Gədəbəydə 74 baş qoyunu oğurlayan 3 nəfər saxlanılıb

Gədəbəydə 74 baş qoyunu oğurlayan 3 nəfər saxlanılıb

11 İyul 2012 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

Gədəbəydə ayrı-ayrılıqda 74 baş qoyunun oğurlanmasında şübhəli bilinən 3 nəfər saxlanılıb. Milli.Az Kəpəz TV kanalına istinadən xəbər verir ki, saxlanılanlardan biri Gədəbəy, digər ikisi isə Şəmkir sakinləridir. Gədəbəy rayonunun Düzyurd kənd sakini İsrafil Kazımova məxsus 63 baş xırdabuynuzlu heyvan naməlum şəraitdə qış otlaq sahəsindən yoxa çıxıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin qoyunları 41 yaşlı rayon sakini Ədalət Əsəd oğlu Cəfərov oğurlayıb. Saxlanılan Ədalət Cəfərov yaylaqda olan qoyunları sahibsiz bildiyini və varlanmaq məqsədi ilə apardığını deyib.

Gədəbəydə digər bir qoyun oğurluğu Ərtəpə kənd sakini Bəsti Kərim qızı Sadıqovanın həyətində baş verib. Belə ki, həmin şəxsə məxsus 11 baş qoyun naməlum şəxslər tərəfindən oğurlanıb. Zərərçəkmişin şikayəti əsasında əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları oğruları isti izlərlə saxlaya bilib.

Gədəbəy Rayon Polis Şöbəsinin İQ-nin baş müstəntiqi İbrahim Hüseynov: "Tərəfimizdən keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı aşkar olunub ki, Şəmkir rayon sakinləri Quliyev Zülfiqar Əhməd oğlu və Əliyev Arzu Kərəm oğlu əvvəlcədən əlbir olub qrup şəklində cinayət əlaqəsinə giriblər. Bundan sonra onlar Bəsti Sadıqovanın tövləsindən qiyməti 1320 manat olan 11 baş qoyunları oğurlayıblar". Saxlanılan Zülfüqar Xudiyev və Arzuman Alıyev əməllərini etiraf ediblər. Onlar hadisə vaxtı sərxoş olduqlarını və cinayətə ehtiyaclarını ödəmək üçün əl atdıqlarını deyiblər. Hazırda hər iki fakt üzrə cinayət işi başlanılıb. İstintaq aparılır.

O.M.