Bakıda dələduzluq edən beynəlxalq dərəcəli hakim məhkəmədə həbs edilib - TƏFƏRRÜAT

Bakıda dələduzluq edən beynəlxalq dərəcəli hakim məhkəmədə həbs edilib - TƏFƏRRÜAT

30 Yanvar 2022 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Uşu Federasiyasının müəllimi, Beynəlxalq Uşu Federasiyasının Beynəlxalq dərəcəli hakimi dələduzluqda ittiham olunaraq həbs edilib.

Oxuməni.az Azpolitika.info-ya istinadən xəbər verir ki, O, bir nəfəri Fövqəladə Hallar Nazirliyinə, bir nəfəri isə Dövlət Yol Polisinə işə düzəltmək adı ilə aldadıb. Həmin şəxslərin birindən 2500 manat, digərindən isə 23 000 manat pul alıb. Musavat.com xəbər verir ki, söhbət 1976-cı il təvəllüdlü Teymur Əliyevin əməllərindən gedir.

Teymur Əliyev əvvəlcə 15 ildir tanıdığı Turalı aldadıb. Uzun müddət mağazada satıcı işləyən Tural Teymur Əliyevlə görüşən zaman FHN-də işə düzəlmək təklifi alıb. Teymur Əliyev deyib ki, 2500 manata onu işə düzəldə bilər. Tural bu barədə atası ilə məsləhətləşəndən sonra həmin məbləği ona veriblər.

Teymur Əliyev Daxili İşlər Nazirliyində vəzifəli şəxslərlə çox yaxın əlaqələrinin olduğunu, sözünün çox yerdə keçdiyini söyləyib.

Tural özü aldadıldığını başa düşənə qədər tanışı Şəhadət Quliyevi də Teymur Əliyevin qurbanı edib.

Həmin ərəfədə Tural Şəhadətgilin mağazasına gedib-gəlirmiş. Onlar Turaldan son zamanlar niyə gec-gec gəldiyini soruşublar. Tural da deyib ki, artıq bu işlərdən ayrılır və FHN-də işə düzəlir. Tural FHN-ə kimin vasitəsi ilə, necə işə düzələcəyini danışandan sonra Şəhadət də bu fürsətdən istifadə etməyə çalışır.

Tural Şəhadət Quliyevə Teymur Əliyevin DİN-də vəzifəli şəxslərlə əlaqəsinin yaxşı olduğunu deyib. Şəhadət də yol polisində işə düzəlmək istədiyini söyləyib. Elə Tural Şəhadətin yanında Teymur Əliyevə zəng edib. Teymur Əliyev Turalın bu istəyinə yox deməyib və həll edə biləcəyini söyləyib. Sonra onlar birlikdə görüşüblər. Teymur Əliyev əvvəlcə işə düzəlmək istəyən Şəhadətdən boyunu, çəkisini, təhsilini soruşub.

İqtisad Universitetinin tələbəsi olan Şəhadətin bir neçə kəsiri olub. Teymur Əliyev ondan attestatını istəyib. Şəhadətin atası deyib ki, oğlunun attestatını götürsə, onu universitetdən çıxara bilərlər. Söyləyib ki, əgər iş dəqiq alınacaqsa, attestatı götürsün.

Teymur Əliyev isə onları əmin edib ki, bu, çox asan işdir. Bu əminlikdən sonra Şəhadətin atası oğlunun universitetə olan təhsil haqqı olaraq qalan 4500 manat ödənişini edib və attestatı götürüb.

Teymur Əliyev bu işi 30 000 manata edəcəyini vəd edib. Şəhadət 4500 manatı universitetə ödədiyi üçün lazım olan puldan bir hissə çatmayıb. Şəhadətin atası xahiş edib ki, 26 min manatı versinlər, 4 min manatı da işin sonunda verəcəklər. Teymur Əliyev də bu təklifə yox deməyib.

Pulu Teymur Əliyevə Şəhadət, atası və dostu Tural birlikdə veriblər. Teymur Əliyev həmin puldan 3 min manatını onlara geri qaytarıb. Bildirib ki, Şəhadət tibbi komissiyadan keçməlidir və həmin pulu deyəcəyi şəxsə verəcəklər.

Bundan sonra onlar arasında dəfələrlə telefon danışıqları olub. Teymur Əliyev işin bir neçə ay ərzində həll olunacağını deyir və danışıqlar zamanı onları rahat olmağa çağırır. Lakin uzun müddət sonra Teymur Əliyev vədinə əməl etmir və artıq telefon zənglərinə də cavab vermir.

Bundan sonra hər iki şəxs aldadıldığını bilir və polisə müraciət edir.

Teymur Əliyev törətdiyi əməli etiraf edib və zərərçəkmiş şəxslərə zərəri ödəyib. Teymur Əliyev əməlindən peşman olduğunu deyərək bağışlanmasını istəyib. Məhkəmədə dindirilən Teymur Əliyev aldığı pulları uzun müddətdir borcu olan şəxslərə verdiyini deyib.

Zərərçəkmiş şəxslər də onu bağışladığını, pullarını geri aldıqlarını bildiriblər.

Teymur Əliyev məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4-cü və 178.2.2-ci (tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar olaraq dələduzluq cinayətini törətmə) maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Teymur Əliyev məhkəmə zalında həbs edilib.