Azərbaycanın acınacaqlı siyasi reallığı
Hər həftə şənbə günləri tanış cavanları yığıb futbol oynayırdım. Lakin axır iki həftə onları yığmaq qeyri-mümkündür: bir qismi müxalifətin "ölüm-dirim" kimi təqdim etdiyi mitinqlərə, digərləri iqtidarın məcburi yaşıllaşdırma aksiyalarına yollanır. Müxalifətlə iqtidarın pişik-siçan oyunlarının nəticəsində şənbə futbollarını ləğv etməyə məcbur oldum. Bu məqamda yəqin ki, yazımı oxuyan müxalifətçi məni vətəni, iqtidar nümayəndəsi isə təbiəti sevməməkdə, biganəlikdə ittiham etməyə başladılar. Xeyr, şikayətim idmandan məhrum olmaqdan deyil, siyasi qüvvələrin yaradıcı potensialının zəifliyindən, xəyal güclərini işlətməməklərindəndi...
Gənclərdən bir alət kimi tarix boyu, müxtəlif quruluşlu dövlətlərdə siyasi qüvvələr həmişə istifadə etməyə çalışıblar. Enerjisi çox, qeyri-müəyyən, formalaşmamış məqsədləri, arzuları olan, hadisə ilə nəticəni uzlaşdırmaqda çətinlik çəkən "ordunu" idarə etmək, istiqamətləndirmək xülyası ilə hər bir siyasətçi yaşayır. Müasir Azərbaycan gəncliyinin böyük əksəriyyətinin testləşmə sistemi ilə robotsayağı birqatlı düşüncə səviyyəsinə endirildiyini nəzərə alsaq, bu xülyanın daha da asan reallaşdırmağın mümkünlüyünü qeyd edə bilərik.
Bu mənada milli siyasi qüvvələri yeni nə isə icad etməkdə ittiham etmək olmaz. Onlar sadəcə əvvəlki siyasətçilərin addımlarını təkrarlayırlar. Lakin bunu hətta quldarlıq dövrünün həmkarlarından daha primitiv, daha bayağı şəkildə edirlər. Müxalifət gəncləri yalnız qapaz yeməyə, iqtidar isə susuz səhralarda gələcəyi çox müəmmalı olan tinglər əkməyə dəvət edirlər. Və məsələ heç də bu aksiyaların əhəmiyyətsizli, yaxud təsirsizliyində deyil. Mübarizlik, komanda şəklində fiziki əmək ideyaları hər bir gəncin yaşadığı supermen sindromunu oyatmaq üçün pis deyillər. Lakin bu ideyaların işləməsi üçün siyasi liderlərin özlərinin onlara, gənclərin isə konkret nəticələrin reallığına inanmaqları lazımdır. Və problemlər məhz elə burada başlayır.
Artıq 15 ildən çoxdur ki, müxalifət gəncləri son ölüm-dirim mübarizəsinə çağırır və hər dəfə bu son nədənsə yalnız gənclərin talelərində öz əksini büruzə verir: universitetlərdən qovulurlar, döyülürlər, təqib olunurlar, karyera perspektivlərindən məhrum olurlar. Müxalifət liderləri isə olduğu mövqedə qalırlar: işləri də var, pulları da, xaricdə istirahət imkanları da. Ortada isə konkret bir nəticə yoxdur. Və müxalifətin taktikasını dəyişdirməmək istəyində inad etməsi istər-istəməz bir fikrə gəlməyinə səbəb olur: bəlkə heç onlara bu nəticə lazım deyil? Bəlkə onlara elə indiki yerləri, mövqeləri də kifayət qədər sərf edir? Axı başqalarının hesabına mübarizə imitasiyası real, düşünülmüş, ağıllı mübarizədən qat-qat asandır.
Əgər biz bu günə qədər iqtidarın keçirdiyi ağacəkmə aksiyaları və əkilən ağacların sayını hesablasaq, artıq göydələnlərin damlarında da evkaliptlərin ucalmasını gözləməkdə haqlı olarıq. Lakin nəinki bu baş vermir, Bakıda yaşıllığın sayı azalmaq xətti ilə gedir (bircə şəhər icra hakimiyyətinin əkdiyi əcaib yarı sarı, yarı Allah bilir nə rəngdə olan kolları mənə əks-arqument kimi gətirməyin). Ağac bu gün əkilir, bir həftə sonra quruyur, növbəti iməcilik aksiyasında eyni yerdə eyni uğurla yenisi əkilir. Və artıq ən sadəlövh gənc anlayır ki, bu iməcilik yalnız formal xarakter daşıyır. Əslində, heç kimi o ağacların taleyi, ətraf mühit narahat etmir. Axı başqalarının hesabına yaxşılığı imitasiya etmək real iş görməkdən, özünə maddi deyil, məmləkətə ictimai xeyir gətirməkdən xeyli asandır.
Gənclik məşhur kinokomediyamızdakı almaya bənzəyir: onun şirəsini içir, toxumunu axtarır, qurdunu öldürürlər, amma almanın özü heç kimə lazım deyil. Filmdəkitək gənclik sanki cansız bir əşya kimi öz səsini, öz istəyini ortaya qoymur, onun dərdini başqa nəsillər çəkir.
Son söz əvəzi: Bəlkə də "qurdunu öldürürlər" ifadəsinin yerinə "onun hesabına öz qurdlarını öldürürlər" daha düzgün səslənərdi...
Anar Eyyubov
O.M.