Sürünmək üçün yarananlar uça bilməzlər
Deyilənə görə, Facebook sosial şəbəkəsində etiraz aksiyasına gələcəkləri barədə üç min nəfər məlumat vermişdi. Aksiya günü meydanda gözə görünən yalnız polislər idi. Bəlkə internetdə razılıq verən üç min nəfər elə həmin polis əməkdaşları idi?!
Adətən ilk yazıda həmişə öz məramını, məqsədlərini bəyan edir, necə olacağın, hansı prinsiplər əsasında fəaliyyət göstərəcəyin barədə açıqlama verirsən. Lakin mən yalandan obyektiv, qərəzsiz və vicdanlı olduğumu bəyan edənlərə oxşamaq istəməzdim. Bu barədə rəy vermək məsələsini siz OXUcuların ixtiyarına buraxıram. Sadəcə son zamanlar baş vermiş və ardı gözlənilən hadisələrdən birinə - ərəb dünyasındakı siyasi proseslərdən coşan gənclərin etiraz aksiyalarına toxunaraq iki kəlmə ilə necə olmayacağım, yazılarımda nəyi görməyəcəyiniz barədə məlumat vermək istəyirəm.
1. Müxalifətin gözlədiyindən xeyli az sayda gənclərin
aksiyalarda iştirak etməsinə baxmayaraq, aparıcı müxalifətyönümlü qəzetlər "Ərəb dalğası Bakıya çatdı" tipli başlıqlarla məqalələr silsiləsini nəşr etdilər. Şəxsi söhbətlər əsnasında "köpük olmayan yerdə dalğadan bəhs etmək ağını çıxartmaq deyilmi?" sualıma "ümidi öldümək olmaz, bu sabaha səsləyən xeyirxah bir çağırışdır, ismarıncdır" - deyə cavab verildi.
Fikrimcə, istər çağırış, istər ismarınc, istərsə də mesaj adlandır, verdiyin çalar və rəngdən asılı olmayaraq yalan elə yalandır. Mənim yazılarımda siz bu cür "xeyirxahlıqları" görməyəcəksiniz.
2. Bayram axşamları bulvarda şənlik zamanı dövlət
telekanallarından biri "təsadüfi" adamlardan qısa müsahibələr götürür. Musiqiyə qulaq asmağa, əylənməyə gəlmiş cavanlar, ailəsi ilə gəzintiyə çıxmış cənablar və xanımlar kimi təqdim edilən respondentlər bayram tədbirlərinə münasibətini bildirərkən nədənsə dövlət qəzetlərinin yazı üslubunda qurulmuş cümlələrlə müxalifəti, etiraz aksiyalarını pisləməyə başlayırlar. Yaşı 20-dən çox olmayan bir gəncin əylənən zaman güya qəflətən verilən suala "Mən aidiyyatlı orqanlardan etiraz aksiyalarında iştirak edənlərə qarşı ən sərt, birmənalı tədbirləri görməyi xahiş edirəm" - deyə cavab verməsinə əlavə cizgilər tələb etməyən satirik tamaşadan başqa ad vermək olarmı?!
Həmin kanalın həmin an iqtidarın imicinə vurduğu zərbəni çətin ki, müxalifət hər hansı bir aksiya ilə vura bilər. Müxalifətə bu tipli verilişləri nümayiş etdirən telekanalları mükafatlandırmağı tövsiyə edərək öz yazılarımda bu cür "təbiilikdən" uzaq olmağa çalışacağıma söz verirəm.
Düzü, yuxarıda qeyd etdiyim xəbər yayımlarını heç yalan da hesab etmək olmaz. Çünki yalanı kimisə aldatmağa, mümkün qədər həqiqətə bənzəməyə çalışan kimi tərif etmək olar. 25 yaşlı xanımın özünü 20 yaşlı kimi təqdim etməsi ilə 70 yaşlı qadının "Mənim 25 yaşım var" deməsi arasında böyük fərq var. Bu mənada əslində nə müxalifət, nə də ki iqtidaryönümlü KİV-lərin böyük əksəriyyəti heç kimi aldatmadıqlarını gözəl başa düşür və buna heç çalışmırlar da. Yalan və həqiqət kateqoriyalı onları qətiyyən narahat etmir. Onlar sifarişlə işləyirlər - biri tənqidə, digəri tərifə görə pul alır. Ölkə başçısı ABŞ-ın İranla bağlı planlarına "yox" dedi - "Bizi ABŞ-la düşmən edir"; "hə" dedi - "Yaxın qonşumuzla düşmən olacağıq"; heç nə demədi "təhlükəli oyun aparır" - istənilən qərar tənqid olunacaq. Hökümət bu gün bir binanı unikal tarixi abidə hesab etsin - "Başqa cür ola bilməz. Bu binaya toxunmaq olmaz. Necə müdrik qərardır"- təriflər söyləniləcək; səhərisi binanın sökülməsinə qərar verilsin - "Çoxdan sökülməli idi. Daimi təhlükə mənbəyi idi. Necə vaxtında qəbul edilmiş qərardır" - deyə heyranlıq ifadə ediləcək.
Yazdıqlarımla yenidən velosiped kəşf etmək fikrində deyiləm. Bu tragikomediya artıq neçə illərdir ki, davam edir. Mən bu tamaşadakı rolumdan imtina etdiyimi, bu cür tənqid və tərifin icraçısı olmayacağımı diqqətinizə çatdırmaq istədim.
EPİLOQ ƏVƏZİ: Molla Nəsrəddin Teymurlənglə bir süfrədə oturub yemək yeyir. Teymurləng əvvəl yeməyi yaman tərifləyir.
- Düz buyurursunuz, əmir həzrətləri. Yaman dadlı yeməkdir. Bu günə qədər bundan dadlı heç nə yeməmişəm. - deyə molla Teymurləngin fikrini dəstəkləyir.
Bir neçə dəqiqədən sonra əmir xörəyin çox duzlu olmasını bahənə edərək süfrədən götürülməsini tələb edir.
- Mən də hiss etdim ki, yaman duzludur. Bunu yemək qeyri-mümkündür! - deyə Molla Nəsrəddin bildirdi.
Teymurləng təəccüb etdi:
- Axı indicə sən onu tərifləyirdin. Mən pisləyən kimi niyə onu pisləməyə başladın?
- Əmir həzrətləri, mən ki yeməyə deyil, sizə xidmət edirəm. - deyə Nəsrəddin cavab verir.
P.S. Yem olmamağımız arzusu ilə...
Anar Eyyubov
O.M.