TALE-Günahların günahsız qurbanları

TALE-Günahların günahsız qurbanları

17 Dekabr 2011 20:12
Bəyəndim (0) Bəyənmədim (0)
Onların haqq səsini boğub evsiz qoydular

Dünyaya gələn hər bir insan öz ailəsində yetkinləşir və oradan da gələcək həyat yollarına bir növ vəsiqə alır. Bunun üçün övlad üzərində haqdan gələn valideyn məsuliyyəti vardır. Valideyn bu məsuliyyətini dərk etməyib övladına biganə olarsa, övladının taleyi həyatın ağır sınaqlarına tuş gəlir. Ataya nisbətən ana övladına daha fədakar olur. Ona görə də "Uşaq anadan yetim qalar", - deyirlər. Mənəvi sarsıntılar ömrü şikəst edir, ömür isə təkrarlanmır.

Yanaram oduna mənə yananın,

Yox olur ümidi çox vaxt gümanın.

Heyf ki, belədir hökmü zamanın,

Ötən hər xoş günü saxlamaq olmur. (İ.R.)

Əbədi xoşbəxtlik və əbədi bədbəxtlik də yoxdur. Xoş gün də, pis gün də insan ömrünə gəlir də, gedir də. Sadəcə yaxşı əməllər edərək ömrü zinətləndirmək və yaşanan hər günü dəyərləndirmək lazımdır. Çünki bu dünyadan köçərkən yaxşı, ya pis əməldən başqa heç nə aparmaq mümkün deyil. Bu bəlli olduğu halda, bir çox insanlar yenə də dünya malına görə öz nəfslərinin qurbanına çevrilirlər. Düzdür, yaşamaq üçün insan həyatın mübarizə meydanında çarpışmalıdır. Ancaq öz düz amalı və haqqı üçün. Daha başqasının malını və haqqını əlindən almaq üçün yox. Ələlxüsus da yetimin malını.

Bütün bu deyilənlərlə bağlı bu gün öz haqqına haray istəyən, evli ikən evsiz-eşiksiz qalan daimi oxucumuz Xatirə Kərimovanın keşməkeşli və acı taleyindən söhbət açacağıq.

1967-ci ilin aprel ayında Bakı şəhərinin Nəsimi rayonunda anadan olan Xatirəgil ailədə 2 qardaş 1 bacı olurlar. Şən və qayğısız günlər yaşayan Xatirə evin ən ərköyün və sözükeçən övladı olur. Anası Gülarə mağaza müdiri, atası Abbas isə İçərişəhərdə iş icraçısı işləyir. Ümumilikdə onlar çox gözəl bir ailə həyatı yaşayırlar. Xatirə Nəsimi Rayon 36 saylı orta məktəbdə oxuduğu illərdə dərs əlaçısı və sinif nümayəndəsi olur. Onun arzusu məktəbi bitirəndən sonra ali təhsil alaraq hüquq mühafizəçisi olmaq olur. Ən çox sevdiyi fənlər də ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat olur ki, bu fənlərə də xüsusi maraq göstərir. Poeziyanı xoşladığı üçün şeirdən də xüsusi zövq alır.

Xatirə 1982-ci ildə orta məktəbi bitirərək Politexnik İnstitutuna qəbul olur və 1988-ci ildə oranı bitirir. Həmin illər təyinat üzrə haradasa işləyib sonra diplom alınmalı idi. Bu səbəbdən də Xatirə o vaxtkı Əli Bayramov adına tikiş fabrikində laborant işinə düzəlir. Orada işləyən və nişanlı olan Nəzakət adlı qızla tanış olur və bu tanışlıq onları bir-birinə çox yaxınlaşdırır. Onlar rəfiqə olur, bir-birlərinin evinə də gedib-gəlirlər. Nəzakətin toy günü onun bibiləri və bacıları Xatirəni görüb bəyənirlər. Və sonradan onu qohumları olan və yetim qalan Rafiqə almaq üçün elçi gəlirlər...

Haşiyə: 1964-cü ildə "Kubinka" adlanan məhəllədə anadan olan Rafiqgil ailədə 3 qardaş, 3 bacı olurlar. O, körpə olarkən 1968-ci ildə atası vəfat edir. Atasının vəfatından sonra əmisi anasını yola vermədiyinə görə anası 6 körpə uşağını da götürüb "Nizami" metrosunun yaxınlığında yaşayan ata evinə - öz anasının yanına qayıdır və orada qalırlar. Bir müddətdən sonra Rafiqin böyük qardaşı vəfat edir. Oğlunun vaxtsız itkisinə dözə bilməyən anası da dərd çəkə-çəkə xəstələnərək 1 il sonra vəfat edir. Bundan sonra köməksiz qalan nənələri başsız qalan uşaqları internata qoyur. Rafiq internatı qurtarandan sonra hərbi xidmətə gedir. Hərbi xidmətini başa vurub qayıdandan sonra da darısqal şəraitdə dayısı və dayısının ailəsinin də yaşadığı nənəsinin evində qalır. Ancaq Rafiq və bacı-qardaşları hamısı yenə də Kubinkada öz ata mülklərində daimi qeydiyyatda qalırlar.

... Rafiq üçün Xatirənin "hə"sini almağa gələndə onun yetim olduğunu da bildirirlər. Xatirənin valideynləri söyləyirlər ki, nə olar yetim olanda, yetimin də Allahı var və razılıq verirlər. Onlar 2 ay nişanlı qalırlar. 2 aydan sonra - 1988-ci ildə Xatirənin el adəti ilə toyu olur və rəsmi nikah əsasında Rafiqlə ailə həyatı qurur. Rafiqin nənəsinin evi çox darısqal olduğundan Xatirənin anası onlara ayrıca kirayə ev tutur. Və toydan sonra Xatirə həmin kirayə evə gəlin köçür. Anası Gülarə Xatirəyə bahalı və brilyantlarla dolu yaxşı qızıl, çoxlu cehiz verərək adına əmanət kassasında pul da qoyur. Xatirə kirayədə qalsa da, yenə də öz ata-anasının köməkliyi ilə xoş günlər yaşayır. Rafiqin xasiyyəti yumşaq və mülayim olduğundan demək olar ki, hər ikisinin təbiəti bir-birinə uyğun və yaxın olur.

Bu gənc ailənin ilk qız övladı dünyaya gəlir. 2 ay sonra isə mart ayında Xatirənin anası Gülarə dünyasını dəyişir. Bundan sonra Xatirənin qara günləri başlayır. Belə ki, anasının 40-ı günü atası ona deyir ki, məni evləndir. Xatirə təəccüblü halda cavab verir ki, heç olmasa 6 ay keçsin, sonra. Lakin atası razılaşmayaraq bildirir: "Bu gündən etibarən mənim evimdən get, bir də bura gəlmə!" Xatirə sarsılaraq evdən çıxır. Böyük qardaşı Rusiyaya köçür, kiçik qardaşını da atası evdən çıxarır. O da məcbur olub kirayədə yaşayır. Onlar evdən çıxsalar da, ata evində daimi qeydiyyatda qalırlar. Anasının qırxı çıxandan sonra atası çoxdan gözaltı etdiyi başqa bir qadınla evlənir. Xatirəgilin ata evi ilə heç bir əlaqələri olmur. Ancaq qardaşı ilə əlaqə saxlayaraq gəl-get edirlər.

1990-cı ildə Xatirə anasının ona verdiyi qızılları sataraq üstünü də əmanət kassasında adına olan pulla düzəldərək Yeni Günəşli qəsəbəsinin "B" yaşayış massivində 2 otaqlı ev alır. Evi öz adlarına keçirtmək və ora qeydiyyata düşmək üçün aldıqları evin sənədlərini həmin kooperativ binanın sədrinə verirlər. Lakin kooperativin sədri həmin evi başqasına da satdığından Xatirənin adına verdiyi sənədi gizlədərək ləğv edir. Evin başqa bir sahibi də sənədlə gələndə məsələ gərginləşir. Xatirə sədrdən öz sənədlərini tələb edəndə sədr çəkinmədən bildirir ki, siz mənə sənəd verməmisiniz və bu evi də siz almamısınız. Kimsəsiz olan Xatirə və Rafiq nə qədər sübut etməyə çalışsalar da, hara müraciət etsələr də, heç bir xeyri olmur. Pul və aldıqları təzə ev də əllərindən çıxan və çarəsiz qalan Xatirə ilə Rafiq həmin vaxtdan bu günə kimi hələ də kirayədə yaşayırlar. Bu ailənin daha 2 qız övladı olur. Artıq böyük və ortancıl qızlarını gəlin köçürüblər. Onlarla qalan və evin sonbeşiyi olan 15 yaşlı Səbinə isə hələ kompüter kursuna getmək istəyir. Lakin ailənin maddi durumu çətin olduğundan onun bu arzusunu gerçəkləşdirə bilmirlər.

Xatirə ilə Rafiq bir yerdə işləsələr də, aylıq məvacibləri az olduğundan dolanışıqları çox çətindir. Xatirə özü xəstə olsa da, müalicəsini etdirə bilmir. Aldıqları məvaciblə evin kirayə haqqını və gündəlik qida tələbatlarını ancaq çatdırırlar. Buna görə də Xatirə xeyirxah insanların köməyinə ümid edərək əlavə iş yeri axtarır. Bir çox yerlərə müraciət etsə də, hələ də köməklik yoxdur.

Qeyd: Rafiqin əmisi də vəfat edəndən sonra əmisi oğlu onların ata həyətinə köçərək orada yaşayır. Rafiq və bacı-qardaşları öz doğma ata mülklərində qanuni qeydiyyatda ola-ola ora gedə bilmirlər. Əmisi oğlu özünü dəliliyə vuraraq əlinə balta və digər soyuq silah götürərək onları ata mülklərinə buraxmır. Hələ Rafiqi və bacı-qardaşlarını ata evinin qeydiyyatından çıxartmaq üçün ərazi üzrə Nəsimi Rayon Məhkəməsinə ərizə də verir. Nədənsə Nəsimi Rayon Məhkəməsi də 2010-cu ildə Rafiqgilin ata mülkündə daimi qeydiyyatda olmaqlarına baxmayaraq, onları həmin qeydiyyatdan çıxarır. Bununla bağlı Rafiqgil Apellyasiya Məhkəməsinə müraciət edirlər. Apellyasiya Məhkəməsində işə baxılarkən Nəsimi Rayon Məhkəməsinin icraatı ləğv olunur və onları təzədən öz ata mülklərinə qeydiyyata salırlar. İndi həmin məhəllənin ətrafı söküldüyünə görə əmisi oğlu bütün həyəti öz adına keçirmək məqsədilə Rafiqgili yenidən ata evinin qeydiyyatından çıxarmaq üçün təzədən Nəsimi Rayon Məhkəməsinə ərizə verib. Bu dəfə məhkəmənin qərarı necə olacaq, bəlli deyil. Rafiqgil öz hüquqlarını qorumaq üçün vəkilə də ehtiyac duyurlar. Çünki bu və ya digər sahəyə aid olan qanunları tam halında bilmədiyinə görə bunun zəruri olduğunu bildirir. Ancaq maddi durumu buna da imkan vermir. Bütün bu olanlara baxmayaraq, Xatirə ümidini həyatdan üzmür. Bildirir ki, heç nə istəmirəm, bircə balaca bir komam olsun, bilim ki, özümündür. Özümüz burada anadan olub böyüyüb boya-başa çatsaq da, kimsəsiz kimi özümüzü qərib hiss edirik. Haqq səsimizə bir kimsə hay vermədiyindən evli ola-ola evsiz-eşiksiz qalmışıq. Bu səbəbdən də indiyə kimi kirayələrdə yaşayırıq. Bu məqsədlə də əlavə iş də axtarıram ki, heç olmasa maddi durumumuzu bir qədər yaxşılaşdırım.

Allahın ən çox xoşuna gələn ev yetimə qulluq və qayğı göstərilən evdir. Dünya onda günaha batır ki, yetimin malına da göz dikərək onun haqqını əlindən alırlar. Bu günahı edənlər unutmasınlar ki, bir gün bunun da ağır imtahanı olacaq. Onlar bu ağır imtahan qarşısında isə cavab verməli olduqları halda, heç də cavab verə bilməyəcəklər. Dünya malına və sənə aid olmayana görə bu qədər günaha batmağa dəyərmi?

İnsan günahı da, savabı da özü qazanır. Yaxşı olmazmı elə savab və xeyir əməllər görərək dünyamızı daha da abadlaşdıraq?! Gözəl və xeyir əməllərimizdən zövq aldığımız halda, nədən xeyirxahlıq etməyə tələsməyək? Ümid dolu qəlbləri sevindirmək savab əməl deyilmi? Arada bir xeyir marafonu keçirib bu marafona qoşulub dəstək olaraq müəyyən qəlbləri haqq qarşısında sevindirib onları mənən yaşatmağımız özüm üçün də qazandığımız xoşbəxtlik deyilmi? Bu xeyir marafonuna dəstək olmaq istəyən müraciət edə bilər. Ümidvaram ki, xeyirxah insanlar Xatirənin də durumunu nəzərə alaraq ona iş tapmaqda öz köməkliklərini əsirgəməyəcəklər.

İsa Rəvan

O.M.