Dünyada ilk porno-jurnalın redaktoru impotent oldu

Dünyada ilk porno-jurnalın redaktoru impotent oldu

2 Mart 2012 22:52
Bəyəndim (0) Bəyənmədim (0)
Pornoqrafiyanı təbliğ edən bu adam qarğışlara tuş gəldi

EKRANDA ƏBƏDİLƏŞƏN HƏYAT

1996-cı ildə Hollivudda "Xalq Larri Flintə qarşı" kinofilminin premyerası təşkil olundu. Yəqin ki, bir çoxlarınız bu ekran əsərini görmüşsünüz. Görməyənlərə isə demək istəyirəm ki, kino ilk porno-jurnalın baş redaktorunun həyatından bəhs edir. "Xalq Larri Flintə qarşı" filmi bir neçə nominasiyada "Oskar" mükafatına layiq görüldü. Doğrudur, əsas qəhrəmanın həyatdakı prototipi tədbirə dəvət almamışdı. Bununla belə, həmin adamın keçdiyi ömür yolu insanları heyrətə gətirdi. Məlum oldu ki, bu film yaradıcı təxəyyülün məhsulu deyil. O, real həyatda baş vermiş hadisələrə əsaslanır. Deməli, həyatda Larri Flint adlı şəxs olmuşdu. Əgər elədirsə, gəlin bu insanın aqressivliyinin səbəbini araşdıraq. Görəsən nə üçün o, qanun keşikçilərinə qarşı düşmən mövqedə dayanıbmış?

LARİ FLİNT KİMDİR?

Larri Flint 1942-ci ildə Kentukkidə (ABŞ) anadan olmuşdu. O, uşaq olarkən valideynləri ayrılmışdılar. Balaca Larri pozğun anasının və qoca nənəsinin himayəsində qalmışdı. Heç bir yerdə işləməyən anası əsasən gecələr küçəyə çıxır, "çörəkpulunu" orada qazanmalı olurdu. Müharibə şəraiti bütün ölkə vətəndaşları kimi onların da ailəsini çətinliklərlə üz-üzə qoymuşdu. Yüngül həyat tərzi sürən bu qadın çox vaxt müştərilərini evinə gətirirdi. Larri çox kiçik olsa da, zaman keçdikcə anasının nə işlə məşğul olduğunu anlamağa başlayırdı. Belə ki, bəzən "qonaqlar" arasında iyrənc təxəyyüllü insanlara da rast gəlinirdi. Onlar ağbəniz, toppuş Larriyə pis-pis təkliflər edirdilər. Əgər qoca nənəsi olmasaydı, anası çoxdan onu həmin yırtıcılara "peşkəş çəkərdi". Bütün bu gərginliklər onun körpə təxəyyülündə silinməz izlər buraxırdı. Heç təsadüfi deyil ki, böyük bacısı Cerri 12 yaşına yenicə qədəm basarkən "qonaqların" birinin təcavüzünə məruz qalmışdı. Anası bu adamı polisə vermək əvəzinə ondan külli miqdarda təzminat almaqla kifayətlənmişdi. Sözsüz ki, bu dəhşətli hadisəni gözləri ilə görən Larri də bacısı kimi depressiya vəziyyətinə düşdü. Onlar bir müddət psixiatriya xəstəxanasında müalicə aldıqdan sonra yenidən evlərinə qayıtdılar. Ancaq nənələri artıq həyatda yox idi. Görünür, qızının sürdüyü iyrənc həyat tərzi bu dindar qadını çərlədib öldürmüşdü.

BATAQLIQ MİKROBU

Hər cür nəzarətdən kənarda qalan Larri tezliklə orta məktəbi yarımçıq buraxdı. O, küçə uşaqlarına qoşularaq xırda qarətlərlə məşğul olmağa başladı. Nəticədə, bir neçə dəfə polis məntəqəsinə düşdü. ABŞ cəmiyyətində bunun nə olduğunu demək, zənnimcə, yersizdir. Qanun keşikçiləri köməksiz Larrini bir çox çətin sınaqlara çəkdilər. Onu bəzi iyrənc hərəkətlər etməyə məcbur etdilər. Larri göz önündə alçaldıqca daha da qəddarlaşırdı. Onun daxilində aqressivlik hissi baş qaldırmışdı. Məhz bu hisslər tezliklə onu ordu sıralarına gətirdi. 16 yaşlı Larri Flint burada öz iyrənc fantaziyalarını həyata keçirməklə məşğul idi. O, zəif xarakterli əsgərləri yoldan çıxarır, onları müxtəlif pis işlərə sövq edirdi.

ƏLƏMDƏN NƏŞƏYƏ

1964-cü ildə Larri Flint ordu sıralarından tərxis olunub, Deytonda striptiz klubunu icarəyə götürdü. O, hələ böyük pulları tanımadığı üçün qiymətləri gülünc səviyyədə aşağı təyin etdi. Nəticədə, çoxlu miqdarda müştəri toplaya bildi. Artıq uğur qaçılmaz idi. Larri Flint öz işini elə qurmuşdu ki, rəqiblərini bir-bir sıradan çıxarırdı. Onun uğurlu qiymət siyasəti tezliklə biznesinin böyüməsinə gətirib çıxardı. Qısa müddət ərzində Larrinin 6 iri şəhərdə striptiz klubu açıldı. 1971-ci ildə isə onun artıq 16 dənə bu cür klubu fəaliyyət göstərirdi. İyrənc təxəyyüllü Larri Flintin pulları artdıqca ambisiyaları da artırdı. 1974-cü ildə o, kişilər üçün Hustler adlı ilk porno-jurnalı nəşr etdirdi. Tiraj tezliklə 2.5 milyona çatdı. Heç təsadüfi deyil ki, onun nəşriyyat evi tezliklə böyüdü və 40 növdə jurnallar nəşr etdirməyə başladı. Bu mətbu orqanlar kriminal, moda, fantastika, siyasət, avto və digər maraqlı mövzuları işıqlandırırdı. Bir sözlə, Larri Flintin illik gəliri 120 milyon ABŞ dolları təşkil edirdi.

AZAD SÖZÜN QIRILMIŞ SƏRHƏDİ

Uğur özü ilə çoxsaylı problemlər gətirirdi. Onun mətbu orqanları əsasən pornoqrafik mövzulardan bəhs etdiyi üçün Larri Flinti tez-tez məhkəməyə verirdilər. Qəribədir ki, çox vaxt o, prosesləri udurdu. Şahidlərin dediyinə görə, Larri iclaslarda özünü son dərəcə soyuqqanlı aparır, yumorundan qalmır, fikrini məntiqi cəhətdən izah edə bilirdi. Çünki o özünün haqlı olduğuna şübhə etmirdi. Məhz bu keyfiyyətləri onu həmişə mübarizədən qalib çıxarırdı. Larri Flintin cəmiyyət qarşısında ən böyük xidməti ondan ibarət idi ki, o, azad sözün sərhədlərini daha da genişləndirə bilmişdi. Başqa sözlə desək, bu gün kinofilmlərdə prezidentlərin, dövlət və din xadimlərinin gülüş hədəfinə çevrilməsi onun yaratdığı ictimai fikrin nəticəsidir. Larri Flint haqlı olduğunu bu cür izah etməyə çalışırdı: "Sənəti qarşısında baş əydiyimiz qədim rəssamlar, heykəltəraşlar insanı çılpaq vəziyyətdə təqdim etmişlər. Əgər bu əxlaqsızlıqdırsa, niyə bütün dünya həmin əsərləri gözəlliyin təcəssümü adlandırır? Çarmıxa çəkilmiş yarıçılpaq kişi obrazını da misal çəkmək olar. Məgər bu dinə təhqirdirmi?"

XATIRLATMA

Ümumiyyətlə, Larri Flint həyatda çox ağıllı və hiyləgər adam olmuşdu. Onun barəsindəki filmə baxanlar yəqin ki, bir məqamı xatırlayırlar: "Jurnalda dindarın anasını zorladığı barəsində məqalə dərc olunur. Sözsüz ki, dindar jurnalı məhkəməyə verir. Qəribə də olsa, iclasda baş redaktor yazıya çox asanlıqla bəraət qazandıra bilir. O, dindardan soruşur:

- Siz belə bir iş tutmuşsunuz?

Dindar:

- Əlbəttə yox.

Larri Flint:

- Bəs onda nə üçün təlaş keçirirsiniz? Axı bu məqalə sizə aid deyil".

Göründüyü kimi, əgər dindar özünün təhqir olduğunu israr etsəydi, deməli, məqalədə yazılmış hadisənin ona aid olduğunu qəbul etmiş olardı. Bu isə həmin dindarın nüfuzdan düşməsinə gətirib çıxara bilərdi. Kinofilmdə bu hadisə çox gözəl təsvir olunmuşdu.

ÖLÜMÜN BİR ADDIMLIĞINDA

Həyatda Larri Flintin dediyi sözlər həqiqət olsa da, çoxları onu əxlaqsız adam kimi qəbul edirdilər. Məhz buna görə də onun düşmənləri az deyildi. 1978-ci ilin 6 mart günü günorta saat üçə yaxın ona qarşı sui-qəsd təşkil olundu. Larri Flint vəkili ilə birlikdə növbəti məhkəmə iclasından çıxarkən terroristin gülləsinə tuş gəldi. Corciya ştatının Dövlət məhkəməsinin binası qarşısında 35 yaşlı redaktor qarnından güllələndi. O, ilk əvvəl nə baş verdiyini anlamasa da, sonradan sancılandığını hiss edib, əlini köynəyinə sürtdü. Yaralandığını görüb, dərhal yerə çömbəldi. Vəkili ona kömək etmək istəyərkən sinəsindən hədəfə alındı. Terrorist aradan çıxa bilsə də, bir neçə gündən sonra tutuldu. Bu, 28 yaşlı Ceyms Franklin adlı killer idi. Onu da qeyd edək ki, həmin adam 23 qaradərilini, 3 ağ qadını və 2 yəhudini öldürdüyünü dərhal etiraf etdi. Ceyms Franklin Larri Flinti ona görə öldürmək istəyirdi ki, redaktor nəşr etdiyi jurnalda ağlarla qaraların cinsi əlaqələrindən ağızdolusu yazırdı. Bu isə qaradərili insanlara düşmən kəsilən ultramilliyyətçi bir şəxsi razı sala bilməzdi.

ÖLÜ HƏYAT

Xoşbəxtlikdən Larri Flint sağ qala bildi. Lakin o, ömrünün qalan hissəsini əlil arabasında keçirməli oldu. Onun bədəni qurşaqdan aşağı iflic olmuşdu və tamamilə çalışmırdı. Bu isə pornoqrafiya aşiqi üçün ölümdən də betər sayılırdı. Hadisə baş verən günün səhəri bütün ABŞ mətbuatı bu barədə geniş məlumatlar yaydı. Çoxları Larri Flintin Tanrının qəzəbinə tuş gəldiyini söylədilər. Bəziləri isə onun öldüyü barədə xəbərlər yaymağa tələsdilər. "Şeytanın nümayəndəsi", "Nə üçün çalışırdı?!", "Tanrı iyrənci cəzalandırdı", "Seksə zərbə" və bir çox başlıqlı məqalələr mətbu orqanların əsas xəbər blokunu təşkil edirdi.

SON SÖZ ƏVƏZİ:

Bu yaxınlarda məlum karikatura hadisəsi bütün dünya ictimaiyyətini lərzəyə saldı. Azad söz pərdəsi altında gizlənən bəzi üzdəniraq jurnalistlər bir çox mənəvi dəyərləri təhqir etməyə çalışmışdılar. Onlar bunu düşüncə azadlığının sərhədsiz olması ilə izah edirdilər, eynən Larri Flint kimi. Hansı ki, ehtiraslı əlaqələri iyrənc formalarda təbliğ edə-edə sonda bu hissdən birdəfəlik məhrum oldu. Bəlkə elə Tanrının qəzəbi bu imiş?

Natiq Qocaman

O.M.