Eldar Mahmudovun “akulası”, Azərbaycandan ofşora ötürülən milyonlar və digər dolaşıq işlər

Eldar Mahmudovun “akulası”, Azərbaycandan ofşora ötürülən milyonlar və digər dolaşıq işlər

1 Yanvar 2022 20:08
Bəyəndim (0) Bəyənmədim (0)

Ləğv Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsinin keçmiş rəisi general-mayor Mövlam Şıxəliyevin və onunla birgə mühakimə olunan üç MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi artıq üç aydır davam edir. Məhkəmə iclasları açıq elan olunsa da, mətbuat nümayəndələri prosesə buraxılmırlar. Keçmiş MTN-çilərin cinayət işi üzrə 32 nəfər zərərçəkmiş qismində tanınıb.

Zərərçəkmişlərdən biri sahibkarlıq fəaliyyəti ilə məşğul olan Anar Heydərovdur. İş adamı ifadəsində deyib ki, 2004-cü ildə ”İT Soliton”MMC-ni təsis etmişdi. Şirkət fəaliyyəti informasiya texnologiyaları, proqram təminatı, mühafizə sahələri ilə bağlı idi.

Biznesmenin “akula” ilə tanışlığı, lənətə gəlmiş həmin görüş...

Lakin Heydərov bu kimi modern biznes sahələri ilə məşğul olmaqdaykən MTN kriminal bandasının toruna düşüb, həm də öz ayağı ilə.

Belə ki, 2010-cu ilin yanvarında Bakı Əyləncə Mərkəzində Aydın adlı dostu A.Heydərovu “Akula Akif” ləqəbli Akif Mustafayevlə tanış edib. Tanışlıq zamanı “Akula Akif” ölkədə “istənilən məsələni həll etməyə qadir olan şəxs”, həmçinin sabiq MTN naziri Eldar Mahmudovun yaxın adamı kimi tanıdıb. Əlbəttə, biznesmen üçün belə qüdrətli “akula” ilə tanışlıq göydəndüşmə fürsət idi, özü də Azərbaycan kimi ölkədə. Tanışlıqdan sonra başlayan münasibətlər sayəsində “Akula Akif” A.Heydərovun şirkəti ilə MTN-in maddi texniki təminat şöbəsi arasında 5 illik podrat müqaviləsinin bağlanmasını təmin edib. Müqaviləyə əsasən MTN-in inzibati binalarında yanğından mühafizə sistemlərinə xidmət göstərilməliydi.

Sonradan A.Mustafayev iş adamına deyib ki, mütəmadi olaraq xarici ölkələrə səfər etməli olur. Şengen vizaları aldığına görə onu da rəhbərlik etdiyi şirkətə işə götürməyi xahiş edib. A.Heydərov da onunla razılaşıb və adını şirkətə menecer kimi rəsmiləşdirib.

Etibar Əliyevi MTN apardı, pullar ödənilməmiş qaldı

A.Heydərov deyir ki, təxminən bir il sonra uzun zamandan bəri tanıdığı “Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevin sifarişi əsasında bank üçün 210 ədəd ödəmə köşkləri quraşdırıb və banka təhvil verib. Lakin 2012-ci ilin fevral-mart aylarında E.Əliyev MTN əməkdaşları tərəfindən həbs edilib. Həmin vaxt bankın ona 1 milyon 980 manat borcu qalıb. A.Mustafayevlə tez-tez görüşdüklərindən bu barədə onun da məlumatı olub. Hətta A.Mustafayev deyib ki, MTN-nin idarə rəisi Füzuli Hüseynov ona zəng vurub, Etibar Əliyevin oğlu ilə A.Heydərov arasında tez-tez telefon danışıqlarının olduğuna görə onu da tutmaq istədiklərini deyib. “Akula” vəd verib ki, Heydərova kömək edəcək, onu MTN-nin tilovundan qurtaracaq.

Akula Akif

Bir neçə gün sonra F.Əliyev iş adamının işlədiyi ofisə gəlib. “Mən bura gəlməyəcəkdim, Akif Mustafayevə görə gəldim, qurban olasan bu kişiyə, yoxsa Etibarla birlikdə səni də tutacaqdım” deyib, amma pul tələb etməyib.

“Akula” 500 min “qazanır”

Bu söhbətdən iki gün sonra isə A.Mustafayev şirkət rəhbərinə deyib ki, “Texnikabank”ın ona olan borcunun qaytarılmasına köməklik göstərəcək. Əvəzində isə 500 min manat da ona verməsini tələb edib. İş adamının razılaşmaqdan başqa çarəsi qalmayıb.

Zərərçəkmiş deyir ki, bir neçə aydan sonra “Texnikabank” tərəfindən pulları həqiqətən geri qaytarılıb. Belə ki, bankın idarə heyətinin sədri Samir Hüseynovla 2 milyon 336 min 400 manat məbləğində müqavilə bağlanıb, müqavilənin şərtlərinə görə bankın ona borclu olduğu pul ödənilməli imiş. Bundan sonra onun rəhbərlik etdiyi şirkətin “Texnikabank”dakı hesabına 1 milyon 980 min manat pul köçürülüb. Həmin pulun 650 min manatı “Texnikabank”a olan kreditə görə silinib. Qalan məbləği hissə-hissə nağdlaşdırıb və iyul ayına kimi bankdan götürüb. Və “akula” haqqını alıb.

Etibar Əliyev

“Şirkətdəki ofisimdə birinci dəfə 200 min manat, ikinci dəfə 150 min manat, üçüncü dəfə 150 min manat Akif Mustafayevə şirkətin menecerinin yanında pul vermişəm”, - zərərçəkən deyir.

İşlər dolaşır, bankdan götürülən pulları qaytarmaq tələb edilir.

2013-cü ilin yanvarında A.Mustafayev şirkət rəhbərinə Beynəlxalq Bankın İdarə Heyətinin o zamankı sədri Cahangir Hacıyevlə görüşdüyünü deyib: “Cahangir Hacıyev ona deyib ki, “Texnikabank”ın Anar Heydərova ödədiyi pulu geri qaytarmaq lazımdır. Mən Anar Heydərova 4 milyon manat kredit verəcəyəm, bir hissəsini “Texnikabank”a ödəyin, qalan hissəni də istifadə edib, faizlərini verin”.

Şirkət rəhbəri buna etiraz edəndə hədə-qorxu ilə üzləşib. A.Mustafayev ona “başına oyun açarıq, həbs olunarsan, o pulu biz almışıq, biz də qaytarmalıyıq, sən heç bir zərər görməyəcəksən, hamısını “Beynəlxalq Bank” qaytaracaq” deyib.virtualaz.org