Bizi yetim qoyan atanı biz yetim qoymadıq

Bizi yetim qoyan atanı biz yetim qoymadıq

29 May 2012 11:23
Bəyəndim (0) Bəyənmədim (0)
Onu bağışlamaq olarmı?!

Adi iş günlərinin biri idi. Redaksiyamızın 055-785-84-83 nömrəli telefonuna naməlum nömrədən zəng daxil oldu. Özünü təqdim etməkdən boyun qaçıran oxucu nədənsə mənimlə danışmaq istədiyini bildirdi. Dəstəyi götürdüm. O, məndən məsləhət almaq istədiyini söylədi. Həmsöhbətimi diqqətlə dinləyib, ona öz məsləhətlərimi verdim. Bu haqda bir qədər sonra. İndi isə onun dediklərini kiçik ixtisarla sizlərə çatdırıram:

"Mənim yeddi yaşım olanda atam bizi tərk edib, başqası ilə ailə qurdu. Məhkəmədə mən də, böyük bacım da anamla qalmaq istədiyimizi bildirdik. O vaxta qədər yaxşı yaşayırdıq. Bildiyimə görə, valideynlərim sevərək ailə qurmuşdular. Lakin atam varlandıqdan sonra meylini başqasına salmışdı. Nə isə, o, bizi gözüyaşlı qoyub yoxa çıxdı. Atamı sonuncu dəfə məhkəmə zalında gördüm. O vaxtdan indiyə qədər bizi arayıb axtarmamışdı.

Tezliklə anam çörək sexində işə düzəldi. Gündüzlər bizim yanımızda olurdu, gecələr isə işə yollanırdı. Heç yadımdan çıxmaz, bəzən bacımla tək qalanda qorxudan özümüzə yer tapa bilmirdik. Bir-birimizi qucaqlayıb, ağlaya-ağlaya yatırdıq. O vaxtlar bizim ataya daha çox ehtiyacımız var idi. O isə doğma övladlarını gözüyaşlı qoyub, sevgisini başqası ilə bölüşürdü. İlk vaxtlar onu görmək, yalvarmaq istəyirdim ki, bizim yanımıza qayıtsın. Hətta görüşəcəyimiz səhnəni dəfələrlə gözlərim önündə canlandırmışdım. Ancaq sonralar başa düşdüm ki, bu qeyri-mümkündür. Yarıac, yarıtox böyüyürdük. Mən qarşıma yeganə bir məqsəd qoymuşdum, nə yolla olursa olsun varlanım, həm anama baxım, həm də atamdan qisas ala bilim. Bu məqsədlə gecə-gündüz dərslərimi oxuyurdum. Bacım məktəbi bitirən il anamızı itirdik. O, beyin qanaxmasından dünyasını dəyişdi. Görünür, gecələr yatmayıb işlədiyi üçün xəstəliyə düçar olmuşdu.

Sağ olsun qonşular. Onların köməyi ilə həyatımızı davam etdirirdik. 1989-cu ildə mən məktəbi bitirib, Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialına (indiki İqtisad Universitetinə) daxil oldum. Uçot-iqtisad fakültəsinin Mühasibat uçotu ixtisasına fərqlənmə diplomu ilə yiyələndim. Bir neçə il dövlət idarəsində işlədikdən sonra şəxsi biznesimi açmaq qərarına gəldim. Xırda alverdən başlayıb, dərman biznesinə qoşuldum. 1994-cü ildə Bakı şəhərində ilk aptekimi açdım. Bundan sonra biznesim sürətlə böyüdü. Addım-addım məqsədimə doğru irəliləyirdim. Artıq yeni mənzilə köçmüşdük. Həmin evdən böyük bacımı ərə verdim. Hal-hazırda çox xoşbəxt ailəsi var. Özüm isə vaxtımı ancaq işə həsr edirdim. Otuz yaşımda bacımın xeyir-duası ilə onun həyat yoldaşının bacısı qızına nişanlandım. Təmtəraqla toyumuz oldu. 2003-cü ildə gözləmədiyim halda həbsə düşdüm. Üç il həbsxanada yatdıqdan sonra vaxtından əvvəl azadlığa buraxıldım. Ailəmlə birlikdə Moskvaya yerləşmək qərarına gəldim. Orada dəyərli dostlarım var idi. Onların köməyi ilə zərgərlik biznesinə qoşuldum. Hal-hazırda işlərim pis getmir. Rusiyanın paytaxtında evim, bağım, bir neçə satış məntəqəm var.

Təxminən iki həftə bundan əvvəl bir nəfər mənim ofisimə gəlmişdi. Katibə dedi ki, atanız sizi görmək istəyir. Düzü, uzun müddət sonra onunla Moskvada görüşəcəyimi ağlıma da gətirə bilməzdim. Nə edəcəyimi bilmirdim. Əvvəlcə onunla görüşmək istəmədim. Bir az fikirləşdikdən sonra onu təhqir edərək qovmaq barədə düşündüm. Ancaq qarşımda çəlimsiz, xəstə bir adamı görəndə çaşıb qaldım. O, tanınmaz dərəcədə qocalmışdı, əldən düşmüşdü. Ağlaya-ağlaya məndən üzr istədi. Peşman olduğunu deyib, bağışlanmasını istədi. Məlum oldu ki, ikinci ailəsi onu evdən qovub. O da bacımın yaşadığı ünvanı tapıb, ondan üzr istəyə bilib. Bacımdan mənim ünvanımı və yolpulunu alıb, yanıma gəlib. Qəlbimdəki kin-küdurət bir anda əridi. Nə qədər özümü saxlamağa çalışsam da, hisslərimlə bacarmadım. Onu bağrıma basıb öpdüm.

Artıq atam mənim evimdə qalır. Ancaq hər dəfə onu gördükcə, rəhmətlik anamın sözləri yadıma düşür. Anam deyərdi, o kişini bağışlasanız, mənim ruhum sizi bağışlamayacaq. İndi nə edəcəyimi bilmirəm. Bir tərəfdə illərin əziyyəti, anamın ölümü, digər tərəfdə isə canından bir parça olduğumuz köməksiz ata dayanıb. Doğru və ya səhv yolda olduğumu heç özüm də bilmirəm. Ona görə də sizin məsləhətinizə ehtiyacım var."

Müəllifdən: Tale atanızı yetərincə cəzalandırıb. İnanın ki, o da daxilən vicdan əzabı çəkir, əsasən də sizinlə qarşılaşanda. Elə olmasaydı, vaxtından əvvəl qocalmazdı. Bir də ki, səhv etmək hər bir insana məxsusdur. İstənilən adam səhv edərkən, Tanrıdan əfv diləyir. Əgər Tanrı bizləri əfv edə bilirsə, deməli, biz də Allah xətrinə kimisə bağışlamağı bacarmalıyıq. O ki qaldı mərhum ananızın vəsiyyətinə, əmin olun ki, onun ruhu atanızı çoxdan bağışlayıb. Ən azı ona görə ki, Haqqın dərgahında insanlar bağışlanılmağın və bağışlamağın nə olduğunu yaxşı bilirlər.

İsa Rəvan

O.M.