
I ARAŞDIRMA: Köhnə kinolarımıza yeni baxış
Bir vaxtlar Sosializm dövründə yaşayırdıq. İşıqlı Kommunizmi qurmaq ümidi ilə cəmiyyətdə geniş təbliğat-təşviqat işləri aparılırdı. Bu yolda kinonun da müstəsna xidmətləri var idi. Belə ki, bədii filmlərdə sosializm realizmi geninə-boluna təbliğ olunmaqla kapitalizm romantizmi pislənirdi. Dövran dəyişdi. Təbii ki, hadisələrə baxış da dəyişdi. Məhz bu fəsadları nəzərə alaraq sizə köhnə kinolar, daha doğrusu, həmin kinolarda vəsf olunan obrazlar barədə məqalə yazmaq qərarına gəldim. Doğrusu, əvvəllər mən də ideoloji təbliğatı olduğu kimi qəbul edirdim. Lakin indiki dövrdə köhnə bədii filmləri yenidən izlədikdən sonra hiss etdim ki, mən artıq fərqli düşünməyə başlamışam. Başqa sözlə desək, bir zamanlar mənfi obrazlar kimi təqdim olunanlar barədə fikrim tamamilə və ya qismən dəyişib. Eyni sözləri müsbət obrazlar barədə də işlədə bilərəm. Mövzuya keçməzdən əvvəl bir məsələni qeyd edim ki, məqsədim köhnə kinoları tənqid etmək deyil. Əksinə, o dövrdə böyüyüb boya-başa çatmış bir insan kimi mən də həmin filmlərin təsiri altında şəxsiyyət tək formalaşdığımı qürurla qeyd edə bilərəm. Onlar yaddaşlarımızda əbədiyyən həkk olunmuş nadir sənət inciləridir. Yeganə məqsədim kinolara müasir düşüncə tərzi ilə yanaşmaq və subyektiv fikirlərimi sizlərlə bölüşməkdir.
Eyniniz açılsın deyə, araşdırmalara komediya filmlərindən başlayacağam. Yəqin ki, 1964-cü ildə lentə alınmış "Ulduz" filmini hamınız seyr etmisiniz. Kinoda Gülümsərov kimi təqdim edilmiş obraz savadsız alim qismində qabardılıb. Onun yeni ideyaları əvvəldən-axıra qədər tənqid olunub. Halbuki müasir dövrdə limonla-naringinin, portağalın və ya çayın kökündən calaq edilməsi geniş surətdə tətbiq edilir. Bazarda bu cür sitrus meyvələrini hər addımbaşı görmək olur. Kinoda limandra, limçay adları ilə məsxərəyə qoyulan elmi yeniliklər bir neçə ildir ki, həyata keçirilməkdədir. Doğrusu, limonla çayın calağı geniş tətbiq olunmur. Belə ki, çayı limonla yalnız Azərbaycanda və İranda içirlər. Bununla belə, portağalın və ya naringinin qarışığına rast gəlmək olur. Deməli, zamanını ən azı 40 il qabaqlaya bilmiş Gülümsərov, həqiqətən də, novator alim imiş.
1975-ci ildə çəkilmiş "Alma almaya bənzər" kinosundakı tüfeyli Məmmədəli obrazı haqda da bu gün xoş sözlər söyləmək olar. Ən azı ona görə ki, atası Nadirin araya-ərsəyə gətirdiyi çəyirdəksiz almaları heç bir elmi instansiyada qəbul etməmişdilər. O isə bazara çıxarmaqla meyvəyə geniş alıcı kütləsi toplaya və cəmiyyətdə maraq oyada bilərdi. Müasir dövr də bunu tələb edir. İqtisadiyyatı bilənlər mənimlə razılaşarlar ki, istehsalın əsas hədəfi bazardır. Əgər satış təşkil olunmasa, malı istehsal etməyə ehtiyac qalmaz. Digər tərəfdən, hər bir elmi yenilik ilk növbədə satış yarmarkaları vasitəsilə reklam olunur.
Götürək, 1978-ci ildə lentə alınmış "Qayınana" filmindəki epizodik Əli obrazını. Xatırlayırsınızsa, o, bibisindən aldığı 50 manatı dövriyyəyə buraxmaqla özünə bahalı "Jiquli" maşını almış və borcundan qat-qat artıq qiymətə olan çex xrustalını Cənnət xalaya bağışlaya bilmişdi. Halbuki Əli kinoda avara və səfeh kimi təqdim edilirdi. Şəxsən mənim fikrimcə, avara adam sosializm dövründə qısa müddət ərzində nə maşın ala bilərdi, nə də tapılmayan çex xrustalını. Müasir dövrdə də bu qədər kiçik sərmayə ilə biznesdə uğur qazanmaq hər adamın işi deyil.
Söhbət biznesdən düşmüşkən, 1977-ci ildə çəkilmiş "Qərib cinlər diyarında" kinosunun baş qəhrəmanı olan Qəribin xoş güzəran arzusunda cinlər ölkəsinə səfərindən bəhs edir. Bildiyimiz kimi, o, həmin ölkəyə cinlərin şahı Akşadın şəxsi dəvəti ilə yollanır. Orada hər bir arzusuna nail olur, hətta baş vəzir vəzifəsinədək yüksəlir, ancaq nədənsə ailəsi və gecə-gündüz fəhlə kimi çalışdığı tarlası üçün darıxıb geri qayıdır. Məsələyə müasir dövrün prizmasından yanaşsaq, cinlər ölkəsinin Avropa ölkələrinin biri olduğunu anlaya bilərik. Bir anlıq düşünün ki, sizi bu ölkələrin birinin rəhbəri şəxsən dəvət edir və sizin üçün orada hər cür şərait yaradır. Bu halda bütün ailəni, hətta bütöv kəndin əhalisini də oraya köçürmək daha məqsədəuyğun olardı, nəinki kasıb həyata qayıtmaq. Mənimlə razılaşmayanlar xaricə xoş güzəran arzusu ilə emiqrasiya edən minlərlə insanı yada salsınlar. Digər tərəfdən, öz ölkəsində acından ölməkdənsə xaricdə nüfuz sahibi olmaq, vətəninə kömək etmək daha yaxşı olmazdımı?
Bu yerdə 1967-ci ilin məhsulu olan "Dağlarda döyüş" filmini yada salmaya bilmərəm. Yadınızdadırsa, sərhədçi Fərrux dağda qaçaq adamı izləyərkən təsadüfən atası ilə qarşılaşır. Bu görüşə sevinmək əvəzinə atasını silah gücünə dövlətə təhvil verir. Məlum məsələdir ki, o dövrdə müharibə əsirlərini qeyd-şərtsiz vətən xaini adı ilə güllələyirdilər. Deməli, Fərrux ona həyat vermiş bir atanı öz əlləri ilə ölümə göndərir. İnanın ki, onun özünü də xalq düşməninin oğlu kimi ən azı işdən qovulma və karyerasının sonu gözləyəcəkdi. Halbuki atası həyatını risk altında qoyaraq Almaniyadan yalnız oğlunu görməyə gəlmişdi. O, son görüşdə Fərruxa zəngin olduğunu da söyləmişdi. Bundan başqa, SSRİ-nin antidemokratik bir ölkə olduğunu bildirərək oğlunu öz yanında yaşamağa dəvət etmişdi. Bir anlıq təsəvvür edin ki, Fərrux atası ilə razılaşaraq Almaniyaya köçür. İnanın ki, onda həm onun həyat yolu yaxşılığa doğru dəyişərdi, həm də atası oğluna qovuşardı. Zaman keçdi, zor gücü ilə yaranmış SSRİ imperiyası dağıldı, sərhədlər açıldı, əsarətdə olan Azərbaycan azadlığa qovuşdu. Fərrux kimilər onu görmədilər, görə də bilməzdilər. Analoji vəziyyətlərdə düzgün addım atanlar isə bu gün sayılıb-seçilən diaspora üzvlərimizdir və müstəqil vətənlərinin çiçəklənməsində birbaşa iştirak edə bilirlər.
Bu gün SSRİ-nin qaniçən, işğalçı və riyakar bir imperiya olduğu hər kəsə məlumdur. Heç təsadüfi deyil ki, həmin ölkə qurulan ərəfədə "torpaq kəndlilərə" şüarı altında kəndliləri aldatmışdı. Bu yolla böyük kütlələri öz tərəfinə çəkə bilmişdi. Doğrudur, inqilabın ilk illərində torpaq öz sahiblərinə verildi. Lakin cəmi bir neçə ildən sonra "kolxoz quruculuğu" adı altında hamının torpağı və varidatı əlindən alındı. Hələ üstəlik ortabab kəndlilər sürgün də edildi. Belə bir şəraitdə dövlətə necə inanmaq olardı? Axı heç kəs sabahkı gün onu gözləyəcək sürprizdən xəbərdar olmur? 1971-ci ildə lentə alınmış "Axırıncı aşırım" kinosu da məhz bu mövzudan bəhs edir. Var-yoxu talan edilmiş kəndlilər Kərbəlayının ətrafında birləşərək dağlara çəkilirlər. Torpaqlarını və illərdən bəri qurduqları şəxsi təsərrüfatlarını dövlətə verməkdən boyun qaçıraraq fırıldaqçı dövlətə silahlı müqavimət göstərirlər. Zaman sübut etdi ki, onlar seçimlərində haqlı imişlər. Ən azı ona görə ki, 1937-ci ildə repressiya dalğasının qurbanı olacaqdılar. İnanın ki, Abbasqulu bəy də sağ qalsaydı, bəy nəslindən olduğuna görə sürgünə göndəriləcəkdi. Halbuki o, dövlətin nümayəndəsi qismində Kərbəlayını ziyarətə gəlmişdi və üsyançıları təslim olmağa dəvət etmişdi. Yaşlı nəslin nümayəndələri mənimlə razılaşarlar ki, repressiya illərində qurban gedənlər arasında SSRİ-yə canla-başla xidmət etmiş insanlar da az olmayıb. Göründüyü kimi, 70 il bizi əsarətdə saxlamış bir imperiya haqda xoş sözlər söyləmək qəbahətdir. Deməli, bu imperiyanı qurmaq yolunda atılmış addımlar da yanlış olub.
1970-ci ildə ekranlaşdırılmış "Yeddi oğul istərəm" əsəri bədii və texniki cəhətdən mükəmməl olsa da, mənfi obraz kimi təqdim edilmiş Gəray bəyin mərdliyinə valeh olmaya bilmirəm. O, sonadək düşmənləri ilə kişi kimi üzbəüz vuruşub. Eyni zamanda gözünün ağı-qarası olan bircə qızı Humayı Komsomolla evləndirməyə razılıq verib. Bu zaman Komsomolun qarşısına şərt qoyub ki, gələcək kürəkəni onun qatı düşmənini qətlə yetirsin. Sizcə, bundan başqa o, nə etməli idi? Komsomolu alqışlayası deyildi ki, ona qarşı vuruşan silahlı dəstədə fəaliyyətini davam etdirsin. Digər tərəfdən, komsomol bəy nəslindən idi və onun atası Gəray bəylə yaxın dost olmuşdu. Deməli, həmin gəncin düşmənlərə qoşulması Gəray bəy tərəfindən təbii olaraq səhv addım kimi qiymətləndirilməli idi. Odur ki, bəy komsomola son dəfə imkan yaratdı. O isə razılaşmayaraq gələcək qayınatasının üzünə tüpürdü. Bəy rəsmən təhqir edildi. Qızını istəməyə getdiyiniz kişinin üzünə tüpürməyin nə ilə nəticələnə biləcəyini təxmin etmək elə də çətin deyil. Lakin bəy öz tituluna uyğun olaraq səviyyəsini aşağı salmadı. Əksinə, qarşısındakı düşməninin bəy oğlu olduğunu nəzərə alıb onu ağa-bəy havası altında güllələdi. Müqayisə üçün bildirim ki, Komsomolun aid olduğu dəstənin üzvləri düşmənlərini sorğu-sualsız terror yolu ilə aradan götürürdülər. Mən heç də Gəray bəyin gənc bir oğlanı öldürməsinə bəraət qazandırmaq fikrində deyiləm. Sadəcə, onu nəzərinizə çatdırmaq istəyirəm ki, o və onun kimi bəylər torpaqlarını işğalçılardan azad etmək üçün vuruşurdular. Uzun illər sonra müstəqillik qazanmış dövlətin vətəndaşı kimi onun mübarizəsinə inamla haqq qazandırıram.
Qocayev Natiq (Qocaman)
(Apardığım araşdırmalara görə məni qınamağa və nəticələr çıxarmağa tələsməyin. Bir neçə dəqiqədən sonra mövzunun davamı ilə tanış olacaqsınız. Məhz onda mənim nə demək istədiyimi anlayacaqsınız).