstəntiqi Elşad Əzimov "Azadlıq"a faktı təsdiqləyib: "Bəli, adamlar saxlanıb. Evlərindən də kartlar aşkar edilib. Amma kartların sayı 3888 ədəddən az olar".

Rayondan verilən məlumatda isə bildirilir ki, saxlananlar deputatlar və yerli hüquq-mühafizə orqanları rəhbərlərinin yaxın qohumlarıdır.

O.M.