Müstəqil mətbuatı gələcəyə aparan insan

Müstəqil mətbuatı gələcəyə aparan insan

5 İyul 2017 17:30
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Mətbuat günü yaxınlaşdıqca, nədənsə, tarixə, jurnalistika sisteminin qanlı-qadalı illərinə, qaynar dövrlərinə, inkişaf və tənəzzül mərhələlərinə nəzər salırıq. Bəzən nostalji duyğular insanların beynini bürüyür, indi asan görünən, zamanında isə keçilməz qaya sanılan problemlər göz önünə gəlir. Ən çox da 1989-cu ildən başlanan Azərbaycanın müstəqillik savaşının dönəmləri xatırlanır, anadilli mətbuatın müstəqilliyinin bərpasının şərəfli duyğuları düşüncələrimizə pərçimlənir.

Müstəqilliyin bərpasında Azərbaycan jurnalistlərinin göstərdikləri fədakarlıq yəqin ki, gələcək tədqiqatçıların həvəslə araşdıracağı mövzu olacaq. Necə ki, indi 1875-ci ildən, Həsən bəy Zərdabinin azad fikir "Əkinçi"sindən üzü bəri mətbu nümunələr, publisistlər tədqiq olunur, dövrün, zamanın ictimai-siyasi, mədəni mühiti sözlə təsvir edilir, bir zamanlar da XX əsrin son illərinin nəşrləri də araşdırılma müstəvisinə gətiriləcək. Jurnalistikanın ən şərəfli dövrü dedikdə 1918-ci ilin 15 sentyabrından Bakı işğaldan azad olunandan sonra nəşrini bərpa edən və yenicə işıq üzü görən qəzetlər göz önünə gəlir. Bu dövrdə nəşr olunan "Azərbaycan" da daxil olmaqla xeyli qəzet çox çətinliklərlə işıq üzü gördü. Anadilli qəzetləri çap edən mənbələr bolşevik-erməni birləşmələri tərəfindən dığıdıldığından və üstəlik, kağız qəhətliyi yarandığından bir çox mətbu nümunələr iki səhifədə çıxmalı oldu.

1989-cu ildə də tarix təkrarlandı, Azərbaycan milli mətbuatı ciddi problemlərlə üz-üzə qaldı, kağız qıtlığı, senzura sərtliyi, yayım şəbəkəsindəki çatışmazlıqlarla üzləşdi. Müstəqillik ideyasını cəmiyyətin bütün təbəqələrinə çatdırmaq və qəzetlərin maliyyə asılılığını aradan qaldırmaq üçün fədakar insanlar böyük işlər gördü, müxtəlif planlar həyata keçirildi. Qəzetlərin yaşamını tək yeni nəsil jurnalistlərinin üzərinə yükləmək mümkünsüz olduğundan, tarixi kökü, ənənəsi olmayan yeni qəzetçilik sistemi yaradıldı. Müstəqil qəzet nümunələri kimi bu gün də mövcudluqlarını qoruyub saxlayan xeyli mətbu nəşrləri ayaqda saxlayan, müstəqillik savaşında güclü edən də bu idi. Bu sistemin yaradıcılarının əksəri arxa planda dayansalar da, qəzet redaktorları, tanınmış jurnalistlər onları adbaad bilir, həm də xilaskar kimi tanıyırlar. Yeni qəzet yayım siyasətinin zamanında gücü həm də onda idi ki, bu sistemi yaradanların menecerlik bacarığı, təhlil və analiz istedadları vardı.

Milli Mətbuat günü ərəfəsində bu insanları anmaq, onları xatırlamaq, gördükləri fəaliyyətin miqyasını müəyyənləşdirmək olduqca vacibdir.

1990-cı illər mətbuatının ağırlığını və şərəfini çiyinlərində daşıyanlar Qüdrət Şahməmmədoğlunu yaxşı tanıyırlar. Ölkədə maliyyə sabitsizliyinin, inflyasiyanın hər gün ağır fəsadlarını yaşayan mətbuatın maliyyə dayanıqlılığını qorumaq üçün bu insanın gördükləri çoxumuzun yaddaşındadır. Kağız qıtlığı, yaxud hər həftə dəyişən qiymətlər yenicə addım atan mətbuatı əzməsin deyə tək yayım siyasətinə deyil, həm də yaradıcılıq istiqamətlərinə təsir edən Q.Şahməmmədoğlu ilk dəfə Azərbaycanda bütün bölgələri əhatə edən böyük bir yayım şəbəkəsinin əsasını qoydu.

İnflyasiyanın tüğyan etdiyi, siyasi iqtidarların qısa vaxtda biri-birini əvəzlədiyi, sonu görünməyən siyasi çəkişmələrin baş alıb getdiyi vaxtda yeni oxucuya çevrilən Azərbaycan insanına obyektiv xəbər çatdırmaq olduqca lazım və gərəkli idi. Həmin vaxt mətbuatımız ilk dəfə təklif və tələb anlayışları içərisində inkişafın hələ yeni mərhələsinə qədəm qoyurdu. Təklif və tələbat səbətinə isə yenicə əldə olunan Azərbaycan istiqlalı, müstəqilliyinin qorunması; bu yöndə xəbərlər, informasiyalar daxil idi. Q.Şahməmmədoğlunun qurduğu yayım şəbəkəsində 1000-ə yaxın insan isə bu amala xidmət etdi, həm özlərini, ailələrini, balalarını yaşatdı, müstəqillik amalına aşina oldu, həm də qəzetləri qoruyub saxladı, mətbuatı gələcəyə daşıdı.

Q.Şahməmmədoğlu təkcə Azərbaycanın sərhədləri daxilində deyil, Rusiyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımıza Azərbaycan xəbərini də çatdırırdı. Bütün bu işlər müstəqillik mücadiləsində kənarda yaşayan, Vətən həsrəti çəkən soydaşlarımızın iştirakını təmin etdi. Blokada şəraitində olan Naxçıvana çətin, ağır şəraitdə qəzetlər göndərildi, bir növ ordakı soydaşlarımız informasiya blokadasından çıxarıldı. Özü də tək müxalif, müstəqil nəşrlər deyil, rəsmi dövlət qəzetləri, hakimiyyətin mətbu orqanları da paralel şəkildə ünvanlara çatdırılır, heç bir problem yaşanmırdı. Q.Şahməmmədoğlunun uğurlu qəzetçilik siyasətinin əsas ana xətti çeşidli mətbu nümunələrin heç birinə fərq qoymamasında idi.

Müstəqilliyin ilk illərində Q.Şahməmmədoğlunun, Bilman Allahverdiyevin, Şəfi Əhmədovun, bu gün "Azərmətbuatyayıma" uğurla rəhbərlik edən Süleyman Salmanovun, Cəmil Abdurrəhmanovun qurduqları yeni yayım siyasətinin tarixi özəlliyi ondadır ki, bu insanlar redaksiyaların yaradıcılıq laboratoriyasının əsas "laborantları", "elmi araşdırıcıları" və istiqamətvericiləri idi. Qəzetlərin ilk və son səhifələrindəki yazılar, dizayn işi, hətta bəzən manşetlər belə bu insanlarla razılaşdırılır, onların təklifləri, fikirləri, ideyaları nəzərə alınırdı. Qəzetlərin yaşam düsturunu məhz bu insanlar müəyyənləşdirirdi.

2001-ci ildən sonra da bu qəzetçilik institutu daha peşəkar, təkmil variantda inkişaf etdi. Mətbuat meneceri kimi Q.Şahməmmədoğlu cəmiyyətin hansı sahəsində informasiya boşluğu olduğunu gözəl bildiyindən, elə həmin illərdə tələbata uyğun tibb qəzetinin və jurnalın əsasını qoydu. 2003-cü ildən başlayaraq çoxtirajlı "Sağlamlıq" qəzetini nəşr etdirən Q.Şahməmmədoğlu 2009-cu ildə ölkə ərazisində ilk dəfə müstəqil "Sağlamlıq və sən" adlı jurnalını çıxardı. Xalqın anlayacağı tərzdə çətin ifadələrdən və mənası bilinməyən terminlərdən kifayət qədər az istifadə edən bu mətbu nəşrlər geniş oxucu kütləsi qazandı. Rusiyanın ən böyük sağlamlıq qəzeti "Zdorovı obraz jizni" qəzetinin Azərbaycan versiyasını 2003-cü ildən etibarən çap edib yayan naşir ölkə hüdudlarından kənarda da tanındı. Xoş haldır ki, maarifçilik missiyasını uğurla davam etdirən Q.Şahməmmədoğlu bu gün də jurnalistikanın ağırlığını çiyinlərində daşıyır.

Sonda onu qeyd edək ki, mətbuatımızın cəfakeşi olan bu insanların xidmətləri, gördükləri iş, fəaliyyət sferaları öyrənilməli, gələcək qəzetçilər nəslinə və cəmiyyətə çatdırılmalıdır.

Akif Aşırlı